Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, Nardaranda baş verənlərin kökünün “başqa yerlərə gedib çıxdığı” haqda bəyanat verib.
AranNews- Şeyxin İranın yaxasını kənara çəkmək cəhdi Qərbmeylli qüvvələr arasında qəzəblə qarşılanıb.
Hökumət qüvvələrinin davranışlarından və bütün ölkə boyu güc strukturlarının hazırlıq vəziyyətinə gətirilməsindən açıqca görünür ki, hakimiyyət terrora, dövlət çevrilişinə və ölkədə şəriət dövləti qurmağa hazırlaşmaqda ittiham edərək həbsə atdığı “Müsəlman Birliyi Hərəkatı”nın lideri Tale Bağırzadənin və tərəfdarlarının arxasında həm də hansısa böyük bir xarici gücün durduğu qənaətindədir. Hətta ola bilsin ki, hakimiyyətdə məhz o gücün ölkədə kütləvi iğtişaşlar törədəcəyi haqda hansısa konkret informasiyalar, əməliyyat siqnalları da var və bütün bu fövqəladə ehtiyat tədbirləri bununla bağlıdır.
Hazırda cəmiyyətin diqqətinin bu məsələyə yönəldiyi bir vaxtda, dünən Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə olduqca maraqlı açıqlama verib. Bütün Qafqazın Şeyxi Nardaranda baş verənlərin kökünün “başqa yerlərə gedib çıxdığı” haqda bəyanat verərək, deyib: “Bunların kökü xaricdən gəlir. Xaric deyəndə bəziləri qonşuluqdakı dövlətləri nəzərdə tutur. Lakin nə Türkiyə, nə də İran Azərbaycanda iğtişaşın tərəfdarıdır. İran Azərbaycanda sülh olmasını istəyir”…
Qeyd edək ki, Şeyxin bu açıqlamasında dərhal İran və Türkiyənin Azərbaycanda iğtişaşda maraqlı olmadığını, xüsusən də “İran Azərbaycanda sülh olmasını istəyir” fikrini qabartması avtomatik olaraq diqqəti Azərbaycanda hakimiyyəti dəyişmək məqsədiylə daxildə iğtişaş təşkil etmək imkanlarına və marağına sahib digər güclərə – xüsusən də Rusiya və Qərbə yönəldir. Şeyxin özünün Rusiya ilə də olduqca isti və hətta deyərdik ki, qırılmaz münasibətlərini nəzərə aldıqda isə, hədəf bir qədər də konkretləşir: aydın olur ki, Şeyx ad çəkməsə də, dolayısıyla bu məsələdə Qərbin əlinin olduğuna eyham vurur və nəyin bahasına olursa-olsun Taleh Bağırzadənin arxasında İranın durmadığı mesajını vermək istəyir…
Qeyd edək ki, Şeyxin bu açıqlaması hazırda ciddi müzakirəyə çevrilməklə yanaşı, Qərbə yaxın siyasətçilərin də qəzəbinə və adekvat reaksiyalara səbəb olub.
Belə ki, Azərbaycanın tanınmış qəbmeylli siyasətçilərindən biri olduqca maraqlı informasiyalar verib.
Həmin siyasətçinin dediyinə görə, Şeyx Taleh Bağırzadənin İranla əlaqələrinin olmadığını və son vaxtlar Qərblə yaxınlaşdığını, onu son davranışlara da məhz Qərbyönümlü qüvvələrin təhrik etdiyi fikrini yaymağa çalışir. “Hazırda hakimiyyət, o cümlədən də Şeyx Allahşükür Paşazadə Taleh Bağırzadənin Milli Şura üzvü olması faktından istifadə edərək, onu bu düşərgəyə bağlamaq istəyirlər.