Akif Nağı: Ermənistanın terrorçu mahiyyətinin dünyaya nümayiş etdirilməsi üçün 20 Noyabr tarixinin “Terror qurbanları günü” kimi qeyd olunması vacibdir.
AranNews- Qarabağ Azdlıq Təşkilatının üzvləri Fəxri Xiyabanda 20 Noyabr Terroru qurbanlarının məzarlarını ziyarət edib, məzarlarının üzərinə gül qoyub, ruhlarına dualar oxuyublar.
QAT sədri Akif Nağı ziyarətin sonunda bildirib: “Biz bir neçə dəfə 20 Noyabr tarixinin “Terror qurbanları günü” kimi qeyd olunması təklifi ilə Milli Məclisə müraciət etmişik. Bu gün bir daha yeni seçilmiş parlamentə müraciət edirik ki, bu məsələ ilə bağlı qanun qəbul etsinlər. Bu, həm onların xatirəsinin əbədiləşdirilməsi, eyni zamanda Ermənistanın terrorçu mahiyyətinin dünyaya nümayiş etdirilməsi üçün vacibdir. Həmçinin hesab edirik ki, erməni terrorunun qurbanı olan bu şəxslərə şəhid statusu verilməlidir.”
Qeyd edək ki, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Ermənistan Silahlı Qüvvələrinin atəşə tutması nəticəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu helikopter qəzaya uğrayıb. Nəticədə helikopterdə olan 22 nəfərin hamısı həlak olub.
Faciədə, Azərbaycanın dövlət və hökumət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər, həlak olublar.