Azərbaycan Respublikasindaki siyasi azadlıqlar, ifadə və media azadlığı, toplaşma və təşkilatlanma azadlığı sahələrində vəziyyət azad və demokratik seçkilərin keçirilməsinə şərait yaratmır.
Arannews- Azərbaycanda 1 noyabr parlament seçkisini Qərb strukturları içərisində müşahidə edən yeganə missiya – AŞPA müçahidə qrupu nəticələri qiymətləndirmə məsələsində parçalanıb. Missiyanın 3 nəfər üzvü ayrıca bəyanat verərək bu seçkini demokratik saymadıqlarını elan ediblər .
“Biz Azərbaycanda keçirilmiş seçkiləri azad, ədalətli və demokratik adlandıra bilmərik .
Maddi-texniki bazanın mövcudluğuna baxmayaraq. ölkədəki siyasi azadlıqlar, ifadə və media azadlığı, toplaşma və təşkilatlanma azadlığı sahələrində vəziyyət azad və demokratik seçkilərin keçirilməsinə şərait yaratmır .
Bu seçkilərə hazırlıq insan haqları sahəsində vəziyyətin pisləşməsi ilə keçib, halbuki insan haqları azad və ədalətli seçkilər üçün şərarit azad və demokratik seçkilər üçün önəmli ilkin şəraitdir .
Söz və mətbuat azadlığının pozulması uzun müddətdir yerli və beynəlxalq ictimaiyyətin narahatlıq predmetidir, indi isə jurnalistlərin təqibi təmayülü və onların uydurma ittihamlarla həbsi daha da güclənib”, – deyə Almaniyadan olan deputatlar Frank Şvabe, Ute Finkx Kremer və İrlandiyadan olan deputat Maykl Maknamaranın yaydığı bəyanatda bildirilir .
Bəyanat müəllifləri hakimiyyətin vətəndaş cəmiyyətinə, insan haqları ilə məşğul olan QHT-lərə təzyiq göstərdiyini bildirir. Bəyanatda məşhur hüquq müdafiəçiləri Leyla Yunus, Arif Yunus, İntiqam Əliyev, Rəsul Cəfərov və başqalarının qanunsuz həbsi xatırladılır .
AŞPA-nın Müşahidə Missiyasının digər üzvləri isə ümumilikdə seçkini müsbət qiymətləndirsələr də, bəzi problemlərin qaldığını deyiblər. Onlar insan hüquqları sahəsində vəziyyət və hüquq müdafiəçilərinin, digər vətəndaş cəmiyyəti fəallarının həbsxanalarda saxlanılması ilə bağlı narahatlıqlarını bildiriblər.