Tarix : 2015 Nov 30
Kod 47043

İnqilab Rəhbərinin Qərb gənclərinə məktubu

Mən inanıram ki, təkcə siz gənclər bugünkü fəlakətlərdən dər alaraq gələcək üçün yeni yollar sala , və Qərbi indiki nöqtəyə çatdıran yolsuzluqdan xilas edə bilərsiniz.
Arannews- İslam İnqilabının Böyük Rəhbəri Fransada baş vermiş terror hadisələrinin ardınca Qərb gənclərinə xitabən bir məktub ünvanlayıblar.
Məktubda deyilir:

Bağışlayan və mehriban Allahın adı ilə
Qərb ölkələrindəki bütün gənclərin diqqətinə!
"Fransadakı kor terrorizmin törətdiyi acı hadisələr bir daha məni sizlərlə danışmağa vadar etdi. Mənin üçün təəssüfləndirici haldır ki, o hadisələr dialoqun kontekstini təşkil edir. ancaq reallıq budur ki, əgər kədər doğuran məsələlər çıxış yolunu tapmağa şərait yaratmazsa və fikir mübadiləsinə vasitə olmazsa, xəsarət ikiqat olacaqdır. Dünyanın hər bir nöqtəsində hər hansı bir insanın ağrısı öz-özlüyündə bəşər övladı üçün kədərləndiricidir. Əzizlərinin gözləri önündə can verən uşağın, ailəsinin şadlığı yasa dönən ananın, tələsik halda həyat yoldaşının cansız bədənini bir tərəfə sürüyən kişinin əhvalatını görmək asan deyil və ya bir az sonra həyat tamaşasının son pərdəsinə çevrilə bilən mənzərəyə tamaşa etmək elə bir mənzərə deyil ki, insanın hisslərini oyatmasın və onun duyğularına təsir etməsin. İnsaniyyətdən və məhəbbətdən xəbəri olan hər bir kəs bu səhnələri görəndə kədərlənir və qəmgin olur, istər Fransada baş versin, istərsə də Fələstində, Iraqda, Livanda və Suriyada. Bir milyard yarım müsəlman qətiyyən bu hissiyyata malikdir. Və bu faciələrin amillərinə və baiskarlarına nifrət edir. Amma məsələ budur ki, bugünkü əzablar yaxşı və etibarlı gələcəyin təməlini qoymayacaqsa, yalnız acı və səmərəsiz xatirələr səviyyəsinə enəcəkdir. Mən inanıram ki, təkcə siz gənclər bugünkü fəlakətlərdən dərs alaraq gələcək üçün yeni yollar sala , və Qərbi indiki nöqtəyə çatdıran yolsuzluqdan xilas edə bilərsiniz. 
Doğrudur, bu gün terrorizm bizim və sinin ortaq dərdimizdir, amma bilməyiniz gərəkdir ki, son hadisələrdə təcrübə etdiyiniz təhlükə və iztirabın İraq, Yəmən, Suriya və Əfqanıstan xalqlarının ötən illərdə üzləşdikləri əzab-əziyyətlərlə iki əsas fərqi vardır. Birincisi İslam Dünyası daha geniş miqyasda, kütləvi şəkildə və çox uzun müddətdir dəhşətlər və zorakılığın qurbanıdır. İkincisi, təəssüflə bu zorakılıqlar adətən müxtəlif formalarda və effektiv olaraq bəzi böyük güclər tərəfindən himayə olunub. Hazırda çox az adam tapmaq olar ki, Amerika Birləşmiş Ştatlarının Əl-Qaidə, Taliban və onların məşum uzantılarını necə yaratması, gücləndirməsi və silahlandırmasından xəbərsiz olsun. Bu bilavasitə himayənin kənarında təkfirçi terrorizmin tanınmış və aşkar hamiləri ən geridə qalmış siyasi sistemə malik olduqları halda həmişə Qərbin müttəfiqləri sırasında yer tutmuşlar. Bu elə bir haldadır ki, regionda əsil demokratiyadan qaynaqlanan ən mütərəqqi və parlaq düşüncələr qəddarlıqla repressiyaya məruz qalıbdır. Qərbin İslam Dünyasındakı oyanış hərəkatına ikili yanaşması onun siyasətlərindəki paradoksun bariz nümunəsidir. 
Bu paradoksun digər variantı İsrailin dövlət terrorizmini dəstəkləməkdə özünü büruzə verir. Fələstinin məzlum xalqı 60 ildən çoxdur ki, terrorizmin ən pis növünü təcrübə edir. Əgər Avropa xalqı hazırda bir-neçə günlük öz evlərinə sığınır və izdihamlı yerlərə, mərkəzlərə getməkdən çəkinirsə, fələstinli ailə onlarla ildir ki, öz evində belə sionist rejimin qırğın və dağıtma maşınından amanda deyildir. Bu gün hansı növ zorakılığı rəhmsizliyin şiddəti baxımından sionist rejimin qəsəbəsalma hərəkəti ilə müqayisə etmək olar? Bu rejim heç zaman nüfuzlu müttəfiqlərinin və ya ən azı zahirən müstəqil beynəlxalq təşkilatların ciddi qınağına tuş gəlmədən hər gün fələstinlilərin evini viran edir, bağlarını və əkin sahələrini dağıdır. Sakinlərinə hətta fürsət vermir ki, məişət əşyalarını başqa yerə köçürsünlər və ya əkin məhsullarını yığsınlar. Bütün bunlar daha çox ailə üzvlərinin döyülməsini , yaralanmasını və bəzən də qorxunc işgəncə mərkəzlərinə aparıldığını müşahidə edən qadınlar və uşaqların ağlar və şok hala düşmüş gözləri önündə baş verir. Müasir dünyada bu həcmdə , belə geniş və uzun sürən başqa bir rəhmsizliyi tanıyırsınızmı? Küçənin ortasında təpədən dırnağadək silahlanmış əsgərə etiraz etdiyinə xatir hansısa bir qadının gülləbaran edilməsi terrorizm deyil bəs nədir? Bu barbarlıq əgər işğalçı bir dövlətin hərbi qüvvəsi tərəfindən törədilirsə, onu ifratçılıq adlandırmaq olmaz? Bəlkə də 60 ildir televiziya ekranlarında təkrar gördüyümüz bu kadrlar adiləşib və artıq vicdanımızı təhrik etməməlidirmi?
Son illər İslam Dünyasında ağır insan tələfatı ilə nəticələnən hərbi müdaxilələr Qərbin ziddiyyətli məntiqinin digər bir nümunəsidir. Hücuma məruz qalan ölkələr insani xəsarətlərdən əlavə iqtisadi infrastrukturlarını və sənayelərini əldən vermişlər, onların tərəqqiyyata və inkişafa doğru hərəkəti ya dayanıb ya da yavaşıyıbdır. Bəzi sahələrdə onlarla il geriyə qayıtmışlar. Bununla belə tam həyasızlıqla onlardan istənilir ki, özlərini məzlum saymasınlar. Məgər olar ki, bir ölkəni viranəliyə çevirəsən, şəhərini və kəndini şoxumlayasan , sonra da onlardan istəyəsən ki, lütfən özünüzü məzlum hesab etməyin! Dərk etməməyə və ya faciələri unutmağa dəvət etmək yerinə sədaqətlə üzrxahlıq yaxşı olmazmı? Bu illərdə İslam Dünyasının hücumçulardan gördüyü ikiüzlülük və saxtakarlıq maddi xəsarətlərdən az deyil. 
Əziz gənclər! Mən ümid edirəm ki, sizlər indi və ya gələcəkdə riyakarlığa qarışmış bu zehniyyəti dəyişəsiniz. Həmin zehniyyət ki, hünəri uzaq hədəfləri gizlətmək və zərərverici qərəzləri ört-basır etməkdir. Mənim fikrimcə təhlükəsizliyin və sakitliyin yaranmasında birinci mərhələ zorakılığı körükləyən bu düşüncədir. Qərbin siyasətlərinə ikili standartların hakim kəsildiyi zamanadək və terrorizm onun qüdrətli hamilərinin gözündə yaxşı və pis kateqoriyaya bölündüyü günədək və həmçinin dövlətlərin maraqları insani və əxlaqi dəyərlərdən üstün tutulan günədək zorakılığın kökünü başqa yerdə axtarmaq düzgün deyil. 
Təəssüflə bu köklər uzun zaman kəsiyində tədricən Qərbin mədəni siyasətlərinin iliyinə qədər işləyib, yumşaq və sönük bir hücuma zəmin yaradıb. Dünya ölkələrinin çoxu öz milli və yerli mədəniyyətləri ilə fəxr edir. Bu həmin mədəniyyətlərdir ki, öz yüksəlişi sayəsində bəşər toplumunu yüzlərlə il qidalandırıb. İslam dini də bu xüsusda oxşar funksiyaya malik olub. Amma müasir dövrdə Qərb dünyası modern vasitələrdən bəhrələnərək dünya mədəniyyətinin eyniləşdirilməsində israr edir. Mən Qərb mədəniyyətinin sair millətlərə qəbul etdirilməsini və müstəqil mədəniyyətlərin aşağılanmasını sönük lakin olduqca ziyanlı bir zorakılıq hesab edirəm. Zəngin mədəniyyətlərin təhqir olunması və onların ən möhtərəm hissələrinə hörmətsizlik elə bir şəraitdə cərəyan edir ki, alternativ mədəniyyət heç bir vəchlə qavranma potensialına malik deyil. Məsələn “aqressiv davranış” və “əxlaqsızlıq” ünsürləri təəssüflə Qərb mədəniyyətinin əsas faktorlarına çevrilib və bu mədəniyyətin məqbulluğu hətta yarandığı məkanda sual altındadır. İndi məntiqlə , əgər biz bu savaşqan , bayağı və laqeyd mədəniyyəti istəməsək, günahkarıqmı? Əgər gənclərimizə tərəf sel kimi yağan bu dırnaqarası sənət məhsullarını dəf ediriksə, müqəssirikmi? Mən mədəni bağlılıqların əhəmiyyətini və dəyərini inkar etmirəm. Bu əlaqələr təbii şəraitdə və onları qəbul edən cəmiyyətə hörmət əsasında olubsa, özü ilə zənginlik, dirçəliş və inkişaf ərməğan gətirib. Bunun müqabilində uyuşmaz və zorla qəbul etdirilmiş əlaqələr uğursuz və ziyanlı olublar. Tam təəssüf hissi ilə deyirəm ki, İŞİD kimi alçaq qruplar idxal olunmuş mədəniyyətlərlə bu kimi uğursuz cütləşmənin məhsuludur. Əgər problem əqidə və inancda idisə, müstəmləkəçilik dövründən qabaq da İslam Dünyasında belə fenomenlərə rast gəlməli idik. Halbuki tarix bunun əksini göstərir. Qəti tarixi faktlar aydıncasına sübut edir ki, müstəmləkəçilərin bədəvi bir qəbilədə yayılmış ifratçı təfəkkürlə uzlaşması bu regionda ekstremizmin toxumunu əkdi. Əks təqdirdə necə ola bilər ki, bir insanın canına qıymağı bütün bəşəriyyətin məhvinə bərabər sayan ən humanist və əxlaq normalarına tövsiyə edən bir dini məktəbin içindən İŞİD kimi zir-zibil çıxsın?
Digər tərəfdən soruşmaq lazımdır; niyə Avropada doğulmuş və həmin mühitdə tərbiyə almış şəxslər bu kimi qruplara cəzb olurlar? İnanmaq olarmı ki, insanlar döyüş zonalarına bir-iki səfərlə birdən birə o dərəcədə ifratçı olsunlar ki, öz həmvətənlərini gülləbaran etsinlər? Qətiyyən zorakılıq aşılayan zəhərli mühitdə bir ömür nasaz mədəni qidalanmanın təsirini unutmaq olmaz. Bu xüsusda ətraflı təhlil vermək lazımdır. Elə bir təhlil ki, camiənin aşkar və gizli kirliliyi tapıb göstərsin. Bəlkə də sənaye və iqtisadiyyatın çiçəkləndiyi illərdə yaranmış ədalətsizliklər və bir ehtimalla qanuni və struktur ayrı-seçkiliklər Qərb cəmiyyətlərində dərin nifrət toxumu əkib və bu xəstəlik arada bir özünü büruzə verir. 
Hər halda bu sizlərsiniz ki, yaşadığınız cəmiyyətin zahiri qatlarında araşdırma aparmalı , düyünləri və kinləri tapıb aradan qaldırmalısınız. Fasilələri dərinləşdirmək yerinə azaltmaq lazımdır. Terrorizmə qarşı mübarizədə böyük səhv tələsik reaksiyalardır ki, mövcud fasilələri çoxaldır. Avropa və Amerikada milyonlarla aktiv və məsuliyyət hissinə malik müsəlman toplumunu izolyasiya edən , onu qorxu və iztiraba salan və keçmişdəkindən artıq əsas hüquqlarından məhrum edən hər hansı emosional və tələsik addım nəinki problemi həll etməyəcək, hətta fasilələri daha da dərinləşdirəcək və küdurətləri artıracaqdır. Səthi tədbirlər, xüsusilə də qanuna çevrilərsə mövcud qütbləşməni artırmaqla yanaşı gələcək böhranlara zəmin yaradacaqdır. Daxil olan xəbərlərə görə Avropa ölkələrinin bəzisində müəyyən qaydalar tətbiq edilib ki, vətəndaşları müsəlmanlardan casusluq etməyə vadar edir. Bu rəftarlar zülmdür və hamımız bilirik ki, zülm istər- istəməz zalımın özünə qayıdar. Ələlxüsus da müsəlmanlar bu naşükürlüyə layiq deyildirlər. Qərb dünyası əsrlərdir ki, müsəlmanları yaxşı tanıyır. Həm qərblilərin İslam torpağında qonaq olduqları və ev sahibinin sərvətinə göz dikdikləri gün, həm də ev sahibi olaraq müsəlmanların əməyindən və fikrində bəhrələndikləri gün mehribanlıq və dözümdən başqa bir şey görmədilər. Buna əsasən mən siz gənclərdən istəyirəm ki, dəqiq qiymət vermə əsasında və dərin düşüncə ilə acınacaqlı təcrübələrdən istifadə edib İslam Dünyası ilə şərafətli və düzgün bir əlaqənin əsasını qoyasınız. Belə olan halda çox çəkməz, görərsiniz ki, möhkəm təməllərin üzərində qurulmuş əlaqə onun memarlarına etimad və etibar qazandırır, onlara təhlükəsizlik və asayiş ərməğan edir və bütün aləmə parlaq gələcək ümidini saçır".

  • Yazılıb
  • da (də) 2015 Nov 30
  • Göndərən مدير سايت Aran News