Türkiyə hərbi təyyarələri tərəfindən vurulan Rusiyaya məxsus “Su-24” hərbi təyyarəsinin katapult edən pilotlarından birinin öldüyü və digərinin isə sağ qaldığı xəbəri yayılıb.
AranNews- katapult edən pilotlardan birinin yerə düşərkən öldüyü, digərinin isə sağ qaldığı və türkmənlərin əlində olduğu bildirilir. Ölən pilotun fotosu da yayılıb.
Hazırda Rusiyaya məxsus 2 helikopter pilotları axtarır, lakin silahlı türkmənlər helikopterlərin yerə enməsinə imkan vermir. Təyyarənin vurulmasından 20-25 dəqiqə sonra türkmənlərin mövqeləri güclü atəşə məruz qalıb.
Türkiyə Hərbi-Hava Qüvvələri tərəfindən vurulan Rusiyaya məxsus “Su-24” təyyarəsinin ikinci pilotu suriyalı hərbçilər tərəfindən təxliyə olunub.
Məlumatda qeyd olunur ki, pilotla əlaqə altı saat davam edən axtarışdan sonra bərpa olunub. Suriya ordusunun xüsusi təyinatlıları rusiyalı pilotu silahlıların nəzarəti altında olan ərazidən iki saata çıxara bilib.
Hazırda pilotun Rusiyanın Xmeymim aviabazasında təhlükəsiz şəraitdə olduğu qeyd edilir.
Məlumat hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.
Vurulan Rusiya təyyarəsinin yerdə partlaması nəticəsində 2 Türkiyə vətəndaşı yaralanıb. Onlar Türkiyənin Suriya ilə həmsərhəd Hatay vilayətinin Yayladağ rayonunun Dutlubahçe kəndinin sakinləridir. Yaralılardan birinin xəstəxanaya aparılaraq əməliyyat edildiyi, digərinin vəziyyətinin isə qənaətbəxş olduğu xəbər verilib.