Azərbaycan xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri bildirib ki, Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfər edən alman jurnalistin adı qara siyahıya salınacaq.
AranNews- Hikmət Hacıyevin bildirdiyinə görə, yazıdan göründüyü kimi səfər Gebeko adlanan turizm şirkəti tərəfindən təşkil edilib və maliyyələşdirilib.
Almaniyanın "Die Welt" qəzetində jurnalist Von Elin Enrenreyx tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz və Sifarişlə həyata keçirilən bu səfərdən hər hansı peşəkar və obyektiv jurnalist qənaəti gözləmək qeyri-mümkündür. Media etikasından kənar şəkildə jurnalist Ermənistanın təbliğatının təsiri altında Azərbaycana qarşı törədilmiş işğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimi təşviq edir. Obyektiv media prinsiplərinə xidmət edən jurnalist işğala məruz qalmış Azərbaycanın və haqqında bəhs etdiyi Şuşa və Xankəndi şəhərlərindən qovulmuş azərbaycanlı məcburi köçkünlərin də mövqeyini əks etdirməli idi" - deyə H.Hacıyev bildirib.
Onun sözlərinə görə, jurnalistin erməni təbliğat maşınının təsiri ilə münaqişəyə dini don geyindirmək cəhdi hər hansı tənqidə dözmür.
"Münaqişədə siyasi və hüquqi əsaslardan məhrum olan Ermənistan indi də din pərdəsi altında öz işğal və təcavüzünə "bəraət" qazandırmağa çalışır. Hamıya bəllidir ki, münaqişənin səbəbi Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və törətdiyi işğal və təcavüzdür. Azərbaycanın multikulturalizm ənənələri, pravoslav, katolik və yəhudi dini icmalarına göstərilən qayğı, eləcə də qonşu Gürcüstan ilə xalqlarımızın çoxəsrlik dostluğuna əsaslanan strateji tərəfdaşlıq münasibətləri nümunəvi xarakter daşıyır.
Bu jurnalistin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcəkdir. Almaniyadakı səfirliyimiz tərəfindən də Die Welt-in redaksiyasına narazılığımız çatdırılacaq və müvafiq olaraq Gebeko şirkəti tərəfindən ölkəmizin işğal olunmuş ərazilərinə qanunsuz səfərlərin təşkil edilməsi araşdırılacaqdır" - deyə XİN rəsmisi bəyan edib.