Görünür daha bir dəfə xalqı yaranan şəraitə etiraz etmək üçün toplanmağa vadar edənlər bu dəfə yeni görüntülər əldə edib başladıqları senarinin daha ciddi bir məsələ olduğunu kimlərəsə sübut etmək fikrindədirlər.
Arannews- Sərdar Hacıhəsənli Nardaran hadisələrinə münasibət bildirib.
S.Hacıhəsənli öz münasibətində bildirmişdir:
"Bismillahir-rəhmanir-rəhim
Çox dəyərli Azərbaycan xalqı! Təbii ki, son günlər ölkəmizdə cərəyan edən hadisələrdən xəbərdarsız. Nardaranda baş verən hadisələr və hadisələrin xalqa təqdimat forması olduqca təssüfedici və ürək ağrıdıcıdır. Təssüf edəcəyimiz məsələ heç kimə lazım olmayan senarinin süni şəkildə işlənilməsi , heç bir əsası olmayan məsələnin şişirdilməsi və cəmiyyətə ölkədə böyük təhlükə mövcudluğunun sırınmasıdır. Hadisənin ürək ağrıdan tərəfi isə ,əməliyyatın tam naşılıqla həyata keçirilməsi yaxud kimlərinsə xüsusi məqsədinə xidmət etməsinin mümkünlüyüdür. Azərbaycanda heç vaxt din təhlükə mənbəyi olmamışdır və bu gündə reallıqda belə bir təhlükə yoxdur. Amma görünür bu gün "qaşınmayan yerdən qan çıxartmaq" kimlərəsə hava və su kimi lazımdır. Mən məsələnin təfərrüatından tam xəbərdar olmasamda, hər bir vətəndaşa yaranan suallar mənim üçün də sual olaraq qalır. Təbii ki, bu sualların cavabın tapmaq üçün istintaqın obyektivliyinə ehtiyac duyulur.
- Sözü gedən məsələ və yaşanan olay doğurdanda dediyiniz qədər ciddi bir təhlükə idimi?
- Hadisələrdə aparıcı şəxs kimi göstərdiyiniz Tale Bağırov həbsdən azad olduğu 4 ay müddətində doğurdanda KİV-lərin vasitəsi ilə xalqa təqdim etdiyiniz qədər təhlükə mənbəyinə çevrilməyi bacarmışdımı?
- Tale Bağırovun həbs edilməsi ölkədə mövcud olan yollarla - bölməyə çağırış və ittiham irəli sürmə əsasında - saxlanılması mümkin deyildimi? Onun doğma qardaşı polis əməkdaşıdır, görəsən qardaşının vasitəsi ilə onu polis bölməsinə çağrılmasını mümkinsiz edən səbəb nədir? Bildiyimiz qədər O, Yasamal polis idarəsinə məhz elə bu yolla dəvət edilmiş və sərbəst buraxılmışdır.
-Sözü gedən hadisədə can təlafatı olmadan məsələnin həllinə çatmaq üçün bütün yollar bağlanmışdırmı? Məsələn, Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) rəhbərliyi ya səlahiyyətli nümayəndələrinin həbs olunan şəxslərin istintaqa təslim olması üçün vasitəçiliyi daha uyğun seçim olmazdımı? QMİ-nin ölkədə baş verən dini zəmində vətəndaşlarla maarifçilik , din və dövlət arasında vasitəçilik qüdrəti yoxdursa, bu qurumun mövcudiyyəti nəyə xidmət edir? Habelə bu gün məhkəmədə obyektiv şəkildə məsələnin mahiyyəti aydınlaşmadan xidmətə götürülmüş "din xadimləri" hadisə yaranmadan şübhəli bilinənləri təslim olmağa dəvət etsəydilər daha Allah bəyənən olmazdımı?
-Bildiyiniz kimi Nardaran kəndi böyük-kiçik tanıyan, ağsaqqal sözü ilə oturub-duran bir kənddir. Belə olduqda sözü gedən insanların dinc yolla istintaqa cəlb olunması üçün ağsaqqallarla danışqlar aparmaq faydalı olmazdımı? Yoxsa qan tökmək zərurəti var idi?
- Eyni halda hadisədən sonra kənd əhalisinə təzyiqlərin artırılması, o cümlədən su,qaz,işıq və yanacaq təminatının kəsilməsi, 9 mindən artıq əhalisi qocası,uşağı, körpəsi olan kənd sakinləri, elan edilmiş bir müharibəyə bənzəmirmi? Görünür daha bir dəfə xalqı yaranan şəraitə etiraz etmək üçün toplanmağa vadar edənlər bu dəfə yeni görüntülər əldə edib başladıqları senarinin daha ciddi bir məsələ olduğunu kimlərəsə sübut etmək fikrindədirlər. Burası məkirli oyuna xidmət etmirmi? Ümidvarıq ki, haçansa sözü gedən məsələ xalqımıza tam təfərrüatı ilə aydınlaşacaq.
Bütün bunları nəzərə alaraq Azərbaycan insanının ölümünə acıyır , mərhumların ailəsinə Allahdan səbir diləyirəm."