Tarix : 2015 Oct 28
Kod 46716

1 Noyabr, Ayətullah Qazi Təbatəbainin şəhadətinin ildönümüdür

Ayətullah Qazi Təbatəbai İranın ilk mehrab şəhididir

Arannews- 1 Noyabr, Qazi Təbatəbainin şəhadətinin il dönümüdür.

Qazi Təbatəbainin həyatına qısa baxış

Şəhid Ayətullah Seyid Məhəmməd Əli Qazi Təbatəbai Mirza Baqir oğlu, 1915-ci ildə Təbrizdə anadan olub. O ilk dini təhsilini atası və əmisi Ayətullah Mirzə Əsədullahdan alır. 1938-ci ildə şahlıq rejiminə qarşı qiyamda iştirakına görə, Rzaxanın əmri ilə Tehrana sürgün edilir. Bundan sonra atası ilə birlikdə 1 il müddətində Məşhədə sügün edilir və bu müddət ərzində onun evi yerlə-yeksan edilərək xiyabana döndərilir. O böyük şəxsiyyət aylarla vətəndən uzaq düşdükdən sonra yenidən vətəninə dönür.

1940-cı ildə təhsilini davam etdirmək üçün Qum şəhərinə mühacirət edir burada Ayətullah Höccət, Sədr, Bürucerdi, Gülpayaqani, İmam Xomeyni kimi böyük alimlərdən faydalanır. 10 il Qumda böyük alimlərdən dərs aldıqdan sonra öz təhsilini davam etdirmək məqsədilə 1950-ci ildə İraqın Nəcəf şəhərinə gedir və orada Həkim, Əbdül Hüseyn Rəşti, Mirzə Baqir Zəncani, Becnurdi, Əllamə Məhəmməd Hüseyn Kaşifulğita kimi ayətullahların hüzurundan bəhrələnir, Nəcəf Elm Hövzəsinin saf çeşməsindən içərək öz elmi bacarıqları ilə İrana qayıdır və Təbrizdə yaşayır.

İmam Xomeyninin (rh) rəhbərliyi ilə İslam inqilabı başlandıqdan sonra Seyid Məhəmməd Əli Qazi Təbatəbai şah rejiminə qarşı mübarizəyə qoşulur və İmam Xomeyninin təfəkkürünün gerçəkləşməsi üçün fəal inqilabçıya çevrilir. Bu fəaliyyətlərinə görə həbs edilir, Qızılqala həbsxanasında saxlanılır. Daha sona Kerman və Zəncana sürgün edilir.

Şah rejiminin ona verdiyi fiziki və ruhi işgəncələr nəticəsində bərk xəstələnir və 3 ay müddətində xəstəxanada yatır. Xəstəxanadan çıxdıqdan sonra İraqa sürgün edilir. Sürgün müddəti başa çatdıqdan sonra yenə İrana dönür və Təbrizdə yaşayır. O öz mübarizəsindən əl götürmür.

İslam İnqilabının qələbəsindən sonra Ayətullah Qazi Təbatəbai, İmam Xomeyninin Azərbaycan üzrə nümayəndəsi və Təbrizin imam cüməsi olur. İslam İnqilabı yolunda və onun hədəflərinin gerçəkləşməsi üçün xidmətini davam etdirir. 

Şəhid Ayətullah Qazi Təbatəbai 1980-cı ildə Qurban bayramı namazından çıxıb evə qayıdarkən "furqan" terrorçu qruplaşması tərəfindən qətlə yetirilib. O, ilk mehrab şəhidi sayılır. 1 noyabr Ayətullah Qazi Təbatəbainin şəhadətinin ildönümüdür.

 

  • Yazılıb
  • da (də) 2015 Oct 28
  • Göndərən مدير سايت Aran News
Açar sözlər