Azerbaijan Servisi/Aran Agentliyi
Müxalif Müsavat Partiyası icazəsiz aksiyalar keçirməklə bağlı qərar verə bilər. «Bakı Şəhər İcra Hakimiyyətinin tələb etdiymiz yerlərdə aksiyalara icazə verməməsi, qanunları pozması bu məsələni aktuallaşdırıb» deyə şənbə günü Trend News-a Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.
Müsavat mayın 18-nə təyin etdiyi aksiyanı təxirə salıb. Buna səbəb kimi Bakı Şəhər İcra Hakimiyyətinin aksiyanın partiyanın istədiyi yerlərdə (Füzuli meydanı, «Təbriz» (keçmiş «Sevinc») kinoteatrı, Ukrayna meydanı, keçmiş «Qələbə» kinoteatrının qarşısı və «Nərimanov» metrostansiyası qarşısı) yox, «Bibiheybət» qəsəbəsində keçirilməsinə icazə verməsi göstərilib. Bundan əvvəl də Müsavat mayın 4-nə təyin etdiyi aksiyanı eyni səbəbdən təxirə salmışdı.
Hacılı bildirib ki, artıq meriyanın ikinci dəfə məhkəməyə verilməsi nəzərdə tutulur. «Biz mayın 4-də keçirilməsi gözlənilən qurultaya icazə vermədiyi üçün meriyanı məhkəməyə vermişik və proses yaxın vaxtlarda başlanılacaq. Meriyanın mayın 18-də istədiyimiz məkanda aksiyaya icazə verməməsi də qanun pozuntusudur və bununla bağlı ayrıca olaraq məhkəməyə müraciət olunacaq. İcazəsiz aksiyalara başlamaq məsələsi isə gələn həftənin birinci günü partiyanın Divanında müzakirə ediləcək» - deyə o bildirib.
Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.