Arif Yunusun çıxışında isə heç bir dinə və dindarlara qarşı təhqir yoxdur.
Arannews- Ötən il avqustun 5-dən həbsdə olan tarixçi alim, hüquq müdafiəçisi Arif Yunus, bu ilin 12 noyabr tarixində səhhətindəki problemlərə görə Bakı Apellyasiya Məhkəməsindən azadlığa buraxılıb.Onun barəsində həbs-qətimkan tədbiri dəyişdirilərək, başqa yerə getməmək haqqında qətimkan tədbirilə əvəz olunub.
Lakin Arif Yunus azadlığa çıxar-çıxmaz qalmaqalla üzləşib. Belə ki, onun azadlığa çıxdıqdan sonra jurnalistlərin suallarını cavablandırarkən dindadarlarla bağlı verdiyi cavab ictimaiyyətdə birmənalı qarşılanmayıb. Jurnalistin, “MTN-də sizə işgəncə verilibmi?”- sualına cavab olaraq Arif Yunus deyib: “Bilirsinizmi MTN kimin üçün nisbətən asandır? Dindarlar üçün. Onlar hesab edirlər ki, burada çəkdikləri əzab Allah yolundadır. Axı mən onlar kimi deyiləm… Xüsusən də nəzərə almaq lazımdır ki, mən aliməm, həmişə nəsə yazmalıyam. Yazmayanda mənim üçün çətin olur”.
İctimaiyyətdə bəzi şəxslər onun bu cavabını dindarlara qarşı təhqir kimi qiymətləndiriblər. Hesab edirlər ki, Arif Yunus bu fikri ilə dindarları cahil hesab edib. Bu isə onların təhqir olunması deməkdir.
Arif Yunusun fikirində dindarlara qarşı təhqir varmı?
Məsələ ilə bağlı musavat.com-a danışan “Müsəlman Birliyi” Hərəkatının sədri, Hacı Tale Bağırzadə danışıb. O, Arif Yunusun fikrinin dindarlar üçün təhqir olub-olmamasına aydınlıq gətirib:
“Öncəliklə qeyd edim ki, Arif Yunusun həbsdən azad olunması həqiqətən bizi çox sevindirdi. Ümid edirik ki, yaxın günlərdə Leyla Yunus da həbsdən azad ediləcək. Arif Yunusun sözügedən fikrinə gəlincə, onu deyim ki, türmə həyatı yaşamayan insanlar bunu başqa cür başa düşürlər. Ancaq həqiqət budur ki, çöldə ateist olan insan içəridə ateist kimi qala bilmir. Gərək Allaha inansın, mənəvi hüzur olsun ki, orada qala bilsin. Mənəvi hüzur olmadan adam orada qala bilməz. Dəli olar. Arif Yunusun çıxışında isə heç bir dinə və dindarlara qarşı təhqir yoxdur. O, sadəcə olaraq öz fikrini bəyan edib. Ola bilər ki, həmin ifadə kiməsə nəsə anlaşılmaz gəlib. Ancaq onu deyim ki, Arif Yunus heç zaman dindarları təhqir etməyib, etməz də. Bir daha qeyd edirəm ki, biz, onun həbsdən azad olunmasına sevinirik”.