Tarix : 2015 Dec 16
Kod 47050

Nardaran hadisələrinin pərdəarxası

Nardaran əməliyatı dövlətin və millətin təhlükəsizliyi üçün yox, hakimiyyətin öz kürsüsünü qoruması üçün reallaşdırılıb.
AranNews- Azərbaycanda, müxtəlif adlar altında fəaliyyət göstərən dini təşkilatlar, cəmiyyətdə tanınmış, on minlərlə tərəfdaşı olan ilahiyyatçılar var. Amma bu təşkilatlar və dini liderlər ənənəvi fəaliyyətlə məşğul olurlar, moizələr oxuyurlar, dini mübahisələrə aydınlıq gətirirlər və.s
Tale Bağırzadənin rəhbərlik etdiyi “Müsəlman Həmrəyliyi Birliyi” təriqət davası aparmağa, sünni-şiə “rozborka”sına köklənməmişdi. Əksinə, Tale Bağırzadə Imam Hüseyndən, Kərbəladan danışanda da bugünkü dövrlə müqayisələr aparırdı. Həmişə moizələrində ölkədəki ədalətsizlikdən, hakimiyyətin qanunsuz əməllərindən danışıb. Yəni Tale Bağırzadə bəziləri kimi yalnız namaz qılmaqla, oruc tutmaqla kifayətlənmirdi. Ölkədə baş verənlərə münasibət bildirirdi, tərəfdaşlarını həm də vətəndaş olmağa səsləyirdi. Bir sözlə, Tale Bağırzadə hakimiyyəti kəskin tənqid edirdi və qeyri-dini kəsim arasında da rəğbət qazanmağa başlamışdı. Üstəlik, Tale Bağırzadə siyasi müxalifətə qarşı təzyiqlərə, haqsızlılqlara da biganə qlmırdı. Şərlənərək həbs edilməsi, həbsdən eyni qətiyyətlə çıxması, öz fəaliyyətində ardıcıl olması hakimiyyəti narahat edirdi. Dəfələrlə onu xəbərdar etsələr də, qorxutsalar da, polis bölməsinə çağırsalar da Tale Bağırzadə “ağ bayraq” qaldırmadı.
Bir sözlə, Tale Bağırzadə “Allah hökumətimizi qorusun” demədiyi üçün “qara siyahı”ya düşdü.
Amma dünən baş verənlərin səbəbi təkcə bu da deyil. Son günlər ölkənin əsas gündəmi MTN-də baş verənlərlə çalxalanırdı. Hər gün hökumətin imici daha da korlanırdı.  “MTN işi” gündəmdə qaldıqca, hakimiyyət komandasında təmiz adam olmadığı, bütün komandanın eyni çirkaba bulaşdığı fikri güclənirdi. Digər tərəfdən, son 2-3 gündə Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi və Azərbaycan hökumətinin qardaş ölkəyə dəstək verməməsi də ciddi qınağa səbəb olmuşdu. Xüsusən də hökumətyönlülərin “Türkiyə Rusiyadan üzr istəməlidir” təbliğatı isə birmənalı olaraq cəmiyyətdə hakimiyyətə qarşı ikrah hissi yaratmışdı. Bir daha aydın olmuşdu ki, hakimiyyət ermənipərəst Rusiyanın yanındadır və  “qardaş Türkiyə” şüarında qeyri-səmimidir.
Nardaranda baş verənlər isə gündəmi tamam dəyişdi. Beləliklə, MTN hadisələri də, Türkiyəyə münasibətdəki riyakarlıq da ikinci plana keçdi.
Və nəhayət, hər dəfə beynəlxalq təzyiq artanda, daxildə narazılıq meylləri hiss olunanda hökumət müəyyən “gedişlər” edir. Nardaranda baş verənlər ilk növbədə dünyaya mesaj idi. Hökumət beynəlxalq aləmə çatdırmaq istəyir ki, bizim hakimiyyətin alternativi radikal, ekstermist dindarlardı. Yəni “bizi devirmək, bizimlə əlaqələri tükəndirmək fikrinə düşsəniz, qarşınızda terrorçu təfəkkürlü insanları görəcəksiniz”- qənaətini formalaşdırmaq istəyirlər. Bu mənada inanclı insanları aqressivləşdirmək də hökumətin işinə yarayır. Çünki, aqressiv reaksiyanın “tüstü”sü daha aydın şəkildə görünür. Təbii ki, hökumət bu “ssenari”ni davam etdirə də bilər. Hacı Zülfqüqarın, Gəncə dindarlarının həbsi də bu təbliğata xidmət edə bilər.
Həm də Nardaran əməliyatında daxili auditoriyaya da mesaj verilir. Azərbaycan əhalisinin böyük əksəriyyəti dünyəvilik tərəfdarıdı, ölkədə hər hasnı qeyri-sabitliyin yaranmasını heç bir vətəndaş istəməz. Həm də uzun müddətdir hökumət  “Azərbaycanı Suriyaya çevirmək istəyirlər” təbliğatı apardığı üçün, Nardaran hadisələrini göstərməklə, cəmiyyətdə bu insanalra qarşı etirazı formalaşdırmış olur. Nəticə etibarilə beynəlxalq aləmdə də bu qənaəti yaratmaq istəyirlər ki, cəmiyyət də hakimiyyəti dəstəkləyir. Guya, yeganə alternativ radikal dindarlardı və xalq bu alternativi qəbul etmir.
Beləliklə, hər 3 versiya bunu göstərir ki, Nardaran əməliyatı dövlətin və millətin təhlükəsizliyi üçün yox, hakimiyyətin öz kürsüsünü qoruması üçün reallaşdırılıb.

  • Yazılıb
  • da (də) 2015 Dec 16
  • Göndərən مدير سايت Aran News