Hal-hazırki vaxtadək Tale Bağırovla vəkil kimi görüşmək imkanı yaradılmır və ailəsinin ona göndərdiyi paltar, digər zəruri ləvazimatlar qəbul edilmir.
AranNews- vəkil Cavad Cavadov şəxsi Facebook səhifəsindən Baş Prokuror Zakir Qaralova müraciət edib.
O, müvəkkili Tale Bağırovla bu günə qədər konfedensial şəkildə görüşə bilmədiyini vurğulayıb:
"Tale Bağırov Apellyasiya Məhkəməsinə saxlanıldığı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən gətirilmişdi.Onunla konfidensial ünsiyyət saxlamaq mümkün olmadı, üzərində görünən çox ciddi xəsarətlər var idi, halsız idi. Ona elan olunmuş ittihamla özünü təqsirli hesab etmir. Hal-hazırki vaxtadək onunla vəkil kimi görüşmək imkanı yaradılmır və ailəsinin ona göndərdiyi paltar, digər zəruri ləvazimatlar qəbul edilmir. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun və Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən həbs olunmuş şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz və bu müddət bitənədək o, istintaq təcridxanasına keçirilməlidir. Tale Bağırovun təqsirləndirilən şəxs kimi hüquqlarının təmin edilməsini, o cümlədən müdafiə hüququnun təmin edilməsini, mümkün ola biləcək işgəncə hallarının araşdırılmasını xahiş edirəm. Eyni zamanda bu hüquqlarımın təmin edilməsi üçün məhkəmə nəzarəti qaydasında şikayət verirəm".
P.S: Xatırladaq ki, Tale Bağırov 26 noyabr 2015 tarixdə sülalə rejiminin Nardaran qəsəbəsində keçirilən anti-Şiə əməliyyat zamanı vəhşicəsinə həbs edilib.