Tarix : 2015 Nov 03
Kod 46766

Azərbaycan Respublikasinda seçki saxtakarlığına qarşı etiraza qalxdılar

Aksiya iştirakçılarına güc tətbiq olunub.

Arannews- şamaxı sakinləri noyabrın 1-də keçirilmiş parlament seçkilərinin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq, aksiya keçirib. Bu məqsədlə səhər saat 11:45 radələrində Şamaxı rayon məhkəməsinin qarşısında 100 nəfərə yaxın etirazçı toplaşıb. Aksiya iştirakçıları arasında deputatlığa namizədlərdən Vəfalı Fətullayev, Qəhrəman Şəhriyar da olub .

Adıçəkilən namizədlər seçkinin saxtalaşdırıldığını bildiriblər. Onların sözlərinə görə, noyabrın 1-də keçirilən səsvermənin gedişi zamanı müşahidə etdikləri saxtakarlıq faktları ilə əlaqədar gün ərzində bir neçə dəfə Dairə Seçki Komissiyasına müraciət etsələr də, heç bir tədbir görülməyib. Səlahiyyətli şəxslər saxtakarlığın qarşısını almaq üçün heç bir addım atmayıb. Nəticədə saxtakarlıq halları daha da artıb .

Namizədlər deyir ki, Masallı, Abşeron kimi rayonların sakinlərinin gəlib Şamaxıda səs verməsi barədə əllərində çoxsaylı faktlar var. Bundan başqa, orta məktəblərin müəllimləri yuxarı sinif şagirdlərini kütləvi şəkildə məntəqələrə gətiriblər və onlar da başqa adamların adından Elxan Süleymanovun lehinə səs veriblər .

Namizədlər onu da qeyd edir ki, Şamaxıda seçki prosesinə şəxsən rayonun icra başçısı Asif Ağayev və müavinləri müdaxilə ediblər. Kənd və qəsəbələrdə icra nümayəndələri, bələdiyyə üzvləri “karusel” təşkilini həyata keçiriblər .

Şamaxıda əhali demək olar ki, bütünlüklə hazırkı deputat Elxan Süleymanovu boykot edib. Buna baxmayaraq, səsvermə günü idarə və müəssislərədən gətirilmiş işçilər ayrı-ayrı avtomobillərdə məntəqələri gəzdirilərək, Elxan Süleymanovun xeyrinə səs veriblər. Başda rəis Habil Əmiraslanov özü olmaqla, rayon polis şöbəsinin əməkdaşları seçiciləri təhdid edib, onlardan Elxan Süleymanova səs vermək tələb edilib. Seçki məntəqələrində müşahidəçilərə normal müşahidə aparmaq üçün şərait yaradılmayıb, əksinə, onlar məntəqələrdən polis zorakılığı ilə çıxarılıb. Seçki qutularına topa-topa bülletenlər atılıb. Seçkinin sonunda səslərin sayılması prosesinə müşahidəçilər buraxılmayıb”, – deyə namizədlər bildirib .

Şamaxının polis rəisi Habil Əmiraslanovun rəhbərliyi altında polis qüvvələri aksiyanı dağıdıb. Polis rəisi eyni zamanda, ərazidə çəkiliş aparan jurnalistləri həbs etmək göstərişi verib. Polis rəisi “Azadlıq”ın bölgə müxbirinə təzyiq göstərib, onu təhqir edib, vuraraq, kamerasını əlindən salıb .

Polis zorakılığı ilə dağıdılan aksiya iştirakçılarından beş nəfər həbs olunub.

  • Yazılıb
  • da (də) 2015 Nov 03
  • Göndərən مدير سايت Aran News