Tarix : 2015 Dec 17
Kod 47254

Azərbaycan-Ermənistan münasibətləri (Qarabağ konfliktində Rusiyanın rolunu nəzərə almaqla) - MƏQALƏ

enerji amili Rusiyanın istəyinin əksinə olaraq Qarabağ münaqişəsində balansı bir qədər də olsa Azərbaycanın xeyrinə dəyişə bilən tək kataqoriyadır.
Azərbaycan-Ermənistan münasibətləri (Qarabağ konfliktində Rusiyanın rolunu nəzərə almaqla) - Hüseyn Surənari

1. Giriş:
Qafqaz və onun cənub bölgəsi hələ qədim zamanlarda dünyanın ən mühüm və eyni halda ən böhranlı məntəqələrindən sayılırdı. Tayfa-cəmiyyət qarışıqlığı və mürəkəbliyinə görə etnik mozaika adlanan bu region tarix boyu bir çox münaqişələrin yaranmasına səbəb olmuşdur. Azərilər, kürdlər, ermənilər, gürcülər, çeçenlər, inquşlar, abxazlar, talışlar və ruslar buranın qədim tayfalarından hesab olunurlar. Sovetləri Birliyinin parçalanması və assimliyasiyanın bitməsi ilə millətçilik ruhu yenidən dirçəldi və bu xalqlar üçün milli kimlik tələb etmək imkanı yarandı. Beləliklə, Qafqaz regionunda silsiləli qarşıdurmalar və bərk münaqişələr başladı. Bu arada Azərbaycan və Ermənistan ölkələri arasında Qarabağ konflikti həll olunmayan münaqişələrdən sayılır. Bu münaqişə, iki ölkə münasibətlərini ən problemli münasibətə çevirmişdir. İndiyə kimi münaqişənin həlli istiqamətində bütün yollar, beynəlxalq və regional vasitəçiliklər, o cümlədən Rusiya, İran, Qazaxıstan, Minsk qrupu və digər ölkə və təşkilatların cəhdləri nakam qalmışdır. Münaqişənin çözülməsi üçün muxtariyyət, konfedarasiya, müstəqillik, hakimiyyət bölgüsü, hətta hərbi həll yolu, paket həll yolu, mərhələ həll yolu çərçivəsində ərazi mübadiləsi kimi layihələr təklif edilmişdir və  koalisiya yanaşma, xarici qüvvə, yaxud Dayton sülh sazişi, dəstəkləmə proqramı, dartimos modeli, çeçen modeli, Paul Goblenin ərazi mübadiləsi layihəsi, birgə hökumət üsulu, Madrid üsulu və digər model və layihələrin irəli sürülməsinə baxmayaraq, bunların heç biri münaqişəyə son qoya bilməyib. Sülh müzakirələrinin bir-birinin ardınca uğursuzluğu, münaqişə tərəflərini və beynəlxalq vasitəçiləri məyus etmişdir. Belə ki, beynəlxalq analtiklər, o cümlədən Kroker, Hompson və All münaqişələri kataqoriyalaşdırdıqda Qarabağ konfliktini "qıfıllanmış münaqişə"  adlandırmağa üstünlük vermişlər (Gamaghelyan, 2005:11). Komaya getmiş münaqişə, sakitləşməyən və indakar münaqişə, buzlaşmış münaqişə kimi adlar Qarabağ münaqişəsi haqqında işlədilmişdir.
Qarabağ münaqişəsində 30 min insanın həlak olması, 1 milyon nəfərin öz yurd-yuvalarını tərk etməsi, hər iki tərəf üçün milyardlarla dollar dəyərində iqtisadi və sosial infrastrukturlara ziyan dəyməsi, hal-hazırda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün başlıca maneə sayılır. İki ölkə arasında münasibətlərin olmaması, güvənsizlik nəticəsində iki ölkə xalqının bir-birindən daha çox uzaqlaşmasına səbəb olmuşdur.
1994-cü ildə sülh razılışması iki ölkə arasında nə sülh, nə müharibə durumu ilə nəticələndi və Azərbaycanın torpaqlarının 20 faizi Ermənistanın işğalı altında qaldı. Ermənistan hələ də Azərbaycan ərazilərini öz işğalı altında saxlayır və bundan müzakirələrdə alət kimi istifadə edir. Halbuki, Azərbaycan təkcə Ermənistan qüvvələrinin işğal olunmuş torpaqlardan geri çəkilməsi və bu ərazilərin azad olunması qarşısında Dağlıq Qarabağa ən yüksək statuslu muxtariyyət verməyə razıdır. Bu ziddiyyətli yanaşmalar güvənsizliyi və ümudsizliyi bərkitmiş, hər iki tərəfin atəşkəsin pozmasını artırmış, münaqişənin davam etməsinə və iki ölkə münasibətlərində düşmənçiliyin daha da güclənməsinə səbəb olmuşdur.  
Yuxarıdakı verilən izaha diqqət etməklə hazırkı tədqiq Qarabağ konfliktinin uzunömürlü olmasının və bunun nəticəsi olaraq Azərbaycan-Ermənistan münasibətlərində düşmənçilik yaşanmasının səbəblərini araşdırır. Buna cavab tapmaq üçün Qarabağ münaqişəsində Rusiyanın siyasəti və Azərbaycan-Ermənistan münasibətlərində düşmənçiliyin davam etməsində rolu araşdırılacaq və bu fərziyyə daha qabarıq araşdırılacaq ki, "Qarabağ münaqişəsinin həlli prosesini özünə bağlı etmək üçün Rusiyanın siyasəti və hər iki tərəfin münasibətlərində öz strateji balansını qorumaq məqsədilə münaqişənin uzanmasına bais olmuş və Azərbaycan-Ermənistan münasibətlərində düşmənçilik yaşanması davam etmişdir".
Qeyd edilən əsasla, beynəlxalq böhranların idarə edilməsində Rusiyanın ümumi yanaşmasına, onun real paradiqmalar əsasında təhlilinə və Qarabağ münaqişəsinin tarixinə qısa nəzər salınacaq, sonra Rusiyanın rəftarı ilə bağlı önəmli və təsirli amilləri araşdırılacaq. Daha sonra Qarabağ münaqişəsinin Rusiyanın təhlükəsizliyinə və maraqlarına təsiri və bu ölkənin ona qarşı siyasəti gözdən keçiriləcək, sonda isə Rusiyanın Qarabağ münaqişəsinə aid gələcək siyasətləri barədə söz açılacaq.

2. Nəzər çərçivəsi:
Rusiyanın beynəlxalq böhranların idarə edilməsinə yanaşması
Rusların beynəlxalq böhranları idarə etməsi onların beynəlxalq səviyyədə tarixi davranış ənənələrindən təsirlənmişdir. Bu növ idarəetmə tarixi və ərazisi Rusiya çarlığı, sovet Rusiyası və hazırkı Rusiyadır. Onun nəticəsi rus çarlığından hazırkı dövrə qədər ortaq siyasi rəftardır. Bu ortaq siyasi rəftarı rusların "beynəlxalq rəftar strategiyası" adlandırmaq olar. Qeyd edilən strategiya çox qorxulu və hücum xarakterlidir. Maraqlı budur ki, onda uzun müddət üçün klassik realizm fərziyyələrini müşahidə etmək olar. Ona görə də Rusiyanın beynəlxalq böhranlara yanaşmasının, bu ölkənin ümumi xarici siyasətinin təhlili mövzusunun  çətin olması və soyuq müharibə dövründən sonra beynəlxalq münasibətlərdə dinamik təkamülünə və müasir qloballaşma və yaxınlaşma prosesinə baxmayaraq beynəlxalq münasibətlər nəzərləri arasında realizm paradiqmaları hələ də Rusiyanın xarici siyasətinin təhlilində yüksək etibar daşıyır (Wieclawski, 2011: 177).
Bununla belə Rusiyanın beynəlxalq börhanların idarə edilməsinə realizm paradiqma yanaşmalarının hər bir prespektivindən eksklüziv baxış qeyri-kafi olacaq. Rusların beynəlxalq börhanların idarə edilməsində klassik realizm yanaşmasında yüksək güclə yanaşı vurğulamaq lazımdır ki, Rusiyanın xarici siyasətinin təkamülü yavaş və könülsüz olub və hər halda soyuq müharibə dövründən sonra güc bölgüsündə məhdudiyyətlərə məcbur olmuşdur. Ona görə də beynəlxalq nizam əsasında mərkəzləşmiş struktur realizm Rusiyanın mürəkkəb  xarici siyasətinin mahiyyətinin açıqlanmasında nöqsanın varlığı ilə dəyişikliklərin izahı üçün faydalı ola bilər. Həmçinin, Sovetlər Birliyi zamanında olduğu kimi siyasi və hərbi alətlərinin indi olmaması üzündən Rusiyanın beynəlxalq böhranın həlli istiqamətində enerji və iqtisadi imkanlar kimi digər güclərdən istifadə etməsi gündəlikdə dayanır. Ona görə də hegemonluq rəqabətində neorealist nəzəriyyədən yararlanmaq dövlətin gücünün mahiyyət dəyişkənliyinin təhlili və beynəlxalq sistemlərə çevik münasibət üçün faydalı ola bilər (İbid). Eyni halda neoklasik realizmin subyektiv anlayışlara və dövlətlərin daxili strukturuna əhəmiyyət verməsinə (Muşirzadə, 129: 1385) diqqət etməklə Rusiyanın siyasi quruluşu, rus elitasının baxışları, nüfuzlu qurumların rolu, rus millətçiliyi ideologiyaçılarının düşüncələri, Rusiyanın tarixi gücünün dirçəldilməsi ideyaları kimi kataqoriyaların təsirini anlamaqda Rusiyanın beynəlxalq böhranları idarəetmə yanaşmasına nəzərə çarpan kömək göstərə bilər və beynəlxalq böhranları Rusiyanın idarə etməsində hərbi texnologiya, ideologiya və enerji arasında tarixi bağlılıqları daha yaxşı izah edə bilər.
Bununla belə Rusiya Federasiyasının xarici siyasətinin analizində unutmaq olmaz ki, Rusiyanın yanaşması hələ də klassik realizm ənənəsi ilə əlaqəlidir. Rusiya xarici siyasət yanaşmasında milli maraqlar prinsipi, güc, xüsusilə də hərbi güc qabiliyyəti kimi klassik realizm ünsürlərinə nəzərə çarpacaq həddə diqqət edir. Əlbəttə, rusların beynəlxalq böhranları idarə etmələri soyuq müharibə dövründən sonra "yaxın xaric" və "uzaq xaric" səviyyələrinin bir-birindən ayırmalarından çox təsirlənmişdir.
Ümumiyyətlə, Rusiya yaxın xaric məsələsində ölkəsinin milli maraqlarını, yaxud strategiyasını azacıq təhdid edən böhranlara ilk addımda hərbi güc və təhdid yolu ilə cavab vermişdir. Başqa sözlə, yaxın xaricdəki böhranlara rusların ilk reaksiyası bərk və qarşıdurmaçı olmuşdur (Vaizi, 13: 1389).
Bu ölkənin Gürcüstan böhranı ilə qarşılaşması, Ukrayna ilə münasibətlərdə enerji mülahizələri, Avropada raketdən müdafiə qurğularının yerləşdirilməsi ilə müxalifəti, postsovet ölkələrində NATO-nun genişlənməsinə qarşı müqaviməti göstərir ki, ruslar bu bölgələrdə beynəlxalq ciddi müqavimətlə qarşılaşmasalar, hərbi təhdidlərdən tutmuş hərbi hərəkətlərə qədər bütün vasitələrdən istifadə edəcək. Avropada Adi Silahların Məhdudlaşdırılması Müqaviləsinin təkbaşına ləğvi, raketlərin Şərqi Avropaya tərəf tuşlanması, Sankt-Peterburda İskəndər raket qurğularının təhdidi, 2008-ci lilin avqust ayında Gürcüstana hərbi hücum rusların özünə yardım prinsipləri üzərində klassik realizmə əsaslanmalarının nümunələridir.
Qarabağ münaqişəsinin idarə edilməsində də Rusiya bərk yanaşma yolunu tutdu. 1990-cı il 20 yanvarda Sovet İttifaqının Qırmızı Ordusunun Bakı əhalisinin mitinqinə qanlı hücumu, açıq-aşkar olaraq Qarabağ torpaqlarına daxil olması, açıq-aşkar olaraq Ermənistanı silahla təmin etməsi və hərbi dəstəkləməsi, münaqişənin həlli istiqamətində beynəlxalq və regional rəqiblərinin uğurlarına mane olması, qarşıdurma tərəfləri ilə strateji balansı qorumaq və  nəticədə Ermənistan qarşısında Azərbaycanın hərbi gücünün zəiflədilməsi, Azərbaycanın Ermənistana qarşı hər hansı mümkün hərbi hücumuna qarşı cavab verəcəyi ilə təhdid etməsi rusların Qarabağ münaqişəsinin idarə edilməsində realizm yanaşma anlamının və onların münaqişəyə sıfr və oyun udub-uduzmaq toplamasının cəmi üslubunda bərk yanaşmasının  bəyanıdır.
Ruslar, Qarabağ münaqişəsinin idarə edilməsində silsiləvari bağlı hərbi imkanları, enerji diplomatiyası, Rusiya İmperatorluğunu dirçəltmək ideologiyasından eyni zamanda istifadə etmişdir. Bununla da Rusiya münaqişənin həllini özünə bağlamaq üçün daha çox uduş kartına yiyələnmək, Rusiyanın baxışları və maraqları ilə uyğun olduğu, təhlükəsizliyi təmin olduğu surətdə son həllinin başa çatmasını istəmişdir.

3. Tədqiqin məlumatları
3.1. Qarabağ konfliktinə ötəri baxış
SSRİ-nin qurulmasından sonra mərkəzi hökumətin təzyiqləri ilə o zamankı Azərbaycan rəhbərliyinin 1920-ci il 1 dekabr tarixli Bəyanatı ilə Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ əraziləri Ermənistana verildi. Amma bir müddətdən sonra Stalinin fərmanı ilə bu ərazilər Azərbaycana qaytarıldı. Bu hadisə Türkiyə və SSRİ arasında bağlanan dostluq müqaviləsindən sonra baş tutdu (E.Cornell,1999:15).
1921-ci ilin yayından Qarabağ və Naxçıvan rəsmi olaraq Azərbaycan Respublikasının tərkib hissəsi hesab edildi. 1922-ci ildə Qarabağa Azərbaycan Respublikasının tərkibində muxtariyyət statusu verildi (Şəhvəri, 210: 1375).
Yerevanın fikrincə, Stalin xarici siyasət çərçivəsində, o cümldən Türkiyəni razı salmaq və bu ölkə ilə münasibətlər qurmaq, bolşevik inqilabının şərqə tərəf genişlənməsi, Azərbaycan vasitəsilə müsəlmanlarla yaxın münasibətlər yaratmaq məqsədlərilə Qarabağı Azərbaycana verdi (Vaizi, 123: 1385).  Lakin, Stalinin güclü nüfuzundan qorxan ermənilər onun hökumət başında olduğu vaxt coğrafi bölgüyə etiraz etməyə cürət etmədilər.
1985-ci ildə SSRİ-nin rəhbəri Mixail Qorbaçov tərəfindən "yenidənqurma" və "aşkarlıq" layihələrinin həyata keçirilməsindən sonra ermənilər Qarabağın Ermənistana birləşdirilməsini tələb etdilər. 1985-ci ilin iyun ayında Ermənistan SSR Ali Soveti DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi qərarına razılığını ifadə edən və SSRİ Ali Sovetindən vilayətin Azərbaycan SSR-dən alınaraq Ermənistan SSR-ə birləşdirilməsi məsələsini nəzərdən keçirməyi və təsdiq etməyi xahiş edən qərar qəbul etdi. Azərbaycan SSR Ali Soveti və onun Rəyasət Heyəti DQMV-nin Azərbaycan SSR-dən alınaraq Ermənistan SSR-ə birləşdirilməsini qəbuledilməz və qeyri-mümkün elan etdi.
12 iyul 1988-ci il tarixində DQMV Xalq Deputatları Soveti bölgənin Azərbaycan SSR-dən birtərəfli qaydada ayrılmasına dair qeyri-qanuni bir qərar qəbul etdi. Dərhal, buna cavab olaraq, 13 iyul 1988-ci il tarixində Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti SSRİ və Azərbaycan SSR Konstitusiyalarına, eləcə də Azərbaycan SSR-in "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" Qanununa əsaslanaraq, DQMV Xalq Deputatları Sovetinin vilayətin Azərbaycan SSR-dən birtərəfli qaydada ayrılmasına dair DQMV Xalq Deputatları Sovetinin 12 iyul 1988-ci il tarixli qərarının qeyri-qanuni və heç bir hüquqi qüvvəsi olmadığını bəyan edən qərar qəbul etdi (Şəhvəri, 210: 1375).
Gərginliklər getdikcə bərkidi. Tərəflər qarşı milləti öz ölkəsindən çıxarmağa başladılar. Bakı neft iqtisadiyyatında məşğul olan bir çox ermənilər öz işlərini itirdilər. Azərbaycnada yaşayan 160 min erməni Ermənistana və Rusiyaya köçməyə məcbur oldular (Wadlow, 2006: 2). Ermənistan tərəfindən də oxşar addımlar atılmışdı. Dinc aksiyalar gözlənilmədən qarşıdurmalara çevrildi. Eyni zamanda Stepanakert (Xankəndi) və Bakının yaxınlığında yerləşən sənaye şəhəri Sumqayıtda azəri və erməni azlıqlarının öldürülməsi hadisələri baş verdi. Moskva, əvvəllər zahirdə neytrallıq nümayiş etdirsə də tədricən ermənilərin tərəfini saxladı və bu məsələ 20 yanvar 1990-cı ildə Bakıda mitinqə səbəb oldu. Lakin, mitinq Qırmızı Ordu tərəfindən dağıdıldı, əhali qətliam edildi (Vahidi, 213: 1385). Bu hücum nəticəsində 130-dan çox adam həlak oldu, 700 nəfər yaralandı və yüzlərlə insan həbs edildi. Bakının dinc əhalisinin qətliam edilməsi hadisəsində həmin gün Moskvadan göndərilmiş qoşunun tərkibində çoxlu erməni iştirak edirdi və əhalinin öldürülməsində onların daha çox payı olmuşdur (Vahidi, 364: 1385).
SSRİ-nin parçalanması və bunun ardınca Azərbayacan və Ermənistanın müstəqil olmaları ilə Qarabağ məsələsi hər iki ölkə üçün xüsusi əhəmiyyət kəsb etdi. Azərbaycan qüvvələrinə hücum etməyi və tam bir müharibə aparmaq üçün mövqeiyyət tapan Qarabağ erməniləri iki istiqamətdən Laçına hücuma keçdilər. Onlar Laçını işğal etməklə Qarabağı birbaşa olaraq Ermənistana birləşdirən dəhliz açdılar. Bunun ardınca davam edən döyüşlərdən sonra Şuşa da ermənilərin əlinə keçdi  (Şəhvəri, 210: 1375).
Ermənistan ordusu və bu ölkənin könüllü xalq qüvvələri Qarabağ ermənilərinə kömək etdiyi halda Azərbaycan Respublikası daxili siyasi çəkişmələrlə əlbəyaxada idi və Elçibəyin tərəfdarları ilə polkovnik Surət Hüseynovun qüvvələri arasında daxili toqquşmalar gedirdi. Bu hadisələrdən istifadə edən ermənilər həmin ərəfədə bir müharibə hücumu ilə Azərbaycanın bir sıra şəhərlərini işğal etdilər. Ümumi olaraq, 1994-cü ilədək Qarabağdan əlavə, Qarabağ ətrafında olan Füzuli, Laçın, Zəngilan, Ağdam, Qubadlı, Cəbrayıl, Kəlbəcər kimi 7 rayon da erməni qüvvələrinin əlinə düşdü.
Müharibə nəhayət, 1994-cü il 9 mayda Minsk qrupunun vasitəçiliyi və Rusiyanın qarşıdurma tərəflərinin hər ikisini dəstəkləməsi ilə dayandırıldı.

3.2. Qarabağ konfliktində Rusiyanın rəftarına təsir qoyan önəmli amillər
Müxtəlif ölçüdə bir sıra amillər Rusiyanın Qarabağ münaqişəsində rəftarını təşkil edir. Həmin təsirli kataqoriyalar əsasında Rusiyanın Qarabağ siyasəti formalaşmışdır. Bu amillərdən bir neçəsinə işarə edirik:

3.2.1. Rusiyanın "yaxın xaric" təfəkkürü və "Monro doktrinası"
Sovet İttifaqının dağılması ilə Rusiya Federasiyası və postsovet ölkələrinin münasibətləri yeni mərhələyə qədəm qoydu. Siyasi, iqtisadi qeyri-sabitlik və regional münaqişələr hər biri öz növbəsində xarici qüvvələri Rusiyanın ətrafında artırdı. Bu da Rusiyada yeni yanaşmaların yaranmasına səbəb oldu. Rusiya hərbi qüvvələrinin Moldaviya, Azərbaycan və Gürcüstana müdaxilələri Rusiya və postsovet ölkələri arasında tədricən yeni münasibətlər anlayışı formalaşdırırdı. Sabiq SSRİ-nin tərkibində olan ölkələrin təhlükəsizlik bağlılıqları Rusiyanın təhlükəsizlik siyasətində yeni yanaşmanın yaranmasına gətirib çıxardı: Rusiyanın Monro doktrinası. Bu doktrina Rusiyayanın xüsusi maraqlarının nəzərə alınması ilə onun digər ölkələrə müstəsna müdaxilə etmə hüququna şamil olur.  Rusiya bu doktirinanı təqdim etməklə qonşu ölkələrə hərbi müdaxiləsini izah etməyə, ona don geyindirməyə cəhd etdi. Gürcüstan və Tacikistana hərbi qüvvələr yeridilməsi də bu doktirinaya əsaslanırdı. Moskvada belə bir oriyentasiya güclənməkdə olubdur ki, yaxın xaricdə olan ölkələr müstəqil hərbi gücə malik olmamalıdırlar. Həmçinin, yaxın xaric ölkələr qərblə hərbi və müdafiə münasibətlərinin genişlənməsi Rusiya üçün arzuolunmaz hesab olunur (Kolayi, 168: 1385).
Bu yanaşmanın Rusiyanın Qarabağ münaqişəsinin həllində hansı həddə təsir qoymasını izah etməyə ehtiyac yoxdur. Münaqişənin öz-özlüyündə beynəlxalq çəkişməyə çevilməsi imkanı vardır və nəticə olaraq beynəlxalq və regional oyunçuların ayağını münaqişəyə çəkir. Rusiyanın yaxın xaric təfəkkürünə əsaslanan bu mövzu  ölkənin təhlükəsizliyi və maraqları ilə ziddir. Rusiya da ona mane olmaq üçün "xüsusi təhlükəsizlik məsuliyyətinə" malikdir.
Tədqiqin ardında və "Qarabağ münaqişəsinin Rusiyanın təhlükəsizliyinə və maraqlarına təsiri" hissəsində yenidən bu mövzuya qayıdacağıq.

3.2.2. Azərbaycanın qərbə meyillənməsi
Hal-hazırda Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə geniş və dərin iqtisadi-siyasi münasibətləri, hətta hərbi əməkdaşlıqları mövcuddur. Buna baxmayaraq Rusiya, Azərbaycan ərazilərinə girdiyi və hərbi müdaxilələr etdiyindən, azərbaycanlılar üçün arzuolunmaz bir ölkə sayılır. Rus çarlığı və Sovet İttifaqı dönəmində rusların Azərbaycana hərbi hücumları, Qarabağın dəstəklənməsi üçün keçirilən dinc mitinqə Qırmızı Ordunun hücumu və 1990-cı ildə qanlı yanvar hadisələri, Qarabağ münaqişəsində Rusiyanın Ermənistanı dəstəkləməsi Azərbaycanda ruslara qarşı mənfi fikiri daha da gücləndirmişdir.
Azərbaycan Respubllikası, Rusiya-Ermənistan geniş əməkdaşlığına nəzər salmaqla həmişə onu öz təhlükəsizliyi üçün ciddi təhdid hesab edir. Ona görə də Rusiyanın Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilk missiyasında neytral mövqe tutacağına şübhə ilə yanaşır. Azərbaycana bu əqidə hakim olmuşdur ki, Rusiya, Cənubi Qafqaz regionunda "təfriqə sal, hökumət et" siyasəti yürütdükcə, Qarabağ münaqişəsi həll oluna bilməz. Ona görə də Rusiyanın sülh prosesində maraqlarına dərin bədbinliklə baxır. Belə nəzərə gəlir ki, ruslar bu mövzuda neytral deyildir və onun Cənubi Qafqaz münaqişələrinin həlli üçün  vasitəçiliyində bitərəf qalmasına inanmaq olmaz. Rusiyanın 2008-ci ildə birtərəfli olaraq Abxaziya və Cənubi Osetiyanı müstəqil ölkə kimi tanımsı, bu fikri təsdiqləyir (Kjaernet, 2009: 2- 3).
Qarabağ münaqişəsində mövcud həqiqət budur ki, Azərbaycan Respublikası bu münaqişədə Rusiyanın mövqei balansının qorunması üçün hər addımı atmasına baxmayaraq, Moskvanın Yerevana yardımları dayanmır. Ona görə də Bakı  qərbə meyillənməklə Qafqaz regionundan xaricdə özünə siyasi dəstək almağa cəhd etmişdir. Azərbaycan Respublikası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Müstəqil Dövlətlər Birliyində (MDB) iştirakçı olmaqla Qarabağ münaqişəsinin həlli üçün bir qapı açılacağını düşünürdü (Əşrəfi, 139: 1392).
Rusiyanın nüfuzu altında olan təşkilatlarda üzv olmağın nəticəsiz olduğunu gördükdə Bakı dövləti Müqavilənin bir üzvünün (Rusiya) digər bir üzvünə (Ermənistan), üçüncü tərəflə (Azərbaycan) müharibədə hərbi dəstək verməsini əsas gətirərək KTMT və MDB-də öz üzvlüyünü dayandırdı (Migdalovitz, 2001: 13).
Qeyd edilən əsasla, Azərbaycan beynəlxaq səviyyədə təhlükəsizliyin təmin edilməsi, diplomatik dəstək, silah-sursatla təmin edilməsi, infrastruktur sahələrində investisiya qoyuluşu, ölkənin iqtisadi inkişafı məqsədilə Amerika ilə münasibətləri genişləndirməyi öz gündəliyinə saldı (H.Cordesman, Gold, Shelala and Gibbs, 2013: 8). Bu proqram çərçivəsində Azərbaycan 1994-cü ildə NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramına fəxri iştirakçı kimi qoşuldu və bu yolla NATO ilə hərbi əməkdaşlığa başladı (Mohsini və Naibpur, 6-55: 1391).
Qeyd edək ki, ABŞ-ın Cənubi Qafqaza ağırlığı onun Azərbaycanla yaxın münasibətlərində dayanır. Azərbaycanın Ermənistan və Gürcüstanla müqayisədə yüksək strateji mövqeiyyəti, Qafqaz regionunun bütün neft və qaz resurslarının Azərbaycan coğrafiyasında yerləşməsi bu təmayülü ABŞ-a diktə edir. Belə ki, 1995-ci ildə Berjinski təkid edir ki, biz Qafqazda Azərbaycanı öz söykənəcəyimiz etməliyik ("ABŞ-ın Qafqaz regionunda siyasəti", 1382). Sözsüz ki, Azərbaycan da belə bir təmüyüldən istifadə etməyə çalışır. Həqiqətdə Azərbaycan-qərb münasibətləri qarşılıqlı geosiyasi ehtiyaclar üzərindədir. Regionda təhlükəsizlik və enerji axını sahələri iki tərəfin ortaq narahatlığını təşkil edir (H.Cordesman, Gold, Shelala and Gibbs, 2013: 8). Azərbaycan qərbi öz enerji resurslarına vasitə etməklə Qarabağ münaqişəsinin həllində qərbin dəstəyindən yararlanmağa çalışır.

3.2.3. Rusiya-Ermənistan strateji münasibətləri
Rusiya və Ermənistanın hazırkı münasibətlərini Rusiya və Osmanlı imperiyalarının tarixi rəqabətlərində axtarmaq lazımdır. Ermənilərin çoxu öz ölkələrinin Rusiya ilə əlaqələrini tarixi qaçılmaz bağlılığın təbii nəticəsi hesab edirlər. Onlar 1915-ci erməni soyqırımını və türklər tərəfindən varlıqlarının təhdid edilməsini bu zəminədə ən mühüm amillər hesab edirlər. Ermənilər hətta, Sovet İttifaqının parçalanmasından sonra Türkiyənin onların ölkəsinə hücum edəcəyindən qorxurdular. Bəzi sənədlərdən aydın olur ki, 1993-cü ildə Türkiyə dövləti Ermənistana hərbi hücum planı üzərində işləmişdir. Ona görə də Ermənistan, Rusiyaya daha çox yaxınlaşmaqla və öz gücünü Azərbaycan üzərində qələbəyə toplmaqla Türkiyənin Ermənistana mümkün hərbi hücumunun qarşısını almağa cəhd etmişdir. 1995-ci ildə Türkiyə ilə sərhəddə yerləşən Gümrü hərbi bazasının Rusiyaya verilməsi, həmin ilin avqust ayına qədər 4300 rus əsgəri, 80 tank və artilleriyasının Ermənistanda yerləşdirilməsi, Türkiyənin təhdidinin aradan qalxması istiqamətində baş tutmuşdur (J. McGinnity, 2010: 24-25).
Ermənistan-Rusiya münasibətlərində SSRİ-nin dağılmasından sonra diqqəti çəkən həddə sabitlik olmuşdur. Bunun da ən önəmli səbəbi bir-birlərinə qarşılıqlı ehtiyacın olmasıdır. Yerevan dövləti çalışır ki, Rusiya bu ölkəni silala təmin etsin və müxtəlif sahələrində investisiya qoysun. Rusiyanın da Cənubi Qafqazda siyasi-hərbi iştirakı Ermənistan vasitəsilə mümkündür (Minasyan, 2013: 5). Rusiya, Ermənistanı Cənubi Qafqazda onun nüfuzunu qoruyan hesab edir. Ermənistan da Rusiyaya düşmənçilik yaşanan bir mühitdə onu qoruya biləcək etibarlı müttəfiq kimi baxır (Minassian, 2008: 4). 1997-ci ildə iki ölkə arasında imzalanan dostluq müqaviləsinə görə qarşılıqlı hərbi əməkdaşlıq nəzərdə tutulmuşdur. Belə ki, üçüncü bir ölkə hücum edərsə, hər iki ölkə bir-birlərinə qarşılıqlı hərbi yardım etməlidirlər. Bu mövzu Qafqaz ölkələrindən yalnız Ermənistan daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) da qeyd olunub və müqavilənin məqsədlərindən biri də iştirakçı dövlətlərin xarici hücumlardan müdafiəsidir (Mikhelidze, 2010: 6).
Ermənistan, silahı Rusiyadan bu ölkənin daxili qiymətlərinə, yəni rus ordusunun aldığı qiymətə alır. 1999-cu ildə Rusiya Ermənistanda yerləşən üç hərbi bazasında: Türkiyə ilə sərhəd ərazidə yerləşən Gümrü 102-cı hərbi bazası, Erebunidəki 426-cı hərbi bazası və Meğridəki hərbi bazasında yer-hava "S-300" zenit-raket kompleksləri, 18-dən 20-dək ədəd “MiQ-29" qırıcı təyyarəsi yerləşdirdi. Məlum qərarla bu ölkə "Scud B" ballastik raketləri və ona aid atıcı qurğular Ermənistana köçürüldü )Ibid).  
Həmçinin, Rusiya Ermənistanın iqtisadiyyatında ən çox investisiya qoyan ölkədir. İki ölkə arasında mübadilənin həcmi daim artmaqda olmuşdur. 1996-2005-ci illər arasında Rusiya Ermənistanın iqtisadi sahəsinə 405 milyon dollar investisiya qoymudur (Minassian, 2008: 8). Rusiyanın bu ölkədə ümumi investisiyasının həcmi 2012-ci ildə 3 milyard dolları ötmüşdür və ən çox enerji və rabitə sahəsinə sərmayə qoyulmuşdur (Minasyan, 2013: 1).

3.2.4. Regionda enerji geosiyasəti və onun ötürülmə xətləri
Rusiya 33% təbii qaz, 1% xam neft, 20% daş kömür, 14% urana malik olmaqla dünyanın 5-ci  enerji mənbəyi sayılır. Ona görə tamamilə özəl bir mövqeə sahibdir. Bir çox enerji mütəxəssisləri Rusiyanı 21-ci əsrin "enerji supergücü" adlandırırlar. Ona görə də Rusiya qarşı tərəflərlə öz əlaqəsini qorumaq və nəzarətdə saxlamaq üçün enerji mövzusu üzərinə çox hesab açmış və xüsusi həll yolları nəzərdə tutmudur. Bu əsasla, inhisarçılığı və Avropa bazarlarında genişlənməyi qorumasını Rusiyanın enerji sahəsində ən mühüm strategiyası hesab etmək olar. Buna uyğun olaraq Rusiya öz strategiyasında iki yanaşmanı eyni zamanda izləyir:
1. Təhlükəsizliyin təmini və enerji ötürülməsi yollarında diversifikasiya.
2. Hər hansı bir mənbədən Avropaya ötürülə biləcək qaz ixracının qarşısını almaq (Əthəri, Bəhmən və Əlipur, 1391: 10-12).
Rusiyanın enerji siyasətlərinin əksinə olaraq Azərbaycan Respublikası zəngin enerji ehtiyatlarına malik olmaqla öz diplomatiyasını və enerji xətlərini üç məqsədə çatmaq yönəmində layihələşdirib:
1. Müstəqilliyin qorunması.
2. İşğal olunmuş ərazilərini qaytarmaq və ərazi bütövlüyünü qorumaq.
3. Özünü təminetmə və iqtisadi gücə malik olmaq (İsmayılov, 1999: 2).
Bu arada ikinci məqsədi Azərbaycanın enerji diplomatiyasının ən başlıca hədəfi kimi tanıtmaq olar. Çünki Qarabağ Azərbaycanın ərazi və siyasi tərkibində olmadan və işğal altında olan torpaqların geri qaytarılmadan, müstəqillik və ərazi bütövlüyü və bundan da önəmli olan millət anlayışı Azərbaycan Respublikasının xalqı və dövlət başçıları üçün təsəvvür edilmir. Ona görə də ölkənin böyük neft və qaz ehtiyatlarına diqqət etməklə bu ölkə cəhd etmişdir ki, ötən 20 ildə beynəlxalq əməkdaşlıq sahəsində fəal oyunçuya, birbaşa xarici investisiyaların cəlb etmək, böyük neft şirkətləri ilə neft ehtiyatlarının kəşf etmək və enerji ötürülməsi sahələrində iştirakçıya çevrilsin. Belə ki, Avropa İttifaqının enerji məsələləri üzrə komissarının açıqlamasına əsasən, Avropa İttifaqı üçün hal-hazırda Azərbaycan cənub dəhlizi və enerji layihələrində olduqca əhəmiyyətli ortaq hesab olunur (Paul and Rzayeva, 2011: 2).
2004-cü ildən başlayaraq Azərbaycanın enerji siyasətinin nəticələrindən biri də bu ölkənin Rusiyadan enerji idxalından asılılığını qurtarmaq olmuşdur. Bundan qabaq Azərbaycan öz enerjisini Rusiya boru kəmərləri vasitəsilə ötürülməsindən asılı idi. Bu məsələ də enerjinin qiyməti, tranzit xərcləri müzakirələrində Azərbaycanın mövqeini zəiflədirdi. Xüsusilə də Qarabağ münaqişəsi məsələsində Rusiya-Ermənistan strateji münasibətlərinə və Rusiyanın Ermənistanı açıq-aşkar dəstəkləməsinə diqqət etməklə Rusiyaya bağlılıq Azərbaycanı təhlükəyə salırdı və rusların intiqam ala bilmək qorxusu, təşəbbüsü Azərbaycanın əlindən çıxarırdı. Enerji ixracı üçün Rusiya boru kəmərlərindən asılılıq prosesi Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışına qədər davam etdi. 2005-ci ildə bu layihənin gerçəkləşməsi ilə Rusiyanın Xəzər dənizi neftinin ötürülməsində inhisarına son qoydu. Həmçinin, 2006-cı ildə Cənubi Qafqaz qaz xəttinin çəkilişinin başa çatması ilə Azərbaycan qaz ixracında daha artıq müstəqil oldu. Bu hadisənin mənası o idi ki, Azərbaycan bundan sonra Rusiyanın enerji qiymətləri, tranzit xərclərini artırması kimi təzyiqlər və təbii qazın Bakıya ixracının kəsilməsi, Azərbaycan qazının xaricə ötürülməsində maneçiliklərindən yaxa qurtaracaq və öz xarici siyasətində müstəqil olacaq. Amma Rusiyanın nəzərində bu məsələ Bakıya təzyiq göstərə biləcək enerji adlı ən mühüm vasitəsindən məhrum olmaq demək idi. Hal-hazırda Kreml Azərbaycanda öz nüfuzunu qorumaq üçün digər vasitələri sınaqdan keçirir (Kjaernet, 2009: 3).
Qeyd edilməsi önəmli olan digər bir məsələ budur ki, Qarabağ münaqişəsinin digər tərəfi olan Ermənistan enerji idxalına görə Rusiyadan bərk asılı vəziyyətdədir. Rusiyanın Ermənistana enerji ötürməsi Gürcüstan ərazisindən keçməsini və Azərbaycanın Gürcüstanın bir çox bölgələrini qazla təmin edilməsini öz nəzarətində saxlamasını nəzərə alsaq, onda belə nəticəyə gəlmək olar ki, zərurət yaranarsa, Azərbaycan Rusiyanın Ermənistana qaz ötürməsi tranzit yolunu bağlaması ilə təhdidi edə bilər (Kjaernet, 2009: 4).
Bütün bunlar geosiyasətdə enerjinin önəmli təsirə malik olmasını və onun ötürülməsində Rusiyanın Qarabağ münaqişəsində Azərbaycanla balans yaratmaq üçün istifadə etmək istəməsini və Cənubi Qafqazda qərb dövlətlərinin və şirkətlərinin qarşısını almağa cəhd etməsini göstərir.

3.2.5. Qərbin regionda genişlənməyə meyli
SSRİ-nin parçalanmasından sonra soyuq müharibə dövründə qərb bloku olan ölkələr SSRİ-dən ayrılmış Şərqi Avropa, Qafqaz və Orta Asiya ölkələri ilə siyasi, iqtisadi və hərbi münasibətlər qurmağa başladılar. Bu münasibətlər fərdi və kollektiv formalarda (Avropa Birliyi və NATO) yeni müstəqillk qazanmış Qafqaz və Orta Asiya ölkələri ilə aydındır. Qərbin bu regionlara baxışı tamamilə fərqli və Rusiyanın baxışlarının əksinədir. Bu regionlar qərb üçün daha çox əhəmiyyət daşıdığından onların Rusiyanın nüfuzu altında qalmasını istəmir. Qərbin ilk və əsas hədəfi odur ki, bu iki məntəqə Rusiyanın nüfuzundan xaric olsun və ya ən azından bu ölkələrdə nüfuzu azalsın və bunun əvəzində qərbin sözü gedən ölkələrdə hərtərəfli nüfuzu üçün şərait yaransın. Qərbin ikinci məqsədi budur ki, Rusiyanın regiondakı enerji inhisarçılığına son qoymaq və bu yolla özlərinin Rusiya və regiona olan enerji bağlılıqlarını nəzərə almaqla gələcəkdə Rusiyanın enerjidən bir alət kimi istifadə etməsinin qarşısını almaq və öz gələcək enerjilərini təmin etmək üçün zəmanət yaratmaqdır. Reallıq budur ki, ABŞ və qərb ölkələri Rusiyanın bu regionlarda gücünün artmasından və nüfuzunun genişlənməsindən qorxurlar. Rusiyanın bu ölkələrdə nüfuzu ABŞ və qərb üçün acı nəticələr verə bilər (Əhmədiyan və Qulami, 1388: 18-19).
Qafqaz regionu təkcə enerji ehtiyatlarına və ABŞ-ın üzünə yeni enerji sahəsi açdığı üçün deyil, həm də regionun geostrateji baxımdan İran və Rusiya arasında maneə olması ("ABŞ-ın Qafqaz regionunda siyasəti", 1382) və hər iki ölkəni bu regiondan nəzarətdə saxlamaq üçün əlverişli olduğuna görə əhəmiyyətlidir. ABŞ Qafqaz ölkələrini Rusiya dairəsindən xaric etmək məqsədilə Gürcüstanda rəngli inqilab hazırlayaraq həyata keçirdi, Qafqaz ölkələrini Rusiyadan uzaqlaşmağa təşviq etməklə, Avropa-Atlantik qurumlarına, o cümlədən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, QUAM, Trasika və NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramı, NATO kimi digər qurumlarda iştirak etməyə imkan yaratmaqla tədricən Rusiyanın dairəsini kiçiltmək siyasəti həyata keçirdi. Deyilənlərə görə, Vaşinqton ötən 20 ildə Rusiyanın iqtisadi, siyasi gücünü parçalamaq, vəhdətində xələl yaratmaqla onu üç yerə – Avropa Rusiyası, Sibir və Uzaq Şərq – bölmək niyyətində olmuşdur (Qalibaf və Cuneydi, 1388: 151).
Avropa Birliyi də Qafqaz regionuna böyük əhəmiyyət verir. Ona görə də 1995-ci ildə Qafqazla xüsusi stretegiya qurmağı planlaşdırdı və onun əməli həll yolu Avropa ölkələrinə təqdim edildi. Habelə, 2000-ci ildə Azərbaycan və Ermənistanı ATƏT-ə üzv olmağa razı oldu. Belə nəzərə gəlir ki, NATO və ATƏT-in təhlükəsizlik sahəsinin genişlənməsi və Qafqazda enerji resurslarından istifadə edə bilməsi və nəzarətdə saxlamasına diqqət etməklə Avropa Birliyi Qarabağ münaqişəsinin dinc yolla həll olunmasını istəyir. Çünki belə bir yolu seçməklə regionda əmin-amanlıq və sabitlik yaranacaq. Bu da region ölkələrini qərbə və Avropa Birliyinə yaxınlaşdıracaq (Gamaghelyan, 2005: 7). Ona görə də Avropa Birliyi Minsk qrupunda Fransanın bir həmsədr kimi təsir qoymasından əlavə, Qarabağ münaqişəsində öz nüfuzlarını icra etmək üçün digər iki yoldan da istifadə etməyə çalışır:
a) Avropa ilə qonşuluq siyasəti. Bu siyasəti Avropa Komissiyası hazırlayır və icra edir.
b) Avropa Şurasının qəyyumluğu ilə icra olunan Avropa Birliyinin Qafqaz üzrə xüsusi nümayəndəliyi.
Birinci siyasətə və 2006-cı ildə yayılmış sənədə uyğun olaraq Qarabağ münaqişəsinin çözümündə davamlı düzgün vədi nümunə kimi göstərilir (Wolff, 2007: 2).

3.3. Qarabağ konflikti və onun Rusiyanın təhlükəsizliyi və maraqlarına təsiri
Yuxarıda qeyd edildiyi kimi tədqiqin bu hissəsində yenidən "yaxın xaric" anlayışına qayıtmağımız Rusiyanın Qarabağ münaqişəsində rəftarını daha artıq dərk etməyə kömək edə bilər.  
Realizm və güc siyasəti anlayışı üzərində təkid edən hazırkı araşdırma postsovet ölkələriin sərhədləri ilə strateji genişlənmənin dərinləşməsi ilə Rusiyanın maraq və təhlükəsizliyinin tarixinə nəzər salır. Kozyrev bu mövzuya toxunaraq deyir: "Rusiyanın həyati maraqları bu regiona yönəlib və bu nahiyədən də təhdid olunur". 3 mart 1993-cü ildə Rusiyanın Təhlükəsizlik Şurası keçmiş Sovet İttifaqı ölkələrinin sərhədlərində Rusiyanın təhlükəsizlik maraqlarına görə sülhü qoruyan prinsip qəbul edildi. Bu prinsip postsovet ölkələri sərhədlərində Rusiyanın müdafiə olunmasına xüsusi və fövqəladə təkid edir və göstərir ki, Rusiya bu ərazilərdə üçüncü xarici siyasi-hərbi gücün iştirakı ilə ciddi müxalifdir (Leyk və Murqan, 1381:310).
"Yaxın xaric" strateji əhəmiyyəti Rusiyada həmişə öz yerini qorumuşdur. Putin üçün də Rusiya ətrafında sabitlik və təhlükəsizliyin qorunması və yaxın xaricdə yad qüvvələrin nüfuzunun artması ilə qarşılaşmaq böyük əhəmiyyət daşıyır (Kulayi, 1385: 298).
Rusiyanın yaxın xaricdə siyasətləri bu ölkənin ehtiyacları ilə inkaredilməz həddə ilgilidir və Rusiya Federasiyasının dağılmaq təhlükəsi üçün büruz edən hər növ dəyişikliyə qarşı çıxır. Rusiyanın nəzərincə qərb ölkələri başçıları Ruyasnın regiondakı maraqlarını rəsmi olaraq tanımalıdır və bunun ardınca Rusiya, bu ölkələrin hərbi təhlükəsizliyinə və siyasi sabitliyinə zamin olmalıdır. Ona görə də Rusiya "xüsusi təhlükəsizliyin məsuliyyəti"nə malik bir ölkə hesab olunur və ona görə də sülhün təmin olunması üçün addım atmalıdır. Rusiya strateqləri qeyri-sabitlik qövsünün  Gürcüstandan Çinə qədər uzanacağını və bunun Rusiya üçün ciddi təhlükəsizlik nəticələri olacağını düşünürlər. Onların fikrincə qarşıdurma bölgələrində Rusiyanın dərhal müdaxiləsi həmin bölgədə digər güclərin artmamasına və nüfuz qazana bilməməsinə səbəb olacaq (Kulaiyi, 1385: 20-319).
Bu yanaşma ilə Rusiya, Sovet İttifaqının dağılması illərindən sonra öz qonşuluğunda;  Moldovada Dnestryanı , Ukraynada Krım, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ kimi separatçı münaqişələri dəstəkləməsi ilə yaxın xaricdə öz nüfuzunu qorumağa cəhd edib. Moskvanın əsas hədəfi postsovet ölkələrində xarici qüvvələrin müdaxiləsini məhdudlaşdırmaqdır (Minassian, 2008: 7). Rusiya çalışır ki, bu münaqişələrdə öz idarəçiliyini icra etməklə öz qonşuluğunda "sabit qeyri-sabitlik"  durumunu qoruyub saxlamaq istəyir. Bu durum regionda Rusiyanını iştirakına haqq qazandıra və münaqişə tərəflərinin siyasi və iqtisadi zəifliklərindən faydalanmağa imkan yarada bilər (Mikhelidze, 2010: 2).
Yaxın xaric təfəkkürünə diqqət etməklə Qarabağ münaqişəsi Rusiya üçün daxili və xarici olmaqla iki baxımdan əhmiyyət kəsb edir:
Daxili baxımdan qonşuluq, bağlılıq və bu münaqişənin Şimali Qafqazda qoya biləcəyi təsirlər.
Xarici baxımdan Qarabağ münaqişəsinin regional və transregional gücləri bu məntəqəyə çəkməsi (Vaizi, 1389: 199).
Rusiyanın Monro doktrinasına əsasən, yaxın xaricdəki bütün münaqişələr, o cümlədən Qarabağ konflikti ilk mərhələdə Rusiya Federasiyasının ərazi bütövlüyü ilə əlaqəlidir. Həqiqətdə Qarabağ münaqişəsinin idarə olunması Şimali Qafqazda onun mümkün oxşarının yaranması və başqa ərazilərə genişlənməsinin mümkünlüyünə görə Rusiya üçün önəmli əhəmiyyəti vardır. Rusiyada təqribən 100 etnik qrup yaşayır. Bu ölkənin müxtəlif bölgələri arasında Cənubi Qafqazda daha çox müxtəlif etnik tayfalar məskunlaşmışdır. Çeçen böhranı və Dağıstan hadisələri Rusiyanın bu məntəqəyə daha çox həssas olmasına səbəb olmuşdur. Cənubi Qafqaz hadisələri, xüsusən də Qarabağ münaqişəsi şərait və Qafqaz tayfalarından bəzilərinin separatçılıq meylləri üzərində çox təsir qoydu (Vaizi, 1389: 199).
Çeçen döyüşçülərinin könüllü olaraq  Qarabağ müharibəsində iştirakı və bunun əvəzi olaraq Azərbaycan Respublikasının onları Rusiya-çeçen münaqişələrində dəstəkləməsi Qarabağ münaqişəsi və Şimali Qafqaz məsələlərinin bir-birinə bağlı olmasını göstərir. Rusiya çox yaxşı başa düşür ki, Şimali Qafqazın sabitliyi Azərbaycanın sabitliyinə çox bağlıdır. Xüsusilə də Dağıstanın sabitlik və təhlükəsizliyi Azərbaycanla qonşu olduğu, azəri azlıqlarının bu bölgədə məskunlaşması, habelə, ləzgi və avarların Azərbaycanda məskunlaşmasına görə bu ölkənin sabitlik və təhlükəsizliyindən bərk asılıdır (Valiyev, 2011: 135-36).
Daxili təhlükəsizlik və ərazi bütövlüyünü qorumaq məqsədilə dini-etnik oyanmaların nəzarətdə saxlanılması, idarəçiliyi və onun Rusiyanın daxilinə genişlənməsinin qarşısını alınması üçün Azərbaycan Respublikasına təzyiq vasitəsi olaraq Qarabağ münaqişəsindən istifadə etmək Rusiya dövlət başçılarının gündəliyində dayanmışdır.
Digər əsas bir narahatlıq budur ki, Qarabağ münaqişəsi Rusiya təhlükəsizlik və maraqları üçün yaxın xaricdə problem yaradır, regional və beynəlxalq güclərin ayağını bu regiona açır. Rusiyaya məlumdur ki, Azərbaycanın NATO ilə əlaqələrinin genişlənməsinin qarşısını alan yeganə amil Qarabağ münaqişəsidir və münaqişə öz həllini tapdığı surətdə bu ölkə sürətlə NATO və anti-rus qövsündə dayanacaq (Valiyev, 2011: 143).  
Xüsusilə də yuxarıda qeyd edildiyi kimi Rusiyanın münaqişənin bir tərəfini strateji dəstəkləməsinə reaksiya olaraq, Azərbaycan Respublikası öz neft-qaz ehtiyatlarından istifadə edərək qərb oyunçularını Cənubi Qafqaza cəlb etdi. Azərbaycanın NATO-nun proqramlarında fəaliyyətini də bununla əsaslandırmaq olar. Bu iştiraklar Qarabağ münaqişəsi mövzusunda Rusiyanın siyasətlərinə təsir qoymaq, onu hər iki tərəfi eyni olaraq dəstəkləməyə məcbur etmək, sülh müzakirələrində Azərbaycanın xeyrinə mövqe tutması üçün həyata keçir. Bu əsasla Azərbaycan NATO-da birbaşa və daimi üzvlüyü də ümdə məqsəd olaraq izləyir (Vahidi, 1385: 48:441).
Aydındır ki, yaxın xaricdə qərb güclərinin iştirakı, xüsusilə də NATO kimi hərbi təşkilatlarının hüzuru postsovet ölkələrində Rusiyanın maneəsiz hüzurunu məhdudlaşdırır. Qeyd olunan mövzu Cənibi Qafqaz regionu kimi çox əhmiyyətli bir məsələdə və bu regionun dövlətlərinin qəryönümlü olması ilə Rusiya dövlətini Qarabağ münaqişəsinin idarə olunmasına daha çox həssas edir. Bu münaqişənin Rusiya üçün digər əhəmiyyəti ona görədir ki, bu münaqişə Cənubi Qafqazda yerləşir və bu region Rusiyanın azad sulara çıxışı və strateji əlaqələri üçün ən önəmli yoludur. Bu üzdən onu qorumaq Rusiyanın başlıca marağı və orada nüfuz etmək Rusiyanın rəqiblərinin hədəfidir (Əhmədiyan və Qulami, 1388: 8).
Cənubi Qafqaz, Şimali Qafqaz və İslam dünyası arasında divar yaradır. Bu region Türkiyə və İranla həmsərhəddir. Rusiya da həmişə bu iki regional gücü Qafqazda öz nüfuzu üçün problem hesab edir. Türkiyə NATO iştirakçısı və pantürkçü baxışla, İran da islami siyasi inkişafla Rusiyanın yaxın xaricdə maraq və təhlükəsizliyini təhdid edən arzuolunmaz oyunçu hesab olunur. Cənubi Qadqaz Rusiyanın Yaxın Şərqlə əlaqələri üçün körpü, yaxud bənd rolunu oynaya bilər. Ona görə də əgər bu məntəqə Rusiyanın nüfuz dairəsində olsa, Rusiyanın Yaxın Şərqə qapısı olacaq. Amma digər dövlətlərin nüfuzu altında olsa, Moskvanın Yaxın Şərq hədəflərinin qarşısında maneəyə çevriləcək.
Cənubi Qafqaz iqtisadi qaynaqları ilə də Rusiya üçün əhəmiyyət kəsb edir. Azərbaycanda enerji mənbələri və Orta Asiya neftinin Qafqaz yolu ilə qərbə tranzitinin mümkünlüyü regionun geosiyasi və geoiqtisadi əhəmiyyətini daha da artırır. Cənubi Qafqaz, həmçinin qərbin Orta Asiyaya çıxışı üçün mühüm bir yol hesab olunur. Onun Moskva tərəfindən nəzarətdə saxlanılması qərbin Orta Asiyada nüfuzunu məhdud etmək və Rusiyanı gücləndirmək deməkdir (E.Cornell, 1999: 50).
Rusiyanı Qarabağ münaqişəsi üzərində düşündürən digər məsələ Cənubi Qafqazın hər üç ölkəsinin qərbyönümlü olmasıdır. Azərbaycan, Rusiyanın Ermənistanı dəstəkləməsinə görə, Gürcüstan isə Cənubi Osetiya və Abxaziya məsələsinə görə Rusiya tərəfindən hərbi hücuma məruz qaldığından bu iki ölkənin qərbə meyli təbiidir. Lakin, Rusiyanı daha çox narahat edən məsələ bu meylin Ermənistanda yaranmasıdır. Reallıq budur ki, Rusiya-Ermənistan münasibətləri asimmetrik əlaqələrdir və burada Ermənistan enerji, dəmir yolu və telekommunikasiya sahələrində Rusiyadan bərk asılıdır. Maraqların olmasına baxmayaraq, bu növ əlaqələr Ermənistanı çox məhdud etmişdir. Ermənistan isə öz növbəsində komplementar  (tamamlayıcı) xarici siyasət seçməklə qərb və Rusiya ilə münasibətlərində mümkün həddə balansı qorumağa çalışır. Bu üzdən Ermənistan, NATO və Avropa təşkilatlarının proqramlarında fəal iştirakçı olmağa cəhd edir, müdafiə, terrorizmlə mübarizə, demokratiyanın genişlənməsi, iqtisadi modernləşmə sahələrində ABŞ-la əməkdaşlıq edir. (Galstyan, 2013: 3.) Halbuki, Ermənistanın Rusiya üçün əhəmiyyəti əvvəlkindən daha çoxdur. 2012-ci ilin dekabrında Azərbaycanın Qəbələ RLS-in icarə müddətinin artırılmasına razı olmaması üzündən Bakı-Rusiya münasibətlərində soyuqluq yaranması və  2008-ci ildə Gürcüstan-Moskva münasibətlərində gərginlik və müharibənin ardınca Rusiya üçün Ermənistanın əhəmiyyəti ikiqat artmışdır. Çünki Moskva bilir ki, Ermənistanı da itirəcəyi surətdə, Rusiyanın Cənubi Qafqazda hərbi və siyasi iştirakının sona yetməsi olacaq. (Minasyan, 2013: 2-4)
Rusiyanın Ermənistanda üç hərbi bazası – Türkiyə ilə sərhəd ərazidə yerləşən Gümrü 102-cı hərbi bazası, Erebunidəki 426-cı hərbi bazası və Meğridəki hərbi bazası (Minassian, 2008: 11) – Ermənistanı Cənubi Qafqazda Rusiyanın sərhəd postuna çevirmişdir. İki ölkə arasında strateji müttəfiqlik Moskvaya bu imkanı verir ki, Xəzər dənizi, Qara dəniz və Baltik dənizinə nəzarət etsin, regional enerji strategiyalarının mərkəzində qərarlaşmaqla dünya enerji xəritəsinin yeni oxunuşunda təsirli rol ifa edə bilsin (Minassian, 2008: 7.) Sözsüz ki, Rusiya üçün belə bir imkan təkcə Qarabağ münaqişəsini əlində saxlamaqla və münaqişədə Ermənistan tərəfi özündən asılı vəziyyətdə saxlamaq yolu ilə yarana bilər. Aydındır ki, Qarabağ münaqişəsinin dinc yolla çözülməsi Ermənistanı Rusiyanın dəstəkləməsinə ehtiyacdan və ifrat asılılığından xaric edə və qərbə tərəf yönəldə bilər. Nəticədə Rusiya yuxarıda qeyd olunan potensiallardan faydalana bilər.

3.4. Qarabağ konfliktinin idarə edilməsində Rusiyanın siyasəti
Yuxarıda qeyd olunan şərtlər Rusiyanı Qarabağ münaqişəsi qarşısında ikili siyasət yürütməyə məcbur edib. Birincisi, Rusiya Qarabağ münaqişəsini öz regional maraqları dairəsində təkbaşana idarə etmək və onun dinc yolla həllini özünün təhlükəsizlik və maraqlarının təmin edilməsi ilə şərtləndirmək istəyir. İkincisi, münaqişənin həllində Rusiyanın təhlükəsizliyi və maraqları təmin olmadığı surətdə məsələ donma durumunda saxlanılsın, Ermənistan-Azərbaycan münasibətləri silahlı sülh vəziyyətində davam etsin.
Bu məqsədə uyğun olaraq, Rusiya, Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan müzakirələrdə əvvəldən mühüm rol oynamış və həmişə danışıqların sabit ünsürü olmuşdur. Bu ölkə münaqişənin həlli üçün iki istiqamətdə beyəlxalq səviyyədə vasitəçilik etmişdir:
1- Qarabağ münaqişəsinin həll olunması üçün 1992-ci ildə əsası qoyulmuş ATƏT-in Minsk qrupu çərçivəsində ABŞ və Fransa ilə birlikdə.
2- Münaqişənin həlli yolları tapılması üçün Ermənistan və Azərbaycan prezidentlərinin arasında görüşlər təşkil etmək (Fuller, 2013: 5).
Rusiya, BMT-nin Qarabağ münaqişəsi barədə qətnamələrini dəstəkləmiş və Minsk qrupunun digər üzvləri ilə müqayisədə daha çox müzakirələrə ev sahibliyi etmiş və daha çox həll yolları təqdim etmişdir (Jarosiewicz and Strachota, 2011: 4).
Yuxarıda qeyd edilən ikili siyasət əsasında Qarabağ münaqişəsinin idarə olunmasında Rusiya həmişə realizmə söykənən iki əsas yanaşmanı izləyib:
1. Qarabağ münaqişəsinin həll prosesini Rusiyadan asılı vəziyyətdə saxlamaq.
2. Münaqişə tərəfləri arasında strateji balansı qorumaq.
Əlbəttə, Rusiya münaqişənin həll olunmasını dəstəklədiyini bildirir və bu prosesdə mənfi təsir qoyan amil kimi tanınmasını istəmir (Vaizi: 1389: 199). Bununla belə Rusiyanın münaqişədə icra etdiyi siyasət yuxarıda işarə olunan yanaşmalar əsasındadır. Ona görə də Rusiya onun iştirakı olmadan keçirilən bütün müzakirə və vasitəçilikləri uğursuzluqla sonlandırmağa cəhd edib. Belə bir nakam vasitəçiliyə nümunə olaraq 1992-ci ilin fevral və may ayılarında İranın Azərbaycan və Ermənistan arasında vasitəçiliyini göstərmək olar. Hər iki ölkə başçılarının atəşkəs imzaladığı bu vasitəçilik rusların təxribatının qurbanı olaraq uğursuzluqla nəticələndi. Birinci vasitəçilik, ermənilərin Xocalıda qətliam törətmələri, ikinci vasitəçilik, tərəflər arasında müqavilənin imzalanmasına baxmayaraq, Ermənistan, Azərbaycanın strateji şəhəri sayılan Şuşanı işğal etdi və bunun ardınca da sülh prosesi nəticəsiz qaldı. Belə inanırıq ki, hər iki hadisənin, yəni Xocalı qətliamı və Şuşanın işğalının arxasında Rusiya dayanıb. Həqiqətdə Rusiya öz hərbi bölmələrini münaqişəyə qatmaqla Azərbaycanı münaqişənin bitməsi üçün başqalarını vasitə etdiyinə görə cəzalandırdı. Həmçinin, regional və transregional güclərə göstərdi ki, hətta Qarabağ müharibəsində birbaşa iştirak etmək bahasına da olsa digər oyunçulara Qarabağ münaqişəsi dəhllizindən istifafdə edərək "yaxın xaric"də nüfuzlarını artırmağa icazə verməyəcək (Nassibli, 1999: 14-15).  
Rusiya, onun maraqları nəzərə alınmadığı hər bir sülh layihəsi ilə müxalifət etmişdir. Bu layihələrdən biri də Qoblın "ərazi mübadiləsi" təklifidir. Bu layihəni irəli sürən amerikalı politoloq Pol Qobl mübadilənin şərtlərini belə qeyd edir:
1. Qarabağın bir hissəsi Azərbaycan tərəfdə axan çaylarla birlikdə Ermənistana verilsin.
2. Azərbaycan və Naxçıvan arasında yerləşən Ermənistan ərazisi Azərbaycana verilsin.
Bu layihədə qarşıya çıxan problem, o cümlədən ikinci bənd icraya qoyulduğu surətdə Ermənistanın İranla əlaqəsinin kəsiləcəyinə, buna görə də Ermənistanın bu layihə ilə razılaşmayacağının aydın olmasına diqqət etməklə Qobl layihəyə düzəliş verməyə çalışdı. O təklif etdi ki, Qarabağın bir hissəsi, Ermənistanın bir hissəsi qarşılığında – zahirən, Azərbaycanı Naxçıvana birləşdirə biən Meğri (Mehri) bölgəsi – Ermənistana verilsin (Abasov and Khachatrian, 2006: 40). Bu layihə Qoblın ikinci layihəsi kimi tanınır.
Rusiya hər növ şərq-qərb münasibətlərinin Qafqazda onun nüfuzunu və iştirakını azaldacağına səbəb olacağını düşündüyü üçün bu layihələrlə razılaşmayıb. Birincisi buna görə ki, bu layihənin icrası Qarabağ münaqişəsinin başa şatması deməkdir, yəni Rusiynın Azərbaycan və Ermənistana təzyiqlərinin sona yetməsi. İkincisi budur ki, Bakı-Ankara əlaqələrinin möhkəmlənməsi "yaxın xaric"də Türkiyənin nüfuzuna və pantürkizmin genişlənməsinə səbəb olacaq. Bu da Rusiyanın təhlükəsizlik maraqları ilə uyğun gəlmir (Səduq, 1373: 171). Üçüncüsü, bu layihənin uğuru ABŞ və qərbin uğuru deməkdir. Münaqişənin həllinin ABŞ və qərbin əlinə düşməsi və onların əli ilə düyünün açılması Rusiyanın xoşuna gəlmir. Çünki bu məsələ qərblə rəqabət meydanında uduzmaq, onun nüfuzunun zəifləməsi və məntəqədə hüzurunun azalmasına bərabərdir (Surənari, 1391: 160).
2002-ci ilin əvvəlində Rusiyanın prezidenti Vladimr Putin bildirdi: "Tərəflər arasında sülh müqaviləsi imzalandığı surətdə ona zəmanət verməyə hazırdır".  2006-cı ildə də müdafiə naziri S. İvanov da həmin məzmunu bu sözlərlə təkrarladı: "Münaqişə tərəfləri siyasi-diplomatik yollarla razılığa gəlsələr, Moskva məntəqəyə sülhü qoruyan qüvvələr göndərməyə hazırdır". (Hovhnnisyan, 2011: 74) .Aydındır ki, Rusiya o sülh razılaşmasını təsdiq edir ki, onun mətnində təhlükəsizlik yönümündə təzmini Rusiyaya tapşırılsın və sülh zamanı, hətta sülhdən sonra da Rusiyanın regionda hüzuruna zəmanət versin. "Rusiyanın icbari sülhü"  adlanan münaqişə məntəqəsində rus sülhməramlılarının yerləşmə metodu Osetiya və Abxaziyada həyata keçirilmiş üsul ilədir. Onun Qarabağ barədə də həyata keçirilməsi rus əsgərlərinin Azərbaycana qayıtması və Rusiyanın Cənubi Qafqazda güclü iştirakı prosesini təkmilləşdirəcək (Valiyev, 2011: 135-36).
Beləliklə, Rusiya indiyə kimi yerinə yetmiş vasitəçilikləri və təklif edilmiş sülh layihələrini öz maraqları ilə üst-üstə düşmədiyi üçün nakam qoymuşdur. Belə ki, hətta Qarabağ münaqişəsində qalib tərəf olan və Rusiyanın dəstək çətri altında yaşayan Ermənistan da Rusiyanın sülh prosesinə mane olmasını etiraf edir. Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın fikrincə: "Rusiya və ATƏT arasında razılıq əldə olunmaması sülhün əsas maneəsi və böhranın uzun sürməsinin səbəbidir. Bu gün sülhün yaranması heç də qarşıdurma tərəflərinə bağlı yox, tamamilə vasitəçilərdən asılıdır. Döyüş indi yerini müharibə meydanından iki vasitəçi arasında mübarizəyə vermişdir" (Vaizi, 1379: 190). Yuxarıda da toxunulduğu kimi bu baxış Azərbaycanın elitası, dövlət rəsmiləri və ümumi fikir arasında Ermənistanla müqayisədə daha çox bədbinliklə yanaşıdır.
Rusiyanın Qarabağ konfliktində öz ikili siyasətlərini gerçəkləşdirmək üçün digər yanaşması tərəflər arasında balans yaratmaq və onu qorumaqdır. 2002-ci ildə V. Putin bu yanaşmanı belə izah etdi: "Rusiya dövləti çalışır ki, Qarabağ münaqişəsində nə udan tərəf olsun, nə də uduzan və bu tənha çıxış yoludur". (Minassian, 2008: 15).
Realizm metoduna uyğun olaraq güc balansının pozulması müharibəni qaçılmaz edir. Morgentaunun fikrincə, güc balansına söykənən sistemdə balans sabitliyini tənzimləmək üçün üçüncü güc olmalıdır. Balans gücünü yaradacaq ölkənin vəzifəsi gücləri tənzimləməkdir. Üçüncü güc qarşıya çıxan tələblərə uyğun olaraq təhdid olunan tərəfi elə dəstəkləməlidir ki, ona qarşı yönəlmiş təhlükəni özündən uzaqlaşdıra bilsin (Seyfzadə, 1374: 62).
Rusiya rəsmiləri bu təfəkkürlə münaqişənin tərəfləri arasında gücləri tarazlaşdırmaq, nəticədə Azərbaycan və Ermənistan arasında yeni müharibənin yaranmasının qarşısını almağa cəhd edirlər. Çünki yeni müharibənin yaranması birincisi, xarici qüvvələri regiona çəkə biləcəyi və onların iki tərəfdən birini dəstəkləyəcəyi surətdə məntəqədə yeni təhlükəsizlik tərtibi yaradacağı üçün Rusiya üçün narahatedicidir. İkincisi, Qarabağ regionunda hər bir yeni müharibə Rusiyanı çətin seçim arasında qoya bilər. Ermənistanın xeyrinə ola biləcək bir müdaxilə edib-etməməsi barədə seçim, xüsusilə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) öhdəliyinə görə Rusiya üçün çox çətindir. Ermənistanın xeyrinə müdaxilə etmək, Türkiyənin Azərbaycana hərbi dəstək verməsini öz ardınca gətirə bilər və nəticədə Rusiya-Türkiyə münasibətləri ciddi şəkildə təhlükəyə düşər. Ermənistanı dəstəkləməmək isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiyanın öz öhdəliyinə əməl etməməsi mənasına olaraq Rusiyanın etibarını əngəlləyər (Fuller, 2013: 5-6).
Rusiya balansı qorumaq yanaşmasına əsasən, Ermənistanı açıq-aşkar dəstəkləməklə eyni zamanda Azərbaycanla da münasibətlərini qorumağa cəhd etmişdir ki, Qarabağ münaqişəsində qəbul edilə bilinən qərarlara öz təsirini qoya bilsin. Bunu da nəzərə almaq lazımdır ki, Rusiya Ermənistanla təhlükəsizlik və digər müqavilələri ilə Azərbaycanla neftdə iqtisadi maraqları arasında qalmışdır (Migdalovitz, 2001: 13). Ona görə də Qarabağ münaqişəsi dəhlizi və münaqişə tərəfləri arasında balans yaratmaqla Rusiya hər iki ölkəni müxtəlif dərəcələrdə öz orbitində qoruyub saxlaya və hər ikisindən öz maraqları üçün istifadə edə bilər (Kogan, 2013: 1). Bu əsasla, Rusiya Ermənistanla strateji müttəfiqlik etmiş və Azərbaycanla əməkdaşlığı da gözdən uzaq qoymamışdır. 4 iyul 1997-ci ildə Rusiya və Azərbaycan qarşılıqlı dostluq, əməkdaşlıq və təhlükəsizlik müqaviləsi imzaladılar. Müqavilədə beynəlxalq təhlükəsizlik məsələləri, separatizmi məhkum etmək, ərazi bütövlüyünə hörmətlə yanaşmaq mövzularına təkid olunub. Elə həmin il, yəni 29 avqust 1997-ci ildə Rusiya Ermənistanla da qarşılıqlı dostluq və əməkdaşlıq haqqında müqavilə imzaladı və orada qarşılıqlı hərbi dəstək də nəzərdə tutulub (Migdalovitz, 2001: 13).
Putinin hakimiyyətə gəlməsi ilə Azərbaycanla münasibətlər daha artıq əhəmiyyət kəsb etməyə başladı. O, Rusiyanın Şimali Qafqaz bölgələrində qeyri-sabitlik yaratmaq gücünə malik bir ölkəyə əhəmiyyətsiz yanaşa bilməzdi. Ona görə də Putin 9 yanvar 2001-ci ildə Bakıya səfəri ilk Rusiya prezidentinin bu ölkəyə səfəri kimi tarixə düşdü. Ondan qabaq; 1991-2001-ci illər arasında Rusiya ölkə başçılarından heç biri Azərbaycana səfər etməmişdi. Tərəflər bu səfərdə Xəzər dənizinin sularının qorunması məqsədilə birgə qüvvənin yaradılması barədə razılığa gəldilər. Həmçinin, Dmitri Medmedyevin prezidentlik dövründə iki ölkə  arasında çox mühüm müqavilələr imzalandı. S-300 PMU Favorit 11raket kompleksinin Azərbaycana təhvil verilməsi barədə Rusiya və Azərbaycan arasında razılaşma oldu (Əşrəfi, 1391: 88-97).
Amma bu arada aydın olan budur ki, ruslar Azərbaycan Respublikası ilə əməkdaşlıq etsələr də heç vaxt Qarabağ məntəqəsində bu ölkənin xeyrinə balansı pozmağa hazır deyillər. Üstəlik, əksinə olaraq Azərbaycanın öz nefti əsasında hərbi gücü artdıqca, Rusiya da balansı qorumağa, Ermənistanın hərbi çəkisini daha da ağırlaşdırmağa cəhd edir. Buna nümunə kimi Rusiyanın 2010-cu ildə Ermənistanla bağladığı müqaviləyə əsasən, Ermənistanda yerləşən Gümrü hərbi bazasında 2024-cü ilədək əsgərlərinin sayı 5000 nəfərə çatacaq (Mikhelidze, 2010: 6).  Bu uzun müddətli iştirakın mənası odur ki, Azərbaycanın hərbi gücü nə qədər artsa, Ermənistanla tarazlıqda dayanacaq, ondan yuxarı qalxa bilməz. Ona görə də bu yanaşma Dağlıq Qarabağ münaqişəsində Rusiyanın maraqlarını təmin edəcək.

4. Nəticə  
Güc balansı bais oldu ki, 1990-cı ildə ABŞ, Avropa ölkələri və Türkiyə öz maraqlarını və mövqelərini qorumaq istəmələrinə baxmayaraq, Rusiyanın Qafqazda hərbi və siyasi gücünü qəbul etməyə məcbur oldular. Ondan sonra Rusiyanın bu bölgədə üstünlüyünü zəiflətmək cəhdləri ya baş tutmayıb, ya da faktiki olaraq müvəffəqiyyətsizliyə uğrayıb. 2008-ci il müharibəsində Gürcüstanın NATO-ya yaxınlaşmaq məqsədinin uğursuz olması, Qarabağ münaqişəsinin həlli yönümündə müxtəlif, şəxslərin, təşkilatların və ölkələrin vasitəçilik layihələri, o cümlədən 2008-ci ilin avqust ayında baş verən müharibəsindən sonra Türkiyənin Qafqazda əməkdaşlıq və sabitliyin yaranması barədə təklif etdiyi layihənin bir nəticə verə bilməməsi, 2008-2009-cu illərdə Qarabağ münaqişəsinin sona yetməsinə təsir göstərə biləcək Türkiyə-Ermənistan münasibətlərinin adiləşməsi planının nakam qalmasının hamısı regiondakı münaqişələrin Rusiyaya bağlı olmasını və onların həllinin Rusiyanın maraqlarını təmin etməsi ilə şərtlənməsini göstərir.
2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsi sübut etdi ki, Rusiya onun maraqlarının nəzərə almadan birtərəfli olaraq regional münaqişələrdə dəyişiklik etməyə icazə verməz. Bundan qeyri surətdə öz maraqlarının təmin emək üçün hətta, hərbi gücə də əl atar. Bu müharibə Cənubi Qafqazın təhlükəsizlik məsələlərinə qatılan bütün tərəflərə açıq-aşkar bir mesaj idi. Xüsusilə də Azərbaycan Respublikasına anlatmaq istəyirdi ki, Rusiyanın müttəfiqi ilə silahlı müharibə hərbi baxımdan nə qədər viranedici olar və sizi Rusiya ilə üz-üzə qoya bilər. Qarabağ, Cənubi Osetiya və Abxaziya kimi Rusiya ilə sərhəddə yerləşməməsinə və bu ölkənin orada sülhü qoruyan qoşunları olmamasına baxmayaraq, İlham Əliyev bu hadisədən ibrət götürərək, Gürcüstanın prezidenti Mixail Saakaşvili kimi səhv hesablamaya düçar olmaz. Bunu nəzərə alaraq demək olar ki, Azərbaycan rəsmilərinin bəzən "qısa müddətli və qələbə ilə nəticələnən müharibə" deməkləri, öz cəlbediciliyini artıq bir qədər itirmişdir. Ona görə də Qarabağ münaqişəsində mövcud durum yaxın gələcəyin ən çox ölçüb-biçilməsi lazım olan senarilərindən biri olacaq.
Bu arada belə nəzərə gəlir ki, enerji amili Rusiyanın istəyinin əksinə olaraq Qarabağ münaqişəsində balansı bir qədər də olsa Azərbaycanın xeyrinə  dəyişə bilən tək kataqoriyadır. Regionun enerjisinin ötürülməsində Rusiyanın rolunun zəifləməsi və qərbin, əsasən də Türkiyənin Azərbaycana iqtisadi bağlılığı, Avropa ölkələrinin Azərbaycanın neftindən asılılığı Qarabağ münaqişəsində mövcud durumunda xoşagələn əsaslı dəyişikliklər yarada bilər. Bir tərəfdən Rusiya da çalışır ki, Xəzər dənizinin enerjisində inhisar yaratsın və bütün tranzit yollarına sahiblik etsin. Digər tərəfdən isə Azərbaycanın enerjisinin mürəkkəb diplomatiyası Qarabağ münaqişəsinin dərhal həll olması və qərb güclərini Bakının xeyrinə dəstək vermək üçün cəlb edə bilməsindən nakam qalmışdır. Qərbyönümlü enerji siyasətinin istənilən nəticə verməməsi, Azərbaycanı dünya ilə münasibətlərində daha çox diversifikasiya etməklə neft siyasətlərində dəyişiklik etməyə sövq etmişdir. Enerji siyasətinin inkişafı Azərbaycanı yeni yanaşmaya əsasən Rusiya ilə mülahizə etmək olar. Bu yanaşmanın nəticəsində Azərbaycanın enerji ixrac etməsinin hesabatında rəngli rol oynamağa icazə tapır. Həqiqətdə Azərbaycanın başçıları enerji sahəsində Türkiyə və Avropa ilə  öz müzakirələrini qorumaq üçün Rusiya ilə əməkdaşlığını gücləndirmişdir.
Qeyd edilən yanaşmaya diqqət etməklə, Azərbaycan Rusiya üçün çox əhəmiyyət kəsb edir. İcrası mümkün bir senari budur ki, Rusiya enerji inhisarını öz əlində saxlamaq üçün təbii qazın ixracı barədə əvvəl Azərbaycanla, sonra isə Türkiyə ilə müamilə etsin və bununla da Orta Asiya və Xəzər dənizindən qərbə axan enerji tranzit yollarına nəzarəti əldə saxlasın. Bu istiqamətdə Bakı dövləti Şahdəniz 2 yatağının qaz ehtiyatlarının bütün həcmini Rusiyaya verərək, bunun əvəzində Ermənistanla münaqişədə Rusiyanın dəstəyini qazana bilər. Bu dəstək, Azərbaycanın işğal edilmiş ərazilərini geri qaytarmaq üçün cəhdlərində Rusiyanın neytral mövqe tutmasına, yaxud Rusiya diplomatiyasının Ermənistana təzyiqlərinə şamil olan bir razılaşma ola bilər.
Hər halda reallıq budur ki, Qarabağ konflikti kökü keçmişə qayıdan mürəkkəb bir münaqişələrdən biridir. Araşdırmanın nəticəsinin göstərdiyi kimi hazırkı durumda Qarabağ münaqişəsində sülh prosesinin Rusiyanın müdiriyyətinə bağlılığı və bu ölkə vasitəsilə qarşıdurma tərəfləri arasında qüvvələrin tarazlaşdırılması, münaqişənin uzanmasının, təhlükəli olmasının, nəticədə Azərbaycan və Ermənistan arasında qarşılıqlı düşmən baxışların əsas səbəbidir. Bununla belə diqqəti çəkən mövzu budur ki, Qarabağ münaqişəsinə hakim durum, 1994-cü ildə Cənubi Qafqazda baş vermiş geopolitik dəyişikliyə, xüsusilə də enerji geosiyasəti keçidi dəyişikliyinə və onun ötürülmə xəttinə diqqət etməklə Rusiyanın münaqişəni məlum olmayan zamana kimi dondurmasına əsaslanan hazırkı midiriyyət modeli ilə mütənasib deyil və onun dəyişilməsinin zəruriliyi –istər dinc yolla olsun, istərsə də güc vasitəsilə – regional və onun oyunçuları balansında özünü göstərəcək. Belə nəzərə gəlir ki, Rusiya da bu durumdan təsirlənərək nəhayət, geopolitik tələblərlə razılaşacaq.

Qaynaqlar:
a) Farsca qaynaqlar
Kitab:
1. Devid A. Lik və Patrik M. Murqan (1371), "Nizamhayi məntəqeyi; əmniyyətsazi dər cəhani novin", Tərcümə: Seyid Cəlal Dehqani, Tehran: Pejohişkədeyi Mutaliati Rahbordi.
2. Seyfzadə, Seyid Hüseyn (1374), "Nəzəriyyehayi muxtəlif dər rəvabiti beynəlmiləl", Tehran, Qoms.
3. Şəhvəri, Əhməd (1375), "Diplomasiyi böhran", Tehran: Dəftəri Mutaliati Siyasi və Beynəlmiləli.
4. Sədiq, Miribrahim, (1383), "Rəvabiti İran ba Cumhurihayi Qəfqaz", Tehran: Nəşri Dadqostər.
5. Kolayi, İlahe (1385), "Siyasət və hökumət dər Fedrasiyoni Rusiye", Tehran: Dəftəri Mutaliati Siyasi və Beynəlmiləli.
6. Muşirzadə, Homeyra (1385), "Təhəvvul dər nəzəriyyehayi rəvabiti beynəlmiləl", Tehran: Səmt.
7. Vaizi, Məhmud, (1385), "Jeopolitiki bohran də Asiyayi Mərkəzi və Qəfqaz", Tehran: Dəftəri Mutaliati Siyasi və Beynəlmiləli.
8. Vahidi, Elyas (1385), "Bəravordi istratejiki Azərbaycan, c. 2", Tehran: Əbrari Muasiri Tehran.
Məqalələr
1. Əşrəfi, Huseyn (1391), "İstayi və puyayii peyvəndha dər rəvabiti du suye Cumhuriyi Azərbaycan və Rusiye", Fəslnameyi Aran, sal 11, şomare: 32-33, payiz və zimistan, s. 81-100.
2. Əhmədiyan, Qudrətullah və Qulami, Təhmuris (1388), "Asiyayi Mərkəzi və Qəfqaz; ərseyi təaruzi mənafeyi Rusiye və ğərb", Mutaliati Avrasiyayi Mərkəzi, sal 2, şomare 4, tabistan və Payiz və tabistan, s. 1-20.
3. Əthəri, Seyid Əsədullah, Bəhmən, Şueyb və Əlipur, "Mutaliati Avrasiyayi Mərkəzi" sal 5, şomare 11, payiz və zimistan, 1-20.
4. Surənari, Huseyn (1391), "Baziyi qudrət də munaqişeyi Qərəbağ və payaniyi təxasum dər rəvabiti Azərbaycan və Ərmənistan", fəslnameyi Aran, sal 11, şomare 32-33, payiz və zimistan, s. 143-171.
5. Qalibaf, Məhəmməd Baqir və Cuneydi, Rza (1388), "Təhlili bər mahiyyəti rəftarhayi mutənaqiz Rusiye də Asiyayi Mərkəzi və Qəfqaz", fəslnameyi Aran, sal 7, şomare 19-20, bəhar və tabistan, s. 127-156.
6. Vaizi, Məhmud (1389), "Nizami novini beynəlmiləl və modiriyyəti bohranhayi beynəlmiləli", fəslnameyi Rahbord, sal 19, şomare 56, payiz, s. 7-42.
b) İngililscə qaynaqlar
Kitablar:
1. Abasov, Ali and Khachatrian, Haroutiun (2006),The Karabakh Conflict(Variants of settlement:Concepts and reality), Third edition, Baku-Yerevan.
Məqalələr:
1. Fuller, Elizabeth (2013), "Azerbaijan’s Foreign Policy and the Nagorno-Karabakh Conflict", Istituto Affari Internazionali, Rome, Italy, IAI Documents and Working Papers, Volume.13, Issue.12, 8 April.
2. Hovhnnisyan, Vazgen (2011), "Major Development Trends of the Russian-Armenian Relations at the Beginning of the 21st Century", 21st CENTURY, No 2 (10), pp. 66-76.
3. Ismailzade, Fariz (2011), "The Nagorno-Karabakh Conflict:Current Trends and Future Scenarios", Istituto Affari Internazionali, IAI Working Papers 11/29, November.
4. Ismayilov, Morad (2010), "Continuity and Change in Azerbaijan’s Energy Diplomacy", Caucasus Analytical Digest, No.16, 26 April, pp.2-5.
5. Kogan, Eugene (2013), "The South Caucasus Countries and Their Security Dimension", The Black Sea Trust for Regional Cooperation, Neighbourhood Policy Paper, No 11, March.
6. Kjaernet, Heidi (2009), "The Energy Dimension of Azerbaijani- Russian Relations; Maneuvering for Nagorno- Karabakh", Russian Analytical Digest, No.56, 3 March, pp.2-6.
7. Minasyan, Sergey (2013), "Russian-Armenian Relations: Affection or Pragmatism?", PONARS Eurasia Policy Memo, No. 269, july, pp.1-5.
8.Valiyev, Anar (2011), "Azerbaijan-Russia Relations After the Five-Day War: Friendship, Enmity or Pragmatism?", Turkish Policy Quarterly, Volume 10, Number 3, Fall, PP. 133-143.
9. Wieclawski, Jacek (2011), " Contemporary Realism and the Foreign Policy of the Russian Federation", International Journal of Business and Social Science, Vol.2, No.1, January, pp. 170-179.


Elektronik qaynaqlar
Farsca:
"Siyasəthayi Amrika dər məntəqeyi Qəfqaz" (1382, 25 isfənd). Aşağıdakı saytda:
www.csr.ir/departments.aspx?lng=fa&abtid=01&depid=44&semid=147.

İngiliscə:
1. E. Cornell, Svante (1999), The Nagorno-Karabakh Conflict,Report no.46,  Department of East European studies, Uppsala University, Available at: http://edoc.bibliothek.uni-halle.de/ servlets/MCRFileNodeServlet/HALCoRe_derivate_00003079/Nagorno-Karabakh%20Conflict. pdf;jsessionid=qre7y57dclf0?hosts=local, (Accessed on: 13/04/2014).
2. Gamaghelyan, Philip (2005),  "Intractability of the Nagorno-Karabakh Conflict:A Myth or a Reality?", Peace and Conflict Monitor, Available at: https://www.zotero.org/joanna-lee/items/itemKey/9GKDDIPK, (Accessed on: 10/11/2013).
3. Galstyan, Narek (2013), "The Main Dimensions of Armenia’ Foreign and Security Policy", Norwegian Peacebuilding Resource Center, NOREF Policy Brief, March, Available at: http: //www. peacebuilding. no/Themes/Norway-and-emerging-powers/Publications/The-main-dimensions-of-Armenia-s-foreign-and-security-policy (Accessed on: 13/11/2013).
4. H. Cordesman, Anthony,  Gold, Bryan, Shelala, Robert and Gibbs, Michael (2013), "U.S and Iranian Strategic Comptition: Turkey and the South Caucasus", Center for Strategic and International Studies, 6 Jun, Available at: http: //csis. org/ publication/ us-and- Iranian –strategic- competition- turkey- and- south-caucasus (Accessed on: 03/01/2014).
5. Jarosiewicz, Aleksandra and Strachota, Krzysztof  (2011), "Nagorno-Karabakh Conflict Unfreezing", Center for Eastern Studies, 26 Oct, OSW Commentary, Available at:http://www.isn.ethz.ch/Digital-Library/Publications/Detail/?id=134013&lng=en, (Accessed on: 13/11/2013).
6. J. McGinnity,  Ian (2010), "Selling its Future Short: Armenia’s Economic and Security Relations with Russia", CMC Senior Thesess, Paper 58, Available at: http: //scholarship. Clarmont. Edu/ cmc_ thesesl58. (Accessed on: 15/10/2013).
7. Mikhelidze, Nona (2010),  "The Azerbaijan-Russia- Turkey Energy Triangle and its Impact on the Future of Nagorno- Karabakh", Instituto Affari Internazionali, Documenti 1018, September, Available at: www.iai.it/pdf/DocIAI/iai1018.pdf, (Accessed on: 03/12/2013).
8. Minassian, Gaidz (2008), "Armenia a Russian Outpost in the Caucusus?",  Russia/NIS Center, Paris, February, Available at: http:// www. google. com/url?sa =t&rct =j&q= %22Armenia %20a%20 Russian%20Outpost%20in%20the%20Caucasus%3F-Gads&source=web&cd= 1&cad=rja&ved= 0CCUQFjAA&ur l = http%3A%2F%2F www. ifri. org %2Fdownloads%2 Fifr i_RNV _minassian _Armeni e_Russie_ ANG_ fevr2008.pdf&ei =RDzOUpjHLcn9ygOUuICwBA&us = AFQjCNFF0Vk9nbpGBISEKJf0_ gq63FDbgg, (Accessed on: 13/11/2013).
9. Migdalovitz, Carol (2001),  "Armenia- Azerbaijan Conflict",  Congressional Research Service, Issue Brief for Congress, 26 December, Available at: www.au.af.mil/au/awc/ awcgate/crs/ib92109.pdf‏ (Accessed on: 17/10/2013).

10. Nassibli, Nasib (1999), "Azerbaijan-Iran Relations:Past and Present", Journal of Azerbaijan Studies, pp. 3-23. Available at: http: //dspace. khazar.org /jspui /bitstream /123456789 /172 /3 /N.%20Nasibli.pdf, (Accessed on: 15/10/2013).
11. Paul, Amanda and Rzayeva, Gulmira (2011), "Azerbaijan; The Key to EU Eenergy Security",  European Policy Center, 24 October, Available at: http://www.epc.eu/pub_details.php?cat_id =4&pub _id=1357 (Accessed on: 17/10/2013).
12.Wolff, Stefan (2007), The European Union and The Conflict Over The Nagorno-Karabakh Territory, Report Prepared for the Committee on Member States’ Obligations Parliamentary Assembly of the Council of Europe, Berlin, 4-5 November, Available at: https:// www. gov. uk/ government/ uploads/ system/ uploads/ attachment_ data/file/224476/evidence-stefan-wolff-nagorno-karabakh-territory.pdf. (Accessed on: 03/01/2014).

 
  • Yazılıb
  • da (də) 2015 Dec 17
  • Göndərən مدير سايت Aran News