Tarix : 2015 Nov 14
Kod 46850

Bako Saakyanın digər ölkələrə səfərlərinə imkan verilməsi qəbuledilməzdir

Bu kimi səfərlər qondarma rejimin təşviqinə və Ermənistanın təxribatçılıq məqsədlərinə xidmət edərək münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirir.
Arannews- Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyanın Rusiya Federasiyasına səfərinə münasibət bildirib. 
H. Hacıyev açıqlamasında bildirib: 
“Ermənistan kütləvi informasiya vasitələrinin məlumatına əsasən Moskvada qondarma rejimə həsr olunan “günlər” və ümumerməni fondunun Rusiya üzrə telemarafonu çərçivəsində Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin nümayəndəsi kimi özünü təqdim edən Bako Saakyan adlı şəxs Moskvaya səfər edib. Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi tərəfindən rəsmi kanallar vasitəsilə ilk gündən bu məsələ araşdırılır. Moskva hökuməti səfirliyimizin ilkin müraciətinə cavabında ümumiyyətlə, belə bir səfərdən və tədbirdən xəbərsiz olduğunu bildirib. Xarici İşlər Nazirliyi yalnız Ermənistan KİV-in məlumatı əsasında məsələyə münasibət bildirə bilməz. Bu baxımdan sözügedən səfərin məqsədi və təşkilatçıları rəsmi mənbələr əsasında dəqiq şəkildə müəyyən olunduqdan sonra Azərbaycanın münasibəti diplomatik kanallarla Rusiya tərəfinə çatdırılacaq. Ümumiyyətlə, Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdə yaradılmış qondarma rejimin nümayəndəsi kimi özünü təqdim edən Bako Saakyanın digər ölkələrə səfərlərinə imkan verilməsi qəbuledilməzdir. Bu kimi səfərlər qondarma rejimin təşviqinə və Ermənistanın təxribatçılıq məqsədlərinə xidmət edərək münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirir. Məsələ ilə əlaqədar Azərbaycanın qəti və birmənalı mövqeyi bütün tərəflərə çatdırılır”.      


  • Yazılıb
  • da (də) 2015 Nov 14
  • Göndərən مدير سايت Aran News