Tarix : 2015 Dec 17
Kod 47258

ABŞ Azərbaycan rəsmilərinə qarşı sanksiya tətbiq edir

ABŞ Konqressi Azərbaycanın yüksək vəzifəli rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır. Artıq bununla bağlı qanun layihəsi Konqresə təqdim olunub.
AranNews- “Azərbaycanda Demokratiya Aktı” (“Azerbaijan Democracy Act”) adlı qanun layihəsini Konqressin nüfuzlu nümayəndələrindən biri, Helsini Komissiyasının sədri, Respublikaçı konqresmen Kris Smit təqdim edib.
Sənədin təqdimatında deyilir ki, qanun layihəsi Azərbaycan hökumətinin müstəqil jurnalistləri, müxalifət siyasətçiləri və vətəndaş cəmiyyəti fəallarını susdurmaq üçün uzun illər ərzində göstərdiyi sistemli cəhdlərdən sonra təqdim olunur.
Sənəddə göstərilib ki, Azərbaycan hökumətinin yüksək vəzifəli məmurlarına, rəhbərliklə işgüzar münasibətlərdən maliyyə əldə edən şəxslərə (biznes dairələrinə), təhlükəsizlik və məhkəmə sisteminin üzvlərinə ABŞ-a viza verilməsindən imtina olunsun və eyni zamanda onlara qarşı maliyyə sanksiyaları tətbiq edilsin.
Sanksiyalar yalnız Azərbaycan hökuməti siyasi məhbusları azadlığa buraxmaq, vətəndaş cəmiyyətinə qarşı hücumları dayandırmaq, ölkədə azad və ədalətli seçkilər keçirmək istiqamətində əhəmiyyətli irəliləyiş edəndən sonra aradan qaldırıla bilər.
“Biz etiraf edirik ki, ABŞ-la Azərbaycan arasında çox vacib milli təhlükəsizlik, iqtisadi əlaqələr var. Lakin Birləşmiş Ştatlar Azərbaycanda insan haqlarının pozulmasıyla əlaqədar yaranmış dəhşətli vəziyyətə göz yuma, kor qala bilməz”, – deyə konqresmen Smit sənədi təqdim edərkən bildirib.
O, Azərbaycanda insan haqları və əsas azadlıqlar sahəsində acınacaqlı vəziyyəti xatırladıb və bildirib ki, Vaşinqton buna laqeyd qala bilməz:
“Jurnalistlər və fəallar mütəmadi şəkildə həbs olunur, məhkum edilir. Müxalifətdən olan siyasətçilər həbsxanaya salınıb. Bu ölkədə azad və ədalətli seçki keçirilmir. İnsan haqları müdafiəçiləri, vəkillər təqiblərə məruz qalır. Onlar vəkillik statusundan məhrum edilir. Burada dini azadlıqlara da hücumlar var. “Azərbaycanda Demokratiya Aktı” göstərir ki, Birləşmiş Ştatlar insan haqları və əsas azadlıqlara ciddi yanaşır və hökumət siyasi müxalifəti, kütləvi informasiya vasitələrini, dini azlıqları əzəndə, biz güzəştə getməyəcəyik.
Bu yolverilməzdir ki, Azərbaycan hakimiyyətinin yüksək vəzifəli üzvləri rahat şəkildə ABŞ-a gəldiyi halda, jurnalist Xədicə İsmayılova, vəkil İntiqam Əliyev, müxalif siyasətçi İlqar Məmmədov, ictimai fəal Anar Məmmədli kimi cəzarətli insanlar həbsxanaya salınır, onların hüquqları, hətta tibbi yardım almaları da təmin olunmur. Əgər bu adamlar insan haqlarını müdafiə etməklərinin bədəlini bu şəkildə ödəyirlərsə, biz də ən azı, onlarla birlikdə olduğumuzu göstərə bilərik”.
  • Yazılıb
  • da (də) 2015 Dec 17
  • Göndərən مدير سايت Aran News