Arannews- "Cənubi Qafqaz ölkələri üçün əsas təhlükə İŞİD tərkibində döyüşən vətəndaşlarının geri qayıdışıdır".
bu barədə Rusiya Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqazın öyrənilməsi mərkəzinin eksperti Andrey Areşev deyib.
Onun sözlərinə görə, bölgədə əsas söhbət Azərbaycan və Gürcüstandan gedir: “Gürcüstanın Pankisi dərəsi, həmçinin, Acariya və Kvemo-Kartli bölgələri, Azərbaycanın isə Şimali Qafqazla həmsərhəd olan şimal bölgələrində ekstremist düşüncəlilər var. Hər iki ölkənin hökuməti vəziyyəti nəzarətdə saxlaya bilir. Lakin bu, təhlükənin tam aradan qalxması demək deyil. Çünki heç bir ölkə terrordan sığortalanmayıb. Paris terrorundan sonra ümumiyyətlə terror təhlükəsi Qafqaz bölgəsi üçün də aktuallaşır. Region ölkələri mövcud sabitliyə arxayın olmamalı, təhdidlərə qarşı hər zaman tədbir görülməlidir”.
Ekspert İŞİD-in Paris terrorundan sonra Rusiyanı hədələməsinin də Cənubi Qafqaza təsir edə biləcəyini deyib. Onun sözlərinə görə, bu gün terror qruplaşmasının tərəfdarları Şimali Qafqazda mövcuddur: “Bu, terror təhlükəsini Cənubi Qafqaz üçün hər zaman aktual edir”.