Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus dekabrın 9-da Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə həbsdən azad edilib.
AranNews- Bu gün Bakı Apelyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.
Prosesdə Leyla Yunusun barəsindəki həbs-qətimkan tədbirinin CM-in 70-ci maddəsi tətbiq olunmaqla dəyişdirilməsi barədə qərar qəbul edilib. O, 5 il sınaq müddəti olmaqla cəzaya məhkum edilib və məhkəmə zalından azad olunub və hazırda ev dustağıdır. Amma Arif Yunus səhhətində yaranan problemlərə görə bu il noyabrın 12-də başqa yerə getməmək barədə iltizam alınaraq azadlığa buraxılıb. Məhkəmənin qərarı ilə həmçinin, L.Yunusun qızının adına olan ev də (Nizami 53-də yerləşən) geri qaytarılıb. Ev məhkəmə hökmü ilə müsadirə olunmuşdu.
Leyla Yunusun jurnalistlərlə söhbəti qısa olub: “Özünüzü necə hiss edirsiniz?” sualının cavabında o, “Mən məhkəmədə də dedim, özümü “düşərgə tozu” kimi hiss edirəm…”
Qeyd edək ki, “düşərgə tozu” ifadəsi sovet dövründə yaranıb. Stalin repressiyaları zamanı rejimin repressiyalarına məruz qalaraq, düşərgələrə salınan şəxslər barədə işlənirdi.
Xatırladaq ki, Leyla Yunus ötən il iyulun 29-da, Arif Yunus isə avqustun 5-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib. Bu ilin noyabrında Bakı Apellyasiya Məhkəməsi Arif Yunusun səhhətindəki problemləri nəzərə alaraq, onun barəsində həbs–qətimkan tədbirini başqa yerə getməmək haqqında iltizam tədbirilə əvəz etmişdi.