Təəssüf ki, Azərbaycanda məmurların sahibkarlıqla məşğul olmasını qadağan edən qanunların işlək mexanizmləri yoxdur. Eyni Halda Məmurların sahibkarlıq fəaliyyəti Azərbaycanda rəqabətli mühitin sıradan çıxmasına gətirib, çıxarır.
AranNews- Son günlər sahibkarlığın inkişafı, ölkədə biznes mühitinin yaxşılaşdırılması və mövcud əngəllərin aradan qaldırılmasına dair məsələlər ölkə gündəminin ən prioritet məsələsinə çevrilib. Ölkə başçısının sahibkarlığın inkişafına dair çıxışı, bu sahədəki problemləri dilə gətirməsi diqqəti daha çox bu istiqamətdə yönəldib.
Problemin həllinə dair bəyanatlar verilsə də, iqtisadçılar bunun hələ ki, mümkün olmayacağı qənaətindədirlər. Səbəb isə çox sadədir: “məmur kapitalizmi”...
Ölkədə siyasi hakimiyyətlə biznes mühitinin eyni əldə birləşməsi, məmurların bizneslə məşğul olması və azad rəqabətli mühiti pozması, ölkədə inhisarçılıq yaratması sahibkarlığın inkişafı ilə bağlı səslənən mütərəqqi fikirlərin icrasına da əngəl olur.
Qanunverciliyin icrasına nəzarət edən şəxslərin özlərinin bizneslə məşğul olması həm qanun pozuntularının artmasına, həm də real sahibkarların biznes mühitindən kənarda qalmasına gətirib çıxarır. Ölkədə iqtisadi durumun böhran həddində olduğu zamanda məmur biznesinin aradan qaldırılması və azad rəqabətli bazarın yaradılması problemdən yeganə çıxış yoludur.
Bəs, görəsən məmur kapitalizminin ləğvi üçün hansı addımlar atılmalıdır? Ümumilikdə bu durum ölkə iqtisadiyyatına nə dərəcəd ziyan vurur? Bu məsələnin gündəmə gəlməsi məmur biznesmenlərə qarşı bir savaşın başlaması anlamına gəlirmi?
Milli Məclisinin üzvü Vahid Əhmədov məmurların bizneslə məşğul olmasının ölkə iqtisadiyyatına vurduğu ziyandan danışdı:
“Məmurların sahibkarlıqla məşğul olması qanunverciliklə qadağandır. Heç bir məmur sahibkar ola bilməz. Çünki o, birbaşa qanunların icrasına nəzarət edən şəxsdir. Təəssüf ki, ölkəmizdə belə hallar mövcuddur. Belə halların mövcudluğu da sahibkarlığın inkişafına mane olan amillərdən biridir. Son vaxtlar cənab prezidentin atdığı addımlar, apardığı islahatlar, verdiyi fərmanlar, Milli Məclisin qəbul etdiyi bir sıra qanunlar hamısı sahibkarlığın inkişafı ilə əlaqədardır. Buna baxmayaraq, məmurların bizneslə məşğul olması sahibkarlığın inkişafına əngəl olur. Bunun tədricən qarşısı alınmalıdır ki, sahibkarlar daha sərbəst fəaliyyət göstərə bilsin. Təəssüflər olsun ki, bir çox qanunların , eləcə də məmurların sahibkarlıqla məşğul olmasını qadağan edən qanunların işlək mexanizmi yoxdur. Lakin hər kəs bilir ki, dünyanın heç bir ölkəsində məmur sahibkarlıqla məşğul ola bilməz. Artıq dövlət başçısı bu məsələdə iradəsini ortaya qoyub və bu da öz müsbət nəticəsini göstərəcək. Mənim fikrimcə, ölkədə inhisarçılığın səbəbi də elə məhz məmurların sahibkarlıqla məşğul olması ilə əlaqədardır. Əgər bu aradan qaldırılardsa, biz həm də monopoliyanın aradan qalxmasına nail olarıq ki, bu da bizim üçün çox ciddi məsələdir”.
İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, məmurların sahibkarlıqla məşğul olması ölkədəki inhisarçılıq mühitinin daha da dərinləşməsinə səbəb olur: “Bildiyiniz kimi, məmurların sahibkarlıqla məşğul olması qanunla qadağandır. Azərbaycan müstəqillik əldə edəndən bəri bu qanun qüvvədədir. Lakin qanundan irəli gələn tələblərə əməl olunmur. Hətta bu qanun pozuntularını məmurlar özləri də bəzən etiraf edib.
Məmurların bizneslə məşğul olması ölkədəki inhisarçılıq mühitinin daha da dərinləşməsinə gətirib çıxarıb. Çünki, məmur fəaliyyəti bizneslə birləşəndə ancaq özünə yaxın və özünə aid olan şirkətlərin daha çox vəsait əldə etməsi, bazarda hegemon olması üçün, inhisarçı olması üçün çalışır. Bu da Azərbaycanda rəqabətli mühitin sıradan çıxması ilə nəticələnir. Yəni Azərbaycanda illərdir ki, ən böyük problemlərdən biri rəqabətli mühitin olmaması, inhisarçılığın tüğyan etməsidir. Dövlət başçısı da bunu çıxışlarında deyir. Lakin bununla bağlı əməli addımlar görülmür.
Parlamentdə bir neçə ildir ki, Rəqabət Məcəlləsi müzakirə olunur, lakin qəbul olunmur. Birinci oxunuşdan keçib, ikinci oxunuşa isə heç çıxarılmır da…
“Məmur kapitalizmi”nə qarşı ən yaxşı mübarizə üsulu ədalətli məhkəmə sisteminin bərpa olunmasıdır. İllərdir ki, ölkədə azad və ədalətli məhkəmə yoxdur. Məhkəmə sistemi icra hakimiyyətinin təsiri altındadır”.
İqtisadçı ekspert onu da bildirdi ki, Azərbaycan iqtisadi inkişafını təmin etmək üçün Ümumdünya Ticarət Təşkilatına üzv olmalı və beynəlxalq qanunları tətbiq etməlidir: “Digər bir önəmli məsələ ondan ibarətdir ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istəmir. Bunun özü də məmurların sahibkarlıqla mübarizəsinə qarşı bir amildir. ÜTT-yə üzvlük beynəlxalq standartlara uyğun qaydaların tətbiq olunmasına, gömrük və vergi islahatlarına gətirib çıxardardı. Görünən odur ki, hökumət, məhz bu “məmur kapitalizmi”ndən ciddi gəlir götürən qruplar və şəxslər Azərbaycanın ÜTT-yə üzv olmasını istəmir və illərdir ki, bu prosesi uzadır. Bu deyilən problemlərlə bağlı irəliləyiş əldə olunmasa, “məmur kapitalizmi”ni yox etmək də mümkün olmayacaq. Bu problem hər zaman mətbuatda qabardılır və heç bir irəliləyiş olmadığına görə sonda unudulur. Ona görə də, Azərbaycanın hazırki iqtisadi durumunda bu məsələ təcili həll olunmalı məsələlərdən biridir. Mütləq Rəqabət Məcəlləsi qəbul olunmalıdır. Məhkəmələrin azadlığı təmin olunmalıdır və Azərbaycan ÜTT-yə üzv olmalıdır”.
“Sahibkar məmurlara qarşı qanunvericiliklə mübarizə aparılmalıdır” deyən ekspert tək inzibati yolla da bu məslənin həllinə nail olmağın mümkünsüzlüyünü ifadə etdi: “Buna ciddi siyasi iradə lazımdır. Hökumət bu məsələdə davamlı siyasət yürütməli və bizneslə məşğul olan məmurların qarşısında seçim qoymalıdır. Bunun bir yönü də maliyyə amnistiyasında keçir ki, bu da böyük bir məsələdir. Azərbaycan nə vaxtsa bu addımı atmalı olacaq. Çünki ölkədə həm siyasi, həm iqtisadi vəziyyətin normallaşması, insanların bugünə qədər əldə etdikləri vəsaiti itirməkdən qorxmaması üçün mütləq maliyyə amnistiyası olmalıdır. Ancaq bunun şərtləri və hansı formada olması ciddi müzakirə mövzusudur. Elə etmək lazımdır ki, maliyyə amnistiyası həm dövlət büdcəsinə xeyir gətirsin, həm də məmurların biznes çevrələrindən uzaqlaşması və ya məmur postundan imtina edərək, bizneslə məşğul olması təmin edilsin”.