Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili mətbuata verdiyi açıqlamada qeyd edib ki, bundan sonra azərbaycandilli məktəblər heç vaxt bağlanmayacaq, əksinə, inkişaf etdiriləcək.
AranNews- in verdiyi məlumata görə, TTV-nin Gürcüstan bürosu azərbaycanlıların ciddi narahatlığına səbəb olan bu məsələyə aydınlıq gətirib.
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bir çox ərazilərdə əsasən azərbaycandilli məktəblər fəaliyyət göstərir. Statistik məlumatlara əsasən, Marneuli, Qardabani, Tbilisi, Laqadexi, Telavi, Ağbulaq, Rustavi kimi şəhər və rayonlarda 1990-cı ildə azərbaycandilli məktəblərin sayı 180-dən artıq olduğu halda, 2009-cu ildə bu rəqəm 124-dək azalıb. Yaranan vəziyyət Gürcüstanda yaşayan Azərbaycanlilari narahat edir.
Gürcüstanda yaşayan azərbaycanlıların narahatçılığına son qoymaq məqsədilə Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili mətbuata açıqlama verib. O, qeyd edib ki, bundan sonra azərbaycandilli məktəblər heç vaxt bağlanmayacaq, əksinə, inkişaf etdiriləcək. Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri isə son vaxtlar azərbaycandilli məktəblərin bağlanması faktını təkzib edir. Nazir müşaviri onu da qeyd etdi ki, Gürcüstan hökuməti tərəfindən yeni konsepsiya hazırlanıb. Konsepsiyaya əsasən, azərbaycandilli məktəblərdəki problemlərin aradan qaldırılması və kadrların, həmçinin kitabların Azərbaycan ana dili və ədəbiyyatının Gürcüstanda hazırlanması üzrə işlər gedir.