Ekspertlər bildirirlər ki, Rusiyanın Ermənistandakı hərbi bazasını gücləndirməsi Türkiyə və Azərbaycana güc nümayişidir.
AranNews- Rusiya Ermənistandakı 102-ci hərbi bazasını gücləndirmək üçün bu ölkəyə əlavə aviasiya texnikası cəmləşdirməyə başlayıb. Rusiya ordusunun Cənub Hərbi Dairəsinin yaydığı açıqlamaya əsasən Ermənistana əlavə olaraq, 7 zərbə və nəqliyyat vertolyotu göndərilib. İlin sonuna qədər daha bir neçə vertolyotun göndəriləcəyi bildirilir. Virtualaz.org xəbər verir ki, bu hadisə Türkiyə ilə Rusiya arasında münasibətlərin kəskinləşməsi, eyni zamanda Türkiyənin Qarabağ məsələsində Azərbaycana dəstəyini növbəti dəfə ifadə etməsi fonunda baş verir.
Bundan əvvəl Rusiya mənbələri prezident Vladimir Putinin Müdafiə Nazirliyinə təcili olaraq, Ermənistandakı hərbi qruplaşmanı gücləndirmək və Türkiyə-Ermənistan sərhədinə S-400 zenit-raket sistemləri, “Krasuxa” radioelektron mübarizə vasitələri və digər döyüş texnikasını yerləşdirmək barədə əmr verdiyini bildirmişdi. İndi Ermənistana əlavə döyüş vertolyotlarının göndərilməsi bu əmrin icrasının başlamasını göstərir. Bildirilir ki, Rusiyanın İrəvan yaxınlığındakı Erebuni hərbi hava bazasına artıq Mi-24P, Mi-8T vertolyotları çatdırılıb, ancaq ilin sonuna qədər vertolyotların növbəti partiyası da göndəriləcək.
“Vertolyotlar Rusiyanın aviasiya birləşməsinin MiQ-29 qırıcılarının yanında xüsusi dayanacaqlarda yerləşdirilib. Bu ay ərzində aviasiya vasitələrinin cəmləşdirilməsi davam edəcək, daha sonra pilotlar planlı uçuşlara başlayacaqlar”, - deyə Cənub Hərbi Dairəsindən bildirilib. Erebuni hərbi bazası 1995-ci ildən fəaliyyət göstərir, orada Rusiyanın 18 MiQ-29 qırıcısı cəmləşdirilib.
Rusiyanın Ermənistana əlavə hərbi qüvvələr cəmləşdirməyə başlaması həm də Qarabağ münaqişəsi zonasında vəziyyətin növbəti dəfə kəskinləşdiyi bir vaxtda baş verir. Ehtimal olunur ki, Rusiya Ermənistana əlavə qüvvələr cəmləşdirməklə Türkiyəyə güc nümayş etdirmək istəyir. Eyni zamanda mesaj verir ki, Türkiyənin regiondakı müttəfiqinə hərbi dəstək verərək, Qarabağ münaqişəsi ətrafındakı status-kvonu dəyişdirməsi istisnadır.
Ekspertlər bildirirlər ki, qoşunların toplanması Türkiyə ilə bərabər, Azərbaycana da Rusiya tərəfindən verilmiş mesajdır. Ekspert Natiq Miri bu məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasını gücləndirməsi Türkiyə-Rusiya arasındakı münasibətlərin korlanmasına bağlıdır: “Bir növ Türkiyəyə təhdidedici bir güc nümayişidir. Ancaq bu, təkcə Türkiyəyə yönəlik bir olay deyil. Çünki Türkiyə NATO-nun tamhüquqlu üzvüdür. Və artıq Türkiyənin müdafiə olunması üçün NATO çox ciddi tədbirlər görməkdədir. Bu tədbirlərin tərkib hissəsindən biri də hava hücumundan müdafiə sistemlərinin Türkiyə ərasizində gücləndirilməsi ilə bağlıdır. Rusiya da məhz bu konteksdə artıq 102 nömrəli bazasını gücləndirməyə davam edir və yeni helikopterlərin bazaya gətirilməsi də bilavasitə bunu subut edir. Doğrudur, bu, Türkiyəni və eyni zamanda, onun müttəfiqi olan NATO ölkələrini təhdid edəcək bir durum deyil. Çünki hər hansı bir qarşıdurma, toqquşma olduğu təqdirdə, Rusiya bazası Türkiyənin qarşısında dura biləcək səviyyədə deyil. Ancaq onu da nəzərə almaq lazımdır ki, bu bazanın gücləndirilməsi təkcə Türkiyəyə yönəlik bir hadisə sayıla bilməz. Bu, bilavasitə Azərbaycana yönəlik bir güc nümayişidir. Bu bazanın gücləndirilməsi prosesi əsasən Türkiyənin baş naziri Əhməd Davudoğlunun Dağlıq Qarabağ problemində Türkiyənin və bu qardaş ölkənin ordusunun Azərbaycanla birgə hərəkət edəcəyini açıqlamasından sonra başladı. Rusiya mediasında Kremlin maraqlarına uyğun siyasi müstəvidə çıxış edən bütün siyasətşünaslar, dövlət adamları da artıq Azərbaycanı təhdid edən açıqlamalara daha çox yer verməkdədirlər. Ən nəhayət, Rusiya kanalı olan “Lifenews” kanalında Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarsız xəritəsinin göstərilməsi də bilavasitə Rusiyanın Azərbaycanı təhdid etməsi anlamına gəlir. Doğrudur, həmin kanalın rəhbərliyində ermənilərin mövcud olması da bir reallıqdır. Əgər bu, Rusiya telekanalıdırsa və telekanalların hamısı bilavasitə Rusiyanın xüsusi xidmət orqanlarının nəzarətində çalışırsa, burada Azərbaycanı Dağlıq Qarabağ və ətraf rayonlarsız təqdim etmək bilavasitə dövlətin siyasəti ilə bağlı olan bir məsələdir. Rusiya hakimiyyətinin icazəsi olmadan belə bir xəritənin nümayiş olunması mümkün olmazdı. Bu da onu göstərir ki, əgər Azərbaycan bundan sonra da indiki siyasətini davam etdirərsə, Dağlıq Qarabağ və ətraf rayonları haqqında tamamilə unutmuş olması lazımdır. Bu baxımdan Azərbaycan hakimiyyətinə, dövlətinə mesaj verirlər. Rusiyanın 102 nömrəli hərbi bazasının gücləndirilməsi də bir tərəfdən Türkiyə və onun müttəfiqlərinə mesajdırsa, digər tərəfdən də Azərbaycana mesajdır”.