İran prezidenti: Görün regionda intizamsızlıq hara çatıb ki, kim göydə nə istəyir onu edir.
AranNews- İran prezidenti, Həsən Ruhani, Rusiya təyyarəsinin Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulması barədə danışıb.
Baş verən hadisəni olduqca təhlükəli adlandıran İran prezidenti bildirib ki, “bü günə əlimizdə olan informasiyalara görə, adıçəkilən təyyarə Suriya ərazisində əməliyyat keçirərkən hücuma məruz qalıb. Raket və təyyarə oyuncaq deyil ki, kimsə havada atəş açmağa qərar versin. Görün regionda intizamsızlıq tədricən hara çatıb ki, kim göydə nə istəyir onu da edir. Bu kimi hallar olduqca təhlükəlidir. Bu kimi təhrikedici addımlar və onun nəticələri hüquqi baxımdan işi başlayan tərəfin boynuna düşür. Odur ki, bütün ölkələr diqqətli olmalıdırlar. Biz qonşu və dost Türkiyədən istəyirik ki, belə bir həssas dönəmdə atılacaq addımlara ciddiyyətlə yanaşsınlar. Rusiya və Türkiyə hər ikisi İranın qonşusu və dostudurlar. Bizim üçün qonşuların əlaqələrinin səmimi olması çox önəmlidir. Buna görə də heç zaman qonşularımızın arasında ixtilaf düşməsini istəmirik. Baş verən hadisə əslində terrorçu qüvvələrə ruh yüksəkliyi oldu".