ARDNŞ barədə səslənən iddialara inansaq, hər il 20-25 nəfər neftçi SOCAR rəhbərliyinin günahı üzündən ölür və ya sağlamlıqlarını itirirlər.
AranNews- SOCAR-ın Xəzərdəki “Günəşli” yatağında yerləşən 10 nömrəli dərin dəniz özülündə baş vermiş faciədə ən azı 30 nəfərin öldüyü şübhəsizdir. Bununla belə onlarla neftçinin həyatına son qoyan dəhşətli yanğınla bağlı SOCAR rəhbərliyi ziddiyyətli məlumatlar yaymaqda davam edir.
Baş verən hadisə ilə əlaqədar Azərbaycanda bir günlük matəm elan olunub. Bunun isə diversiya və ya korrupsiyalaşmış SOCAR şirkətinin rəhbərliyinin səhlənkarlığı səbəbindən baş verdiyi hələlik məlum deyil.
"Günəşli"dəki partlayışın Türkiyə baş naziri Əhməd Davudoğlunun Bakıya səfərindən dərhal sonraya təsadüf etməsi hadisədə Rusiyanın "barmağının" olmasına şübhələri artırıb. Hələ yanğınla bağlı ilk xəbərlər yayılanda sosial şəbəkələrdə bunun Rusiyanın təxribatı adlandırırdılar. Məsələn, hüquqşunas Mehman Muradlı "Facebook"da paylaşdığı statusunda belə yazmışdı: "Rusiyanın təyyarəsini Türkiyə vurur, ziyanı biz çəkirik".
30-dan çox insanın ölümü və bir o qədər neftçinin də yaralanması ilə nəticələnən hadisənin arxasında Rusiya dayansa belə rəsmi Bakının Kremli hədəf göstərəcəyini indiki stuasiyada gözləməyə dəyməz.
Ancaq fakt budur ki, tam korrupsiyalaşmış SOCAR neftçilərin təhlükəsiz şəraitdə işləməsi üçün minimum şərtləri belə yerinə yetirməyib. Mətbuatda ARDNŞ barədə səslənən iddialara inansaq, hər il 20-25 nəfər neftçi SOCAR rəhbərliyinin günahı üzündən ölür və ya sağlamlıqlarını itirirlər. "Günəşli"dəki hadisə ilə bağlı neftçi mühəndislərin fikirlərini öyrənməyə çalışdıq. Onlar bu hadisədə birmənal olaraq günahın SOCAR rəhbərliyiin üstünə düşdüyünü bildirirlər.
Adının çəkilməsini istəməyən mühəndis iddia edir ki, işlədiyim müddətdə bu cür yanan belə platformaların bir neçəsinin yararsızlığı, qəzalı vəziyyətdə olduğu, texniki təhlükəsizlik qaydalarına riayət olunmaması barədə dəfələrlə akt tərtib edib, istismarın dayandırılması barədə baş idarəyə məktublar göndəriblər: "Amma bunun nə faydası. Kim idi baxan bu müraciətlərə. Onlara neftdən gələn qazanc maraqlı idi, sıravi neftçinin həyatı yox..."
Neftçi mühəndisin daha bir iddiasına görə, Azərbaycanda quruda olduğu kimi dənizdə də korrupsiya, iri pulların silinməsi, rüşvətlə işə qəbul total forma alıb: "Dənizdə baş verən qəzalar baş idarədə oturanlar üçün toy-bayram deməkdir.
Baş verən hadisə başqa ölkələrin diversiyası olmasa belə, bu, diversiyadır - özümüzünkülərin idarə etdiyi korrupsiyalaşmış Neft Şirkətinin öz xalqına, onun kapitalına yönəlmiş maddi-mənəvi diversiyası!
Şübhə etmirik ki, hadisə sadaladığımız səbəblər ucbatından baş verib. Vaxtında platformadakı müxtəlif qurğu və texnikanın durumuna mütəmadi texniki baxış keçirilməmiş, yanğın və texniki təhlükəsizlik qaydaları kobudcasına pozulmuş, siqnalizasiya sistemi yararsız olmuş, işçi personalı səriştəsiz olmuş, təlimatlandırma olmadığından yanğın baş verən zaman təxliyyə qaydaları pozulmuş, xilasetmə halqaları və qayıqlar olmadığından və s. səbəblərdən insanlar xilas ola bilməmişlər.
Yanğının baş verməsinin bir nömrəli günahkarı Rövnəq Abdullayev başda olmaqla ARDNŞ-in oranı bazara çevirmiş rəhbərliyidir!
Buna görə, Rövnəq Abdullayev başda olmaqla SOCAR rəhbərliyi ən ağır şəkildə cəzalandırılmalıdır və ictimaiyyət onların həbsini tələb etməlidir. Əks təqdirdə korrupsiyalaşmış məmurlar üçün sadə azərbaycanlının həyatının dəyəri olmayacaq.