"Dini ekstremizmə qarşı mübarizə haqqında" yeni qanun layihəsi, Milli Məclisdə müzakirə olunub və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda dəyişikliklər edilib.
AranNews- “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsi Azərbaycanda dini ekstremizmə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını müəyyən edir, dini ekstremizm əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının və vətəndaşların hüquq və vəzifələrini təsbit edir.
Qanun layihəsində dini ekstremizmə qarşı mübarizənin məqsədi, əsas prinsipləri, dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılması və digər müddəalar öz əksini tapıb.
Bu Qanunun pozulmasına görə fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Mülki məcəllələri ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Qanun layihəsi aparılan müzakirələrdən sonra böyük səs çoxluğu ilə qəbul edilib.
Qanunun 18-ci maddəsinin birinci hissəsinə 3-1-ci və 3-2-ci bəndlər əlavə edilib. Əlavədə nəzərdə tutulur ki, Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi, dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi Azərbaycan vətəndaşlığının itirilməsi ilə nəticələnəcək.
Qanun layihəsinə edilmiş dəyişikliklər müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.