Tarix : 2015 Nov 22
Kod 46925

İrəvan Sərsəng su anbarının Azərbaycanla birgə işlədilməsində maraqlıdır

Ermənistan hakimiyyəti bununla 2 məqsəd güdür.
Arannews- Separatçılar məruzəçini işğal altındakı torpaqlara dəvət etməklə hesabatın yenidən işlənməsinə ümid edirlər.
Bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Ekspertin sözlərinə görə, İrəvanın Sərsəng su anbarı ilə bağlı narahatlığı rəsmi Bakıya əlavə dividentlər qazandırır:
"Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyan “Aravot” qəzetinə müsahibəsində deyib ki, Azərbaycan AŞPA-da Dağlıq Qarabağla bağlı məruzə və qətnamələrin qəbuluna çalışır və bununla ATƏT-in Minsk Qrupu çərçivəsindəki danışıqlar prosesini pozmaq istəyir. Nalbəndyanın narahatlığı aydındır. Noyabrın 23-də Parisdə Sərsəng su anbarı ilə bağlı məruzə səsverməyə çıxarılacaq. Ermənistan məruzəçinin Dağlıq Qarabağa səfərinə imkan verməmişdi. İndi isə məruzənin qəbulunu real sayan İrəvan siyasətini dəyişib. Dağlıq Qarabağın separatçı liderləri AŞPA rəhbərliyinə məktub yazaraq məruzəçini qəbul etməyə hazır olduqlarını bildiriblər".
Ekspertin fikrincə, İrəvan sözügedən su anbarının Azərbaycanla birgə işlədilməsində maraqlıdır:
"Bəs İrəvanın siyasətindəki 180 dərəcə dəyişiklik nə ilə bağlıdır? Ermənistan hakimiyyəti bununla 2 məqsəd güdür. Birinci məqsəd – Sərsəng su anbarı ilə bağlı məruzənin səsverməyə çıxarılmasını təxirə salmaq. Çünki separatçılar məruzəçini işğal altındakı torpaqlara dəvət etməklə hesabatın yenidən işlənməsinə ümid edirlər. Başqa sözlə vaxt udmağa çalışırlar. İrəvanın ikinci məqsədi “Dağlıq Qarabağla Azərbaycan Sənsəng su anbarını birgə işlətsin” şüarını yenidən gündəmə gətirməkdir. Bu şüarı bir ara ATƏT-in Minsk Qrupu həmsədrləri də dilə gətirmişdilər. Onlar bununla bizi separatçılarla əməkdaşlığa sürükləmək istəyirlər. Münaqişə nizamlanmayana qədər bu mümkün deyil və bu barədə həmsədrlərə dəfələrlə bildirilib. Az qaldı, 23 noyabrda bilinəcək ki, AŞPA Komitəsi hansı məntiqə üstünlük verir.
Bu arada Azərbaycan XİN-nin də fəallaşmasına ehtiyac var ".


  • Yazılıb
  • da (də) 2015 Nov 22
  • Göndərən مدير سايت Aran News