Arannews- "Azərbaycan müstəqil siyasət həyata keçirir və Avropa tərəfdən göstərilən təzyiq cəhdlərinə müqavimət göstərmək niyyətindədir."
bu sözləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "NewEurope"a müsahibəsində deyib.
"Energetika, rabitə, nəqliyyat sahəsində Avropa ilə yaxşı əməkdaşlığımız var. Amma təəssüf ki, Avropada bəzi qüvvələr Azərbaycana təzyiq göstərməyə, nə etməli olduğunu diktə etməyə cəhd edir", - Ə.Həsənov deyib.
Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqına üzvü olan müxtəlif ölkələrlə yaxşı əlaqələr yaradıb və gələcəkdə də onları davam etdirmək niyyətindədir.
"Bununla bərabər, Avropa Parlamentinin bəzi qüvvələri Azərbaycan üçün qəbuledilməz qaydaların tətbiqi məqsədilə parlament üzvlərinə təzyiq edir. Əlbəttə, müstəqil ölkə kimi bu cür addımlardan razı deyilik, buna qarşı mübarizə aparacağıq. Azərbaycan öz müstəqil siyasətini həyata keçirir və biz hər hansı bir ölkədən asılı olmaq niyyətində deyilik", - Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi vurğulayıb.
Ə.Həsənov qarşı tərəfi qarşılıqlı hörmət əsasında bərabərhüquqlu münasibətlərə çağırıb.
"Biz seçkiləri Avropa qanun və qaydalarına uyğun olaraq keçirdik", - Ə.Həsənov noyabrın 1-də ölkədə keçirilmiş parlament seçkiləri barədə danışarkən deyib.
Prezidentin köməkçisi vurğulayıb ki, təzyiq altında olan Avropanın bəzi təşkilatları Azərbaycandakı seçkilərin monitorinqini keçirməkdən imtina edib: "Lakin Avropa Şurası və Avropa Parlamentinin bəzi üzvləri seçkiləri müşahidə etmək üçün Bakıya gəldi və onlar Azərbaycanda demokratik seçkilərin olduğunu gördü. Düşünürük ki, Azərbaycanda seçkiləri müşahidə etməkdən imtina ikitərəfli münasibətlərin, dostluq və əməkdaşlığın inkişafını dəstəkləmir", - Ə.Həsənov bildirib.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, eləcə də Cənub Qaz Dəhlizi, Trans-Anadolu qaz kəməri (TANAP) və Trans Adriatik Boru Kəməri (TAP) layihələri çərçivəsində mühüm rol oynayır.
Ə.Həsənov, həmçinin Azərbaycanın Avropa ilə Asiya arasındakı nəqliyyat münasibətlərində də vacib rola malik olduğunu bildirib. O, Çinlə Avropa arasında yolun tərkib hissəsi olacaq Qars-Tbilisi-Bakı dəmir yol xəttinin önəmini vurğulayıb.
Eyni zamanda, Ə.Həsənov Avropanın Rusiyadan olan qaz asılılığını azaltmaq məqsədilə Azərbaycana arxalandığını qeyd edib. "Biz düşünmürük ki, rəqibik. Düşünürük ki, bu sahədə həmkarıq. Biz Avropaya alternativ qaz təklif edirik. Bizim öz bazarımız var, Rusiyanın öz", - o deyib.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə danışarkən Prezidentin köməkçisi deyib: "Bu, təkcə Azərbaycan xalqı və Azərbaycan hökuməti üçün problem deyil, bütün dünya üçün təhlükədir. Bu gün Aİ-nin qaçqınlarla bağlı hansı problemləri yaşadığını görürük. Bu kontekstdə Dağlıq Qarabağ məsələsinin də Avropa üçün problem olduğunu düşünürük".
O, yeni münaqişələrin əsas səbəbinin əsasən etnik separatizm olduğunu qeyd edib və fikrini belə tamamlayıb: "Məncə, Aİ və BMT Dağlıq Qarabağ və digər münaqişələrin həllində ciddi addımlar atmalıdır".