MTN-də baş verənlərlə bağlı dövlət başçısının sərt çıxışı kimsəyə güzəşt edilməyəcəyi deməkdir; sabiq nazirin həbsi iqtidarda MTN-ə bağlı, eləcə də onunla əks qruplarda yer alanları da hərəkətə keçirəcəyi və nəticədə hakimiyyət daxilində gərginliyin artacağı nəzərə alınaraq ertələnib.
AranNews- Azərbaycan Prezidenti oktyabrın 17-də imzaladığı sərəncamla milli təhlükəsizlik naziri vəzifəsindən azad edilən Eldar Mahmudovun həbsinə hazırlıq gedir.
Bu barədə “Yeni Müsavat”a hüquq-mühafizə orqanlarındakı mənbədən xəbər daxil olub. Qaynağımız iddia edir ki, sabiq nazirin MTN-dəki və digər strukturlardakı ən yaxın adamlarının həbsindən sonra E.Mahmudovla bağlı təkzibolunmaz sübutlar toplanıb. Bu, həm nazirlikdə sahibkarların incidilməsi, həm də gizli dinləmələrlə bağlıdır.
Birinci məsələ ilə bağlı Respublika Prokurorluğunun xüsusi qrupu və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi araşdırma aparır. Gizli dinləmələrlə bağlı isə Xüsusi Dövlət Mühafizə İdarəsi görəvləndirilib ki, bu istintaq demək olar ki, tam məxfi aparılır. İddiaya görə, E.Mahmudova məhz sahibkarlardan qanunsuz xərac toplaması ittihamı veriləcək. Prezidentin şimal-qərb bölgəsinə səfəri zamanı etdiyi çıxış da E.Mahmudovun cəzasız qalmayacağını və ona qarşı da rəsmi ittiham hazırlandığını bir daha sübut etmiş oldu.
Adətən hakim komanda ilə bağlı bu kimi qərarlarını geniş ictimai şərhə çıxarmayan dövlət başçısı İlham Əliyev MTN-də baş verən qanunsuzluqlarla bağlı çox sərt danışıb: “Son vaxtlar sahibkarlarla bağlı faktlar üzə çıxır. Bu, dəhşətli faktlardır. Dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı nə qədər böyük ədalətsizliklər edilib. Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların əmlakı bəzi hallarda əllərindən alınıb”.
Prezident idarəçiliyi dövründə ilk dəfə məmurlar haqda “reketlik” ifadəsini işlədib.
“Sahibkarlardan külli miqdarda rüşvət alınıb, bəzi hallarda reketlik edilib. Ona heç rüşvət də demək olmaz. Rüşvət o vaxt verilir ki, kimsə nə isə etmək istəyir, işi asanlıqla getsin deyə rüşvət verir. Amma bəzi hallarda sadəcə olaraq sahibkarların əlindən əmlak, vəsait alınır, onlara hədə-qorxu gəlirdilər, işgəncələr verirdilər” - deyə, dövlət başçısı bildirib. Bunlar hamısı Azərbaycanın Cinayət Məcəlləsində əks olunmuş konkret maddələr və ittihamlardır.
Dövlət başçısı “reket” dedikdə nəzərdə tutduğu adamın adını dilinə gətirmək istəməsə də, ünvan aydındır. Bu ünvanın prezidentin bir vaxtlar hədsiz güvəndiyi və dövlətin ən mühüm üç strukturundan birini həvalə etdiyi Eldar Mahmudov olduğu aydındır. Dövlət başçısının bu məsələ ilə bağlı dediyi son bir cümlə də diqqət çəkir. “Ədalətli məhkəmə sistemi bu faktlara adekvat qiymət verməlidir” deyə, prezident bildirib. Bu o deməkdir ki, MTN-də baş verənlərlə bağlı kimsəyə güzəşt edilməyəcək, iş məhkəmədə araşdırılacaq və günahkarlar cəzalandırılacaq.
MTN şefinin həbs xəbəri o, işdən çıxarılan gün yayılmışdı. Xəbərdə qeyd olunurdu ki, MTN şefi vəzifə səlahiyyətlərini aşaraq ali rəhbərliyə daxil olan şəxslərin telefon danışıqlarının dinlənilməsini həyata keçirib. Və bu, aşkarlandığına görə də həbs olunub. İnformasiyada həmçinin bildirilirdi ki, Eldar Mahmudovla bərabər MTN-in digər bir qrup generalı da tutulub. Mənbəmizin iddiasına görə, E.Mahmudovun işdən çıxarıldıqdan dərhal sonra saxlanılması xəbərinin yayılması təsadüfi deyil.
Belə ki, onun barəsində siyasi qərar verildikdən sonra saxlanılması da gündəmə gəlib, hətta hakimiyyətə yaxın adamlar tərəfindən təsdiqlənərək yayılıb. Amma E.Mahmudovun həbsinin iqtidarda MTN-ə bağlı, eləcə də onunla əks qruplarda yer alanları da hərəkətə keçirəcəyi və nəticədə hakimiyyət daxilində gərginliyin artacağı nəzərə alınaraq proses tormozlanıb. İddia var ki, E.Mahmudovla konflikti olanlar onun dərhal “zərərsizləşdirilməsinə” tərəfdar olublar. Amma son nəticədə məhz E.Mahmudovun ən yaxın adamlarının nəzarətə alınmasına qərar verilib.
Sabiq nazirin hazırda konkret harada olması haqda dəqiq bilgi əldə etmək mümkün deyil, bilinən odur ki, E.Mahmudov Badamdardakı villasında yaşamır. Qaynağımızın ən sensasion məlumatı budur ki, E.Mahmudov heç bir halda baş verənlərlə bağlı “istintaqa danışmayacağını” deyib.
Yada salaq ki, E.Mahmudovun qudası, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyevin də “kredit işi”nə görə ən yaxın adamları həbsə alınsa da, özü ölkədən çıxmamaq şərti ilə istintaqa cəlb olunub. O, araşdırmanın ilkin mərhələsində məsuliyyəti üzərindən atmağa çalışsa da, oliqarxların həbsindən sonra Beynəlxalq Bank işinə görə faktiki ittiham olunan tərəfdir. Onun bütün növ azadlıqları məhdudlaşdırılıb, ciddi polis nəzarətində saxlanılır.
Həbslərdən söz düşmüşkən, prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun sabiq nazirlə yaxın əlaqələrinin olması haqda yazan media bir neçə gündür ki, israrla onun da başı üzərində “qara buludlar” olduğunu iddia edir.
Bəzi iddialara görə, Ə.Əsədovla E.Mahmudov hər gün kontaktda olublar. Onların Bakının 20-ci sahə massivində yerləşən “Nar Şərab” restoranında tez-tez görüşdükləri deyilir. Artıq qəzetlər yazır ki, Əli Əsədov “MTN işi”nə görə yaxın vaxtlarda həbs oluna bilər.
Prezidentin köməkçisi Əli Əsədov bildirib ki, haqqında deyilənlərin heç bir əsası yoxdur:“Bircə onu deyə bilərəm ki, Eldar Mahmudov dövlətin naziri olub, uzun müddət milli təhlükəsizlik naziri postunu tutub. Artıq o, sabiq nazirdir”.
Onun E.Mahmudovla yaxınlığı barədə mediada hələ nazirin mövqelərinin ən güclü olduğu vaxtdan yazılır. E.Mahmudovun təyinatında Ə.Əsədovun rolu olduğu da yeni söhbət deyil. Ə.Əsədovun dediklərində nə qədər səmimi olduğu ilə işimiz yox. Amma diqqətçəkəndir ki, Ə.Əsədov bu məsələ barədə prezidentin sərt mövqeyindən xəbərdar olsa da, E.Mahmudov haqda danışdığı bir cümlədə üç dəfə nazir ifadəsini işlədib, ittihamlarla bağlı konkret fikir bildirməyib.
Son aylar prezidentin həm müşavirələrdə, həm də ictimaiyyət arasında çıxışlarında komandasına ünvanlı tənqidləri artırması müşahidə olunur. Belə təəssürat yaranır ki, müxalifətin “əridilməsi” fonunda yaranmış tənqid boşluğunu qapatmaq üçün dövlət başçısı öz çıxışları ilə hakim komandanı nəzarətsiz buraxmır.
Bu, çox maraqlı bir detaldır və siyasi texnologiya baxımından Azərbaycan idarəçiliyində yenilikdir. Doğrudur, prezident tənqid etdiyi kimi Azərbaycandakı vəziyyəti narahat Şərq ölkələri, hətta Qərblə müqayisə edib balansı saxlayır da. Son aylar görünən budur ki, ictimai rəyi məhz prezident verdiyi qərarlar və çıxışlarla tam yönləndirir. O, həm qərar verən, həm icrasına nəzarət edən, həm də bu yoldakı əngəlləri açıq ifadələrlə (məsələn, “reket” ifadəsi kimi) tənqid edən yeganə gücdür.