Tarix : 2015 Dec 01
Kod 47053

Azərbaycan, Moskvaya Türkiyədən daha yaxındır

Mədəni səviyyə baxımından Azərbaycanda əhalinin savadlılığı türkiyəlilərdən daha çoxdur. Ən əsası isə əksəriyyət rus dilində ən azından fikrini izah edə bilir. Bu isə turistlərin sərbəst ölkəmizə səfər edib özlərini rahat hiss etmələrinə ikinci səbəbdir.
AranNews- Türkiyə və Rusiya arasındakı iqtisadi, siyasi və hərbi krizisin Azərbaycan iqtisadiyyatına çox böyük şanslar bəxş etdiyi danılmazdır. Konkret desək, Rusiyanın Türkiyədən gələn tərəvəz və quş ətinə embarqosu və istirahət regionlarını boykot etməsi bu sahələr üzrə alternativ imkanlara malik olan Azərbaycan Respublikasının, xüsusən kənd təsərrüfatı və sahibkarlıq sektorunun xeyrinə ola bilər. Neft gəlirlərinin azaldığı, milli valyutanın dəyər itirdiyi, aqro-sənaye və sənaye sahələrinin inkişafına diqqət ayrıldığı bu dövrdə ölkəmiz bu şansı dəyərləndirməlidir. Hər halda Türkiyə ərəblərə də "qardaş" deyir, Afrikadakı zəncilərə və malayziyalılara da. Belə olan halda regionlardakı əhalinin rifahını qaldırmaq üçün "qarın qardaşdan irəlidir" prinsipini işə salmaq, bu prespektivli sahələrə dövlət səviyyəsində diqqət və qayğını artırmaq lazımdır.
Diqqət etmək lazımdır ki, Türkiyə və Azərbaycanın imkanlarını müzakirə etsək, biz daha perspektivliyik. Əvvəla böyük dövlətlər üçün vətəndaşlarının təhlükəsizliyi hər bir şeydən önəmlidir. Məxsusən Rusiya üçün. Bu baxımdan Türkiyə və Azərbaycan müqayisəedilməz dərəcədə fərqlənir. Türkiyənin əsas rekreasiya regionları ölkənin cənubundadır, həmçinin od-alov içində yanan Suriya da Türkiyənin cənub sərhədlərindədir və bu da faktdır ki, transmilli terrorçular həmin sərhədləri giriş-çıxış məqsədilə maneəsiz istifadə edir. Bu baxımdan Rusiya istəməz ki, Əl-Nusra və İŞİD terrorçularının qaynaşdığı bir ölkəyə vətəndaşlarını etibar etsin, bir halda ki, özü onlarla müharibə vəziyyətindədir. Azərbaycanda isə bu cürə təhlükələr barədə söhbət gedə bilməz. Şükürlər olsun ki, ölkəmiz təhülkəsizlik və "terrorayararsızlıq" baxımından ən öndə olan dövlətlərdir. Türkiyədə strateji obyektlərdə belə polis çatışmazlığı müşahidə olunsa da, Azərbaycanda metro və avtobuslarda, küçə və meydanlarda polis və təhlükəsizlik orqanı işçiləri qaynaşır. Türkiyədən fərqli olaraq Azərbaycan balanslı siyasət yürüdür və demək olar ki, eyni zamanda atəşkəs faktoru baxımından real müharibə gözə dəymir.
Mədəni səviyyə baxımından Azərbaycanda əhalinin savadlılığı türkiyəlilərdən daha çoxdur. Ən əsası isə əksəriyyət rus dilində ən azından fikrini izah edə bilir. Bu isə turistlərin sərbəst ölkəmizə səfər edib özlərini rahat hiss etmələrinə ikinci səbəbdir. Keçmiş SSRİ üzvlüyü ruslar üçün Azərbaycanı daha cəlbedici edə bilər. Kənd təsərrüfatı mallarının ixracı baxımından isə danışmağa dəyməz. Moskva bazarlarında ruslar Azərbaycan mallarını almağa daha çox üstünlük verir. Nəzərə alsaq ki, rus xalqı sağlamlıq və qidalanma cəhətdən çox "vasvasıdır", Azərbaycanın ekoloji təmiz və GMO-suz kənd təsərrüfatı mallarının Türkiyənin GMO və dərmanlı rəqiblərini rahat sıxışdıracağı dəqiqdir. Deməli məhsuldarlığı və ixracatı artırmaq lazımdır.
Nəqliyyat xərcləri və daşınma baxımından da üstünlük Azərbaycan məhsullarındadır. Türkiyə məhsullarının Rusiyaya keçməsi üçün ən az iki ölkədən keçmək lazımdır və beləcə məhsulların gömrük və nəqliyyat xərclərinə görə qiymətləri artır. Eyni zamanda vaxt amili baxımından da türklər uduzur. Azərbaycan isə Rusiya ilə həmsərhədd olduğundan gömrük, daşınma xərcləri az, vaxt və çatdırılma xidmətləri isə daha əlverişlidir.
Ölkə başçısının son müşavirələrində dəfələrlə kənd təsərrüfatı və aqro-sənaye ilə bağlı tələbləri və bu situasiyanın daha doğrusu fürsətin ortaya çıxması Azərbaycan üçün göydəndüşmə bir imkandır. Hər halda buna görə Türkiyənin də bizdən inciməyə haqqı yoxdur.

  • Yazılıb
  • da (də) 2015 Dec 01
  • Göndərən مدير سايت Aran News