Noyabrın 26-da Nardaranda həyata keçirilən polis əməliyyatı zamanı yaralanan 3 nəfər Sabunçu Klinik Xəstəxanasından çıxarılıb.
AranNews- polis əməliyyatı zamanı yaralanan 1997-ci il təvəllüdlü Cahad Balakişizadə, 1987-ci il təvəllüdlü Bəhruz Əsgərov və 1983-cü il təvəllüdlü Şamil Abduləliyev müalicələri başa çatdığı üçün xəstəxanadan çıxarılıblar. Lakin onların hara aparılması haqda dəqiq məlumat yoxdur.
Yaralıların hüquq-mühafizə orqanları tərəfindən xəstəxanadan çıxarıldığı bildirilir.
Qeyd edək ki, dekabrın 4-dən xəstəxanaya giriş-çıxış polis nəzarətində idi. Hətta bir neçə gün xəstəxanaya yalnız xəstələr buraxılırdı.
Digər bir yaralı 1977-ci il təvəllüdlü Əbülfəz Heybət oğlu Bünyatovdan isə xəbər yoxdur. O, Daxili İşlər Nazirliyinin Hospitalında müalicə alırdı.
Qeyd edək ki, Nardarandakı əməliyyat Əbülfəz Bünyatovun evində keçirilmişdi. Əməliyyat zamanı Ə.Bünyatovun iki qardaşı- Fərail və Rəfael qardaşları həyatlarını itiriblər. Polisin Nardaranda həyata keçirdiyi əməliyyat zamanı həmçinin Masallı rayon sakini Sərvan Səfərov və Nardaran sakini Əkbər Babayev də dünyasını dəyişmişdi. Bu əməliyyat zamanı iki polis əməkdaşı da həyatını itirib.
Xatırladaq ki, dekabrın 1-dən Nardaran Daxili Qoşunların və polisin nəzarətindədir. Kənddə keçirilən əməliyyatlar zamanı xeyli sayda saxlanılanlar var.