Ankaranın Rusiya ilə yaxın əlaqələri olan Azərbaycanın gərginləşən gündəmi sakitləşdirməyinə yönəlik köməyinə ehtiyacı hiss olunur.
AranNews- Bu gün Azərbaycanın gələcəyi haqda ciddi düşünərək, doğru və düzgün yolu seçmək hər bir vətəndaşın və siyasətçinin borcu olmalıdır.
Regionda baş verən hadisələr ölkənin gələcəyi ilə bağlı ciddi və düşünülmüş addım atmağı tələb edir. Emossional rəftarlar təkcə Azərbaycanın milli maraqlarını deyil, ərazi bütövlüyü və müstəqilliyini də sual altına qoya bilər.
Rusiya bombardmançısının Türkiyə tərəfindən vurulması fonunda bu ölkənin xarici işlər naziri Çavuşoğlunun, daha sonra isə baş nazir Davudoğlunun Azərbaycana səfər etmələri, bundan əlavə dəfələrlə rəsmi şəkildə Rusiyadan görüş istəkləri onu göstərir ki, rəsmi Ankara çətin duruma düşüb.
Azərbaycan həm Rusiya ilə strateji müttəfiq sayılır və həm də Türkiyə ilə. Təbii ki, bu iki ölkə arasında qarşırdumanın yaranması və bir-birlərinə düşmən olması Azərbaycan üçün əsla arzuolunan deyil. Vaxtilə Rusiya Azərbaycan əleyhinə addım ataraq Qarabağın işğalında birbaşa iştirak edib. Amma Türkiyə də fərdi şəxslərin döyüşlərdə bizə yardım etməsini çıxsaq, rəsmi şəkildə çətin vaxtlarda Azərbaycana yardım əlini uzatmaqdan çəkinmişdi. Bu barədə Azərbaycanın eks prezidenti Əbülfəz Elçibəyin Kəlbəcər barədə açıqlamasında Süleyman Dəmirəldən necə yardım istəməsini və yardımının necə qarşılanmadığını xatırlamaq olar.
Məsələ ondan ibarətdir ki, çətin şəraitdə hər kəs öz milli maraqlarını təmin etməyə çalışır. Bu gün də Azərbaycan geostrateji mövqeyi cəhətdən çətin şəraitlə üzləşib. Rusiya təyyarəsi vurulduqdan sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşən Azərbaycan Prezidenti İlham Əliyev şəxsi tvitter səhifəsində, "Azərbaycan həm Türkiyə, həm də Rusiya ilə tarixən sıx əlaqələrə malikdir və iki dövlət arasında gərginlikdən təəssüf və narahatlıq hissi keçirir. Azərbaycan Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin azaldılması və aradan qaldırılması istiqamətində səylərini göstərməyə hazırdır", - deməsi də başadüşüləndir.
Çavuşoğludan sonra Türkiyənin baş naziri Əhməd Davudoğlunun yeni kabinet üzvləri ilə Azərbaycana səfəri də bir o qədər diqqət doğurur. Sözssüz ki, yüksək səviyyədə keçirilən görüşdə söhbət mövzusunun birinin də məhz Su24 təyyarəsi olması danılmazdır. Hələ ilk dəfə olaraq bir dövlət rəsmisinin başqa bir dövlətin bayrağını öpməsini də səfərə əlavə etsək, doğrudan da rəsmi Ankaranın Rusiya ilə yaxın əlaqələri olan bir dövlətin, yəni Azərbaycanın gərginləşən gündəmi sakitləşdirməyinə yönəlik köməyinə ehtiyacı hiss olunur.
Sözsüz ki, Davudoğlunun bizim milli hisslərimizi qabartmaqla öz milli və dövlət maraqlarını təmin etməyə çalışması aydındır. Amma bayaq da qeyd etdiyimiz kimi, geostrateji mövqeyimiz bizim də kiminsə deyil, məhz Azərbaycanın milli və dövlətçilik maraqlarını təmin etməyi diktə edir.