Ensiklopediyada xalçaçılıq sənətinin yaranması və inkişafı, xovlu və xovsuz xalçaların, xalça məmulatlarının növ müxtəlifliyi, onların hazırlanması texnologiyası, naxış və rəmzlərin mənşəyi ilə yanaşı, tarixi əhəmiyyət kəsb edən xalçalar haqqında məlumatlar toplanıb.
Arannews- Dekabrın 21-də Azərbaycan Xalça Muzeyində “Azərbaycan xalçası ensiklopediyası”nın birinci cildinin təqdimatı olub.
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyi və Yaponiyanın “Japan Tabocco İnternational” şirkətinin birgə layihəsi əsasında nəşr edilən ensiklopediyanın müəllifi sənətşünaslıq doktoru, professor Röya Tağıyevadır.
Təqdimat mərasimində çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev qeyd edib ki, muzeyin kolleksiyası unikal gözəlliyin, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir: “2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Azərbaycan xalçaları tarixən bütün dünyada məşhur olub. Bu gün xalçalarımız dünyanın tanınmış muzey və sərgilərində nümayiş olunur. 2011-ci ildə Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan xalçaları” kolleksiyasının nəşr olunub, Azərbaycan xalçaçılıq sənətinin dünyada tanıdılması istiqamətində layihələr həyata keçirilir.
Milli Məclisin deputatları Elman Nəsirov, Adil Əliyev və Jalə Əliyeva çıxış edərək ensiklopediyanın birinci cildinin nəşrini yüksək qiymətləndiriblər.
Qeyd edək ki, Ensiklopediyada xalçaçılıq sənətinin yaranması və inkişafı, xovlu və xovsuz xalçaların, xalça məmulatlarının növ müxtəlifliyi, onların hazırlanması texnologiyası, naxış və rəmzlərin mənşəyi ilə yanaşı, tarixi əhəmiyyət kəsb edən xalçalar haqqında məlumatlar toplanıb.