Səfər ayının 20-i “Ərbəin” günüdür, yəni imam Hüseynin (ə) və vəfalı səhabələrinin şəhadətinin 40-cı günüdür.
AranNews- Kərbəla vaqiəsi ilə bağlı Səfər ayının 20-nə təsadüf edən hadisələr aşağıdakılardan ibarətdir:
61-ci hicri-qəməri ilinin Səfər ayının 20-i Aşura faciəsi, imam Hüseyn (ə) və dostlarının şəhadəti, eləcə də, o həzrətin əhli-əyalının əsarətinin qırxıncı gününə təsadüf edir. Əhli-beyt dostları və şiələri həmin günü matəm saxlayıb əzadarlıq etməli, Kərbəla şəhdlərinin xatirəsini yaşadıb əziz tutmalıdırlar. Seyid ibn Tavus “Lühuf” kitabında yazır ki, Əhli-beyt əsirləri Şamdan yola düşüb İraqa çatdıqda, karvanın rəhbərindən onları Kərbəlaya aparmasını istədilər. Karvanın rəhbəri onların istəyini yerinə yetirdi. Əsirlər Kərbəlaya çatdıqda,imam Hüseynin (ə) ziyarətinə gələn Cabir ibn Abdullah Ənsari və Haşimilərdən bir dəstə ilə qarşılaşdılar. OnlarbirlikdəKərbəlaya daxil olub, şəhidlərəmatəmsaхlayaraq əzadarlıq etdilər.Bu əzadarlıq ətraf məntəqələrdə çadırlarda yaşayan qəbilələrə çatdı. Onlar da bu matəmə qoşulub, birnеçə gün yas məclisləri qurdular. (“Lühuf”, Seyid ibn Tavus, səh.142.)
İslam Peyğəmbərinin (s) səhabəsi Cabir ibn Abdullah Ənsari Mədinədən hərəkət edib, 61-ci hicri-qəməri ilinin Səfər ayının 20-də, imam Hüseynin (ə) şəhadətinin 40-cı günü Kərbəlaya daxil olur və Ətiyyə Ovfi adlı bir şəxslə imam Hüseynin (ə) qəbrini ziyarət edir. Ətiyyə Ovfi deyir: “Cabir ibn Abdullah Ənsari ilə birlikdə imam Hüseynin (ə) qəbrini ziyarət etmək məqsədilə Mədinədən hərəkət edib Kərbəla torpağına çatdıqda, Cabir “Fərat” çayında qüsl edib özünü ətirlədi və zikr dediyi halda müqəddəs qəbrə yaxınlaşdı. Mənə dedi: “Əlimi qəbrin üstünə qoy!” Mən Cabirin əlini İmamın (ə) qəbrinin üstünə qoyduqda, huşdan getdi. Mən onun üzünə su səpdim ki, ayılsın. Cabir özünə gəlib üç dəfə “Ya Hüseyn!” dedi. Sonra əlavə etdi: “Dost dosta cavab verməzmi?” Sonra öz-özünə belə dedi: “Cabir, cavabmı gözləyirsən? Bir halda ki, Hüseyn öz qanına boyanmış və başı bədənindən ayrılmışdır.” Cabir imam Hüseynə (ə) və o həzrətin ətrafında dəfn olunan şəhidlərə salam-salavat göndərdikdən sonra dedi: “Mühəmmədi haqq olaraq peyğəmbərliyə seçən Allaha and olsun ki, biz də siz şəhidlərin əməllərinə şərikik!” Mən Cabirə dedim: “Axı biz bir iş görməmişik (Kərbəla şəhidləri ilə birgə döyüşməmişik), onlardır şəhid!” Cabir dedi: “Ey Ətiyyə! Bir gün həbibim Rəsulullahın (s) belə buyurduğunu eşitdim: “
«من احب قوما حشر معهم و من احب عمل قوم اشرك في عملهم»
“Hər kim bir zümrəni sevsə, həmin zümrə ilə məhşur olar və hər kim bir zümrənin əməlini sevsə, həmin zümrənin əməlinə şərik olar!” (“Biharul-ənvar”, c.65, səh.130.)
Bəzi mənbələrdə Əhli-beyt əsirlərinin “Ərbəin” günü Şamdan Kərbəlaya, bəzi mənbələrdə isə Mədinəyə daxil olduqları göstərilir. Lakin tarixçilər arasında əsirlərin “Ərbəin” günü Kərbəlaya qayıtdıqları ilə bağlı fikirayrılığı mövcuddur. Seyid ibn Tavus “Lühuf” kitabında, Şeyx Abbas Qummi də “Müntəhəl-amal” kitabında imam Hüseynin (ə) əhli-əyalının Şamdan qayıdarkən Kərbəlaya döndükləri haqda məlumat verilir. Qeyd etdiyimiz kimi, əsirlər karvanı Kərbəlaya çatdıqda, Peyğəmbər (s) səhabəsi Cabir ibn Abdullah Ənsarinin bir qrup Haşimi ilə imam Hüseynin (ə) və Kərbəla şəhidlərinin ziyarətinə gəldiklərini də görürlər. (Cabir ibn Abdullah Ənsarinin Səfər ayının 20-də – Ərbəin günü Kərbəlaya daxil olduğunu nəzərə aldıqda, əsirlər karvanının da həmin gün Kərbəlaya daxil olduğunu demək olar.)
Şeyx Müfid və Şeyx Tusi kimi digər alimlər isə Əhli-beyt əsirlərinin Səfər ayının 20-də Mədinəyə daxil olduqlarını qeyd etmişlər.
Bəzi mənbələrdə göstərilir ki, Kərbəla şəhidlərinin şəhadətinin 40-cı günü imam Səccad (ə) atası imam Hüseynin (ə) müqəddəs başını Şamdan Kərbəlaya gətirib, o həzrətin qəbrində dəfn edir.
Birinci nəzər: “Həbibüs-siyər” adlı tarix kitabında yazılır: “Yezid Kərbəla şəhidlərinin müqəddəs başlarını Əli ibn Hüseynə (ə) (imam Səccada) verdi və o həzrət də Səfər ayının 20-i – Ərbəin günü şəhidlərin başlarını pak bədənlərinə qovuşdurduqdan sonra Mədinəyə doğru hərəkət etdi. (“Nəfəsül-məhmum”, əsərindən nəqlən, səh.466.)
Əbu Reyhan Biruni də “Asarul-baqiyə” əsərində yazır: “Səfər ayının 20-də, “Ərbəin” günü Əhli-beyt əsirləri Şamdan Kərbəlaya çatıb, imam Hüseynin (ə) müqəddəs başını qəbrində dəfn etdilər.” (Məqtəlül-Hüseyn (ə) kitabından nəqlən, Müqərrəm, səh.371.) Seyid ibn Tavus “Lühuf” kitabında (səh.82), İbn Nəma da “Musirul-əhzan” kitabında (səh.107) bu nəzəri irəli sürmüşlər.
İkinci nəzər:Bəzi tarixçilər də imam Hüseynin (ə) əhli-əyalının Aşura faciəsindən bir il sonra, yəni 62-ci hicri-qəməri ilinin Səfər ayının 20-də Kərbəlaya gəldikləri və elə həmin ildə imam Hüseynin (ə) müqəddəs başını özləri ilə gətirib o həzrətin qəbrində dəfn etdikləri haqda məlumat vermişlər. İbn Covzi yazır: “Əhli-beyt əsirləri Şamdan qayıdarkən Kərbəlaya dönməmiş və birbaşa Mədinəyə üz tutmuşlar. Onlar imam Hüseynin (ə) müqəddəs başını özləri ilə birlikdə Mədinəyə aparmış və sonradan Kərbəlaya qayıdıb o həzrətin qəbrində dəfn etmişlər.” “Qəmqam-Zəxxar” əsərində (səh.586) yazılır: “Kərbəladan Kufəyə və Kufədən də Şama qədər olan məsafəni nəzərə aldıqda, imam Hüseynin (ə) əhli-əyalının 61-ci hicri-qəməri ilinin Səfər ayının 20-də Kərbəlaya daxil olması mümkünsüz və ağlasığmaz bir məsələ olduğunu demək olar. Əhli-beyt əsirlərinin Kərbəlaya dönüşü növbəti ildə, yəni 62-ci hicri-qəməri ilində baş vermişdir. Cabir ibn Abdullah Ənsari də elə 62-ci ildə imam Hüseynin (ə) ziyarətində olmuşdur.”
Üçüncü nəzər:Şeyx Müfid və Şeyx Tusi kimi bəzi alimlər isə Əhli-beyt əsirlərinin Səfər ayının 20-də Mədinəyə daxil olduqlarını qeyd etmişlər. “Misbah” kitabında yazılır: “İmam Hüseynin (ə) əhli-əyalı imam Səccad (ə) ilə birlikdə Səfər ayının 20-də Mədinəyə çatmışlar.
Mənbələr: “Lühuf”, Seyid ibn Tavus; “Təqvimi-şiə”, Əbdülhüseyn Nişapuri-1387; “Məfatihi-novin”, Ayətullah Məkarim Şirazi.