Ərbəin, Aşura hərarətini yenidən alovlandırar və İmam Hüseynin (ə) əza atəşini yenidən şölələndirər. Çünki hər fürsətdə İmam Hüseyn (ə) növhəsi oxunur və Həzrətin hərəmini ziyarət etmək vurğulanır.
AranNews- Çox az adam tapılar ki, İmam Hüseynin(ə) qəbrinin ziyarətinin savabının nə qədər çox olduğunu və nə qədər təkid olunduğunu eşitməsin. Amma barmaq sayı adam tapmaq olar ki, İmam Hüseynin(ə) ziyarətinin vacib olduğunu eşitsin. Halbuki bu barədə məzhəbimizin başçısı Hz.İmam Sadiqdən(ə) və başqa imamlarımızdan(ə) hədislər mövcuddur ki, bir neçəsini qeyd edirik:
İmam Sadiq(ə) buyurmuşdur: "Hər kim İmam Hüseynin(ə) qəbrini ziyarət etməmiş ölsə, imanı və dini naqis dünyadan getmiş sayılar. Və əgər Cənnətə daxil olarsa, məqamı ziyarətdə olmuş möminlərdən aşağı olar". Vəsaliuş-Şiə c.14, səh.430
İmam Sadiq(ə) buyurmuşdur: "Hər kim İmam Hüseynin(ə) imamətinə etiqad edirsə, Allah tərəfindən İmam Hüseynin(ə) ziyarəti ona vacib edilmişdir". İrşadul-Müfid c.2, səh.133
İmam Sadiq(Ə) buyurmuşdur: "Əgər sizlərdən biriniz ömrünüz boyu Həcc yerinə yetirsəniz amma İmam Hüseyni(ə) ziyarət etməsəniz bilin ki, Hz.Rəsuləllahən(s) haqqını ödəməmisiniz. Çünki Allah-Təala hər bir müsəlmana İmam Hüseyni(ə) ziyarət etməyi vacib buyurmuşdur. Təhzibul-Əhkam c.6, səh.42
İmam Sadiq(ə) Ummu Səidə buyurmuşdur: "Ummu Səid! İmama Hüseynin(ə) hərəmini ziyarət et. Çünki Allah-təala onun ziyarətini hər bir müsəlman kişi və qadına vacib etmişdir". Vəsailuş-Şiə c.14, səh.347
İmam Sadiq(ə) buyurmuşdur: "Müsəlmana yaraşmaz ki, dörd ildən bir İmam Hüseynin(ə) ziyarətinə getməsin". Vəsaliuş-Şiə c.14, səh.53
İmam Sadiq(ə) buyurmuşdur: "Elə bir adam yoxdur ki, Qiyamət günü deməsin ki, kaş İmam Hüseynin(ə) zəvvarlarından olardım. Çünki görəcək ki, Allah-Təala İmam Hüseynin(ə) zəvvarlarına hansı kəramətləri əta edir". Kamiluz-ziyarət səh.135
İmam Sadiq(ə) buyurmuşdur: "İmkanlılar ildə iki dəfə, fəqirlər isə bir dəfə İmam Hüseyni(ə) ziyarət etməlidirlər". Təhzibul-Əhkam səh.143
İmam Sadiq(ə) buyurmuşdur: "Hər kim istəyirsə, Cənnətdə Hz.Rəsuləllahın(s), Hz.Əlinin(ə) və Hz.Fatimənin(s.ə) qonşusu olsun, gərək İmam Hüseyni(ə) ziyaraət etsin". Kamiluz-ziyarət səh.137
İmam Baqir(ə) buyurmuşdur: "Şiələrə İmam Hüseynin(ə) qəbrini ziyarət etməyi əmr edin. Çünki hər mömin ki, İmam Hüseynin(ə) imamətinə etiqad bəsləyir İmam Hüseyni(ə) ziyarət etmək Allah tərəfindən ona vacib edilmişdir". Kamiluz-ziyarət səh.121
İmam Sadiq(ə) yaxud İmam Baqir(ə) buyurmuşdur: "Ey Zürarə! Elə bir möminə qadın yoxdur ki, İmam Hüseyni(ə) ziyarət edəndə Xanım Zəhra(s.ə) onunla olmasın". Nəvadir Əli ibn Əsbat səh.123
İmam Sadiq(ə) buyurmuşdur: "Özünü bizim şiə adlandıran şəxs İmam Hüseyni(ə) ziyarət etməmiş dünyadan köçərsə, bizim şiə sayılmaz. Cənnət əhli də olsa əgər yalnız Cənnətdə qonaq hesab olunar". Kamiluz-ziyarət səh.193
İmam Sadiq(ə) buyurmuşdur(ə): "Sizdən biriniz min dəfə Həccə getsə belə amma İmam Hüseyni(ə) ziyarət etməsə, bilsin ki, Allah-Təalanın haqqını əda etməmişdir". Kamiluz-Ziyarət səh.193
Allah-Təala arzusunda olanların hamısına Hz.İmam Hüseynin(ə) ziyarətini nəsib etsin!