Azərbaycan Respublikasının hakimiyyəti qanunilik qazanmaq üçün xalqın hərəkət etdiyi yola qatılarsa və həmin xalqın vasitəsilə öz siyasətlərini təsdiqlətdirə bilərsə, Bakının seçkilər keçirməsi və digər siyasətləri qərbin baykotlarına baxmayaraq qanunilik qazanacaq.
AranNews- Bakının Təl-Əvivdən seçkilərin düzgünlüyünü təsdiqləndirmək üçün səhv hesablaması ucbatından ölkə mediası 1 noyabr parlament seçkilərinə sionist rejimin müşahdəçi heyətinin izləyəcəyini böyük iştiyaqla xəbər verdilər və onu şişirdərək mühüm bir xəbər kimi cilvələndirdilər.
Sionist rejimin göndərdiyi nümayəndə heyətinə İsrailin keçmiş xarici işlər naziri, tanınmış siyasətçi Aviqdor Liberman başçılıq edir.
"AZİZ" Azərbaycan- İsrail Dostluq Cəmiyyəti bildirib ki, israilli nümayəndə heyəti 1 noyabr seçkilərini müşahidə etmək üçün 30 oktyabrda Azərbaycana səfər ediblər. Nümayəndə heyətinin tərkibinə İsrailin keçmiş xarici işlər naziri, "İsrail - Bizim evimiz" partiyasının lideri, tanınmış siyasətçi Aviqdor Liberman, keçmiş nazir Sofa Landver, İsrail parlamentinin üzvü Konstantin Razbozov, İsrailin ABŞ-dakı keçmiş səfiri, tanınmış siyasətçi Maykl Oren daxildir. Nümayəndə heyəti 2 noyabrda seçkilər barədə mətbuat konfransında öz fikirlərini bildirəcəklər.
Azərbaycanın Seçki-2015.az saytına açıqlama verən Aviqdor Liberman deyib: "Hazırda bir çox dövlətlər Azərbaycana “başağrısı” yaratmaq niyyətindədirlər. Amma əminəm ki, Azərbaycanın müdrik və uğurlu xarici siyasət xətti buna imkan verməyəcək".
"Azərtac" saytı da A. Libermana istinad edərək yazdı: "Azərbaycan demokratiyanın bariz nümunəsidir".
Halbuki, həm sionist rejim rəsmiləri, həm də Azərbaycan rəsmiləri yaxşı bilirlər ki, sionist rejim nümayəndələrinin Bakı dövlətini tərif və mədh etməkdə ifratı bir növ siyasi istehza hesab olunur. Lakin azəri mediaları sionist rəsmilərinin belə şişirtmə və məsxərəedici sözlərini əks etdirməkdən çəkinmirlər. Çünki ölkənin təbliğat aparatları demokratik təşkilatların və ATƏT-in seçkilərə müşahidəçi göndərmədiyi üzündən yaranmış nöqsan və zəifliyi sionist rejim tərəfindən göndərilmiş müşahidəçilərin tərifi ilə aradan qaldırmağa cəhd edirlər.
Avropa təşkilatlarının, o cümlədən ATƏT və Avropa Şurasının Azərbaycan Respublikasında seçkiləri təndiq, hətta onu baykot etmələri, həmişə Avropa Təşkilatında üzv olmaqla iftixar edən Azərbaycan rəsmilərini də çaşqınlığa saldı.
Bakının fikrincə, sionist rejimi lobbilərinin qərb dünyasında geniş nüfuzu vardır və onların vasitəslə Azərbaycanda keçirilən seçkilərin təsdiq olunması, həqiqətdə qərbin bu seçkiləri təsdiq etməsi mənasınadır. Lakin, deməliyik ki, bu siyasi bir səhvdir. Sionistlərin qərb mediasında geniş nüfuzuna baxmayaraq, qərbin bir çox siyasətçiləri və siyasi dairələri yaxşı bilirlər ki, sionist rejimin özü qeyri-qanuniliyin simvolu, təcavüzçülüyün nümunəsi, domokratiya və insan hüquqlarını ən ciddi pozan bir rejimdir. Ona görə də Bakının keçirdiyi seçkinin qanuni olmasını təsdiq etdirmək üçün sionist rejimə arxalanması bataqlıqda ev tikmək kimidir. Hər bir ölkənin qanunverici məclisin qanuniliyi gərək onun xalqı tərəfindən təsdiq olunsun. Əgər Azərbaycanda düzgün və xalqın səsinə söykənən seçki keçirilsə, nə ATƏT-in ona müşahidəçi göndərməməsi onun qeyri-qanuni olmasına səbəb olar, nə də sionist rejimin müşahidəçilərinin onun qanunilik ölçüsünü artıra bilər.
Azərbaycanın 1 noyabrda keçirdiyi seçkilərin əsas problemi bu seçkilərin bünövrəsinin düzgün olmamasıdır. DEVAMM-ın (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) sədri, İçərişəhər "Cümə" məscdinin imam-camaatı, Hacı İlqar İbrahimoğlunun təbirincə desək, Azərbaycanda demokratiya prosesi ötən illərlə müqayisədə zəifləmişdir. Bir çox siyasi müşahidəçilərin fikrincə, Heydər Əliyevin vəfat etməsindən və İlham Əliyevin atasının varisi kimi Azərbaycanın prezidenti olmasından sonra 1 noyabr seçkiləri siyasi-ictimai partiya və qurumların iştirak etdiyi ən zəif seçkidir. Ölkənin bütün ictimai və islami təşkilatları, o cümlədən Azərbaycan İslam Partiyası, Müsəlman Birliyi Hərəkatı, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi, Milli-Mənəvi Dəyərlər İctimai Birliyi və s. bu seçkiləri baykot etdilər.
Seçkilərin zəifliyini ATƏT-in seçkilərə müşahidəçi göndərməyəcəyini elan etməsi ilə seçkiləri baykot etməsinin təsiri altına düşərək bir sıra qərbyönümlü partiyaların da bu seçkiləri baykot etməsindən irəli gəldiyini təsəvvür etmək yanlışdır. Həqiqət budur ki, Azərbaycan dövlətinin hərəkət etdiyi yol, bu ölkənin müsəlmanlarının hərəkət etdiyi yoldan tamamilə əks istiqamətdə dayanır. Əgər Azərbaycanın müsəlman xalqının Aşura günü və məhərrəmliyin digər günlərindəki toplaşmalarına diqqət edilsə və eyni zamanda Azərbaycanın mədəniyyət siyasətini göstərən televiziya proqramlarına diqqət edilsə, hərəkət ziddiyyəti, dövlətin və xalqın qarşı-qarşıya olan hədəfləri tamamilə aydın görünəcək.
Bakı dövləti qanunilik qazanmaq üçün bu ziddiyyəti aradan qaldırmalı və xalqın hərəkət etdiyi yolda addım atmalı, xalqa qoşulmalıdır. Əgər belə olsa və Azərbaycan xalqı dövlətin siyasətlərinə təsdiq möhürü vursalar, Bakının seçkilər keçirməsi və digər siyasətləri qərbin baykotlarına baxmayaraq qanunilik qazanacaq və qeyri-qanuniliyin simvolu olan bir rejimin onu təsdiq etməsinə ehtiyac olmayacaq. Lakin hazırkı zəiflik davam etdiyi surətdə qərbin Azərbaycana qarşı çoxlu hiylə və kələkləri işə düşəcək. Necə ki, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu qərbin seçkilər ərəfəsində bu ölkədə dövlət çevrilişi planlaşdımasından xəbər verdi və milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsinin alınmasını və bu nazirliyin bir çox əməkdaşının həbs edilməsinin əsas səbəbinin çevriliş planının qarşısının alınması məqsədilə olduğunu bildirdi.
Burhan Hişməti