İŞİD-i bombalayan Rusiyaya məxsus Su-24 döyüş təyyarəsinin Türkiyə-Suriya sərhədində vurulması Ankara ilə Moskva arasında gərginliyə səbəb olub.
AranNews- Kremlin mətbuat katibi, Dmitri Peskovdan verilən məlumatda bildirilir ki, təyyarənin Suriya sərhəddindən kənara çıxmadığına şübhəmiz yoxdur. Güman edirik ki, təyyarə 6 min metr yüksəklikdə olarkən yerdən hədəf alınıb.
Türkiyədən gələn rəsmi açıqlamada isə bildirilib ki, biz təyyarəni vuran zaman onun kimə aid olduğunu bilməmişik.
Rusiya prezidenti, Vladimir Putin, təyyarənin Suriya ərazisində vurulduğu haqda deyib: “Rusiya bu cür özbaşınalığa dözə bilməz. Biz bu gün belə cinayətlərin törədilməsinə dözə bilmərik. Rusiya təyyarəsinin vurulması - terrorçuların əlaltılarının kürəyimizə arxadan vurduğu zərbədir”.
Rusiya prezidenti Türkiyəni İŞİD-in neft biznesinə şərik olmaqda günahlandırıb: “Biz uzun müddətdir ki, İŞİD-ə məxsus neft daşıyan maşınların Türkiyə ərazisində konkret məntəqələrdə toplandığını görürük. Bundan başqa, Türkiyə terrorçuların maliyyələşdirilməsi üçün əsas məntəqələrdən biridir”.
“Kommersant” qəzeti bu haqda dövlət strukturlarındakı yüksək vəzifəli mənbəyə istinadən yayıb: Ankaraya qarşı qərar sərt olacaq və Rusiya-Türkiyə münasibətlərinə çox sahədə ciddi təsir göstərəcək. Onun sözlərinə görə, “Qazprom” da “Türk axını” qaz kəməri layihəsinin reallaşdırılmasının davam etdirilib-etdirilməməsinin məqsədəuyğun olub-olmadığını dəyərləndirəcək.
Bundan əlavə, iki ölkə arasındakı nəhəng energetika layihəsi – “Rosatom”un Türkiyədə Atom Elektrik Stansiyasını tikməsindən də imtina edilə bilər. Bu layihənin dəyəri 22 milyard dollardır.
“Kommersant” qeyd edir ki, Türkiyə də bunun qarşılığında Rusiya gəmilərinin Bosfor və Dardanel boğazlarından keçidini məhdudlaşdıra bilər. Bu da Suriyada Hmeymim aviasiya bazasının təchizat üçün problemin ortaya çıxması deməkdir.