"ABŞ-dan olan həmsədr "siyasi iradə" deyəndə nəyi nəzərdə tutur. Axı işğala məruz qalan tərəf hansı siyasi iradəni göstərməlidir? İşğalla barışmalı, yaxud ərazilərini Ermənistanamı verməlidir? Bu açıqlama onu göstərir ki, ABŞ hələ də işğala məruz qalan Azərbaycanla, işğalçı Ermənistan arasında fərq qoymur".
AranNews - Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vaxtaşırı bəyanatlar verməklə işini bitmiş hesab edən ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri amerikalı həmsədr Ceyms Uorlik çox qəribə fikir səsləndirib. O deyib ki, Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində ədalətli və uzunmüddətli sülhə nail olmaq üçün ən böyük maneə siyasi iradənin çatışmamasıdır.
Məsələ ilə bağlı fikirlərini bölüşən Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli bildirib ki, Azərbaycanın 20 faizədək torpaqları işğal altındadır və təcavüzkar Ermənistan zəbt etdiyi əraziləri boşaltmaq istəmir. Üstəlik çalışır ki, de-fakto nəzarətində olan əraziləri hüquqi baxımdan da özünə birləşdirsin:
"Beynəlxalq qurumlar, o cümlədən ATƏT-in Minsk Qrupu, eləcə də ABŞ Ermənistanı işğalçı elan edib yerində oturtmaqdansa, vəziyyətin mürəkkəbləşməsinə xidmət edən addımlar atır. Belə bir vəziyyətdə, maraqlıdır ki, ABŞ-dan olan həmsədr "siyasi iradə" deyəndə nəyi nəzərdə tutur. Axı işğala məruz qalan tərəf hansı siyasi iradəni göstərməlidir? İşğalla barışmalı, yaxud ərazilərini Ermənistanamı verməlidir? Bu açıqlama onu göstərir ki, ABŞ hələ də işğala məruz qalan Azərbaycanla, işğalçı Ermənistan arasında fərq qoymur".
Mütəllim Rəhimli deyib ki, Azərbaycan hərbi iradə göstərməli və torpaqlarını işğalçılardan azad etməyə başlamalıdır:
"Siyasi iradəni isə beynəlxalq təşkilatlar, ABŞ və Ermənistan nümayiş etdirməlidir".