Azerbaijan Servisi/Aran Ajentliyi
Hacı Nazim Məmmədov
Azərbaycan müstəqillik əldə edəndən sonra başqa dövlətlərdən ölkəmizə axışıb gələn əcnəbilər ən müxtəlif istiqamətlərdə fəaliyyət göstərməyə, təbliğat aparmağa başladılar. Çox keçmədi ki, bu fəaliyyət nəticəsində həm iqtisadiyyat, həm mənəviyyat, həm də siyasət sahəsində təzyiq və təsirlər özünü göstərdi. Belə zərərli fəaliyyətin nəticələrini aradan qaldırmaqda, mentalitetimizə zidd təbliğatın qarşısını almaqda siyasi arenada özünəməxsus yeri olan Azərbaycan İslam Partiyasının (AİP) xüsusi rolu var. AİP Xaçmaz rayon komitəsinin sədri Hacı Nazim Məmmədovla söhbətimiz də partiyanın fəaliyyəti, bölgədəki vəziyyət və digər məsələlərlə bağlıdır.
- Hacı, partiyanın Xaçmaz rayon komitəsi öz fəaliyyətini əsasən hansı istiqamətdə qurub?
- Əvvəla onu bildirim ki, bu ilin martında mənə etimad göstərərək AİP Xaçmaz rayon komitəsinin sədri seçdilər. Bunun üçün mömin qardaşlarıma bir daha minnətdarlığımı bildirirəm. O ki qaldı sizin sualınıza, biz hazırda əsasən dini maarifləndirmə işləri ilə məşğul oluruq. Dinin gənclərə olduğu kimi çatdırılmasına, onun heç də siyasətdən kənarda olmadığını anlatmağa çalışırıq. Əlbəttə ki, bu istiqamətdə müəyyən uğurlarımız da var.
- Yeri gəlmişkən, İslami siyasətdə demokratiyanın yerini necə görürsünüz?
- İslam demokratiyası Qərbin saxta demokratiyasından həmişə yüksəkdə dayanıb. İslamda belədir ki, xalq yığışaraq özü üçün bir qurum yaradır. Və bu qurumda kiminsə diqtəsi yox, onların sözü keçir. Yəni hər şeyi xalqın istəyi, xalqın iradəsi həll edir. Ancaq İslamdan kənar demokratiyada çox vaxt belə olmur. Kimsə hakimiyyətə gəlirsə, kimlərinsə şərtlərini qəbul etməlidir. Bu isə demokratiya deyil. Əksinə, birinin başqası üzərində ağalığının zorla qəbul etdirilməsi, demokratiyanın boğulmasıdır.
- Yaşadığınız bölgədə əhalinin sosial vəziyyəti, sadə xalqın maddi durumu hansı səviyyədədir? Kəskin qiymət artımı özünü nə dərəcədə göstərib?
- Biz rayon camaatı ilə mütəmadi görüşlər keçiririk. Müşahidələrimizə əsasən deyə bilərik ki, ümumən respublikadakı ab-hava Xaçmaz camaatının sosial vəziyyətinə, maddi durumuna da təsirsiz ötüşməyib. Amma mənə elə gəlmir ki, dünyadakı bu cür acınacaqlı, xoşagəlməz vəziyyətləri Amerika və sionizm süni şəkildə yaradır. Bunlar hamısı təzyiq mexanizmidir.
- Bu gün cəmiyyətimizdə mənəvi aşınma prosesinin getdiyi göz önündədir. Sizcə, belə bir zərərli proses hardan qaynaqlanır?
- Bizdə mənəvi dəyərlərə həmişə yüksək qiymət verilib. Adət-ənənələrimiz, İslam əxlaqı nəsildən-nəslə ötürülüb. İndi də həmin ənənə davam edir. Ancaq bədxahlarımız həmişə bu dəyərlərin aşınmasına çalışıblar. Bunun üçün ən müxtəlif və eyni zamanda çirkin metodlardan istifadə edilir. Elə bayaq toxunduğumuz süni qıtlığın yaradılması da həmin metodlardan biridir. Bununla mənəviyyatımızı, mənliyimizi alçaltmağa çalışır, bir tikə çörəyə görə qadınları, qız-gəlinləri öz namuslarını satmağa, abır-həyalarını aradan götürməyə məcbur etmək istəyirlər.
Digər bir tərəfdən, insanın azad olmasının vacibliyi haqda güclü təbliğat aparılır. Əlbəttə, insan azad olmalıdır. Amma Qərb təbliğatında heyvani azadlıqdan söhbət gedir. Bu cür azadlıq isə insana başucalığı gətirməz. Heyvani xüsusiyyətlərin daşıyıcılarına insan demək olmaz. Bir də ki, müvəqqəti çətinliyə görə istəməzdik ki, kimsə mənəviyyatını, mənliyini itirsin. Peyğəmbərlərimizin, imamlarımızın dövründə də çətinliklər olub. Amma buna mərdliklə sinə gəriblər, əqidələrini qoruyub saxlayıblar. Biz də onlardan ibrət götürməli, dədə-babalarımızın bizə əmanət qoyub getdikləri adət-ənənələri, milli-mənəvi, dini-əxlaqi dəyərləri yaşatmalıyıq.
- Bu məsələdə televiziya kanallarının rolunu necə qiymətləndirirsiniz?
- Bu baxımdan telekanallarımız bərbad vəziyyətdədir. Gənclərin mənəviyyatını korlayan, əxlaqını pozan verilişlər çoxdur. Təsəvvür edin ki, valideynlər öz uşaqları ilə birlikdə oturub əxlaqsız bir filmə baxırlar. Bu halda arada olan pərdə tamamilə götürülür. Bunlar nəinki müsəlmançılığa, ümumiyyətlə insanlığa vurulan böyük bir zərbədir.
Onu da deyim ki, bizdə regional bir kanal var. Həmin kanalda "İslam dünyası" adlı dini bir veriliş açılıb. Hər həftənin cümə və şənbə günləri bu istiqamətdə verilişlər verilir. Hesab edirəm ki, bu, bütün televiziya kanallarına sirayət etməlidir.
- Torpaqlarımızın işğal günündə İsrail dövləti konsert proqramı təşkil edir, şadyanalıq tədbirləri həyata keçirməsi, yaxud buna cəhd göstərməsi və üstəlik özünü Azərbaycanın dostu kimi təqdim edir. Sizcə nə baş verir?
- Bilirsiniz, zalımlar həmişə çalışırlar ki, məzlumların məzlumluğunu unutdursunlar. Yəni bizə zülm olunub, torpaqlarımızın 20 faizi işğal edilib. Bədxahlarımız işğal faktını unutdurmaq istiqamətində iş aparırlar. Unutqanlıq siyasəti aparırlar. Məsələn, Xocalının, Şuşanın işğal günlərində düzənlənən konsertlər, buna edilən cəhdlər də həmin siyasətin tərkib hissəsidir. Belə ölkədən heç vaxt dost olmaz. Əgər biz də işğalçı bir ölkənin bu siyasətinin həyata keçirilməsinə şərait yaradırıqsa, onda Ermənistana, onun təcavüzünə də bəraət qazandırmış oluruq. Digər tərəfdən bununla millətimiz təhqir olunur. İsrail bizim ərazi bütövlüyümüz məsələsində bitərəflik göstərir, biz isə onların şərəfinə park açırıq.