Uzun illərdir dünyanın ən qaynar nöqtəsinə çevrilən Yaxın Şərqdə gərgin ictimai-siyasi vəziyyət, müharibə alovu səngimək bilmir
Azerbaijan Servisi /Aran Agentliyi
Hacı Namiq Babaxan: "Qərbpərəst hökumət vətəndaş müharibəsi adı altında "Hizbullah" təşkilatını tərkisilah edib, işğalçı İsrail rejimi qarşısında acizləşdirməyə çalışır"
Uzun illərdir dünyanın ən qaynar nöqtəsinə çevrilən Yaxın Şərqdə gərgin ictimai-siyasi vəziyyət, müharibə alovu səngimək bilmir. Bölgədə cərəyan edən mövcud situasiyada daha çox xarici faktorun rol oynadığı artıq çoxlarının dilindən səslənir. Yaxın Şərq ölkəsi olan Livandakı son hadisələr isə sanki Fələstindəki durumu xatırladır. Belə ki, Livan xalqının dəstəyini, etimadını qazanan "Hizbullah" təşkilatı qərbyönümlü Fuad Siniora hakimiyyətinin legitimliyini tanımadığına və prezident seçkilərini boykot etdiyinə görə hökumət qüvvələrinin silahlı müqaviməti ilə üz-üzə qalıb. Artıq bir çox dairələr Livandakı olayların vətəndaş savaşına doğru irəlilədiyini bəyan edirlər. Əslində Livanda nələr baş verir? Bu ölkədəki qarşıdurmada İsrail kəşfiyyatının izi varmı? Yəni Livanda vətəndaş müharibəsi törətməklə "Hizbullah"ı zəiflətmək, nüfuzdan salmaq konturları görünürmü?
Məsələ ilə bağlı bizimlə fikirlərini bölüşən Azərbaycan Birlik Təşkilatının sədri, "Birlik-press" qəzetinin baş redaktoru Hacı Namiq Babaxan Livandakı son hadisələrin 2006-cı ildə baş verən 33 günlük İsrail-Livan müharibəsinin nəticələrindən qaynaqlandığını bildirdi: "Mason sionist rejimi və onun havadarları Qərb və Amerika dairələri müxtəlif dinlərə mənsub olan və neçə-neçə millətlərin yaşadığı bir ölkədə İslamyönlü "Hizbullah" təşkilatının işğalçı İsrail ordusu üzərində çox qısa müddətdə çaldığı qələbəni hələ də həzm edə bilmirlər. Məhz bu səbəbdən Livanda müxtəlif vasitələrlə vətəndaş qarşıdurması, iğtişaşlar yaratmağa səy göstərirlər. Əsas məqsəd isə Amerikameylli, eləcə də sionist rejiminə loyallığı ilə seçilən F.Siniora hökumətinin əli ilə "Hizbullah"ı tərkisilah etmək, bölgədə at oynatmaq üçün İsrailə daha geniş şərait yaratmaqdır. Çünki doğrudan da "Hizbullah" mason sionist rejimi üçün bir problemə çevrilib".
Bununla belə, N.Babaxan "Hizbullah"ın zaman-zaman Livan xalqının maraqlarından çıxış etdiyini, ölkədə normal, demokratik seçki mühitinin yaradılması uğrunda mübarizə apardığını diqqətə çatdırdı: "Bunun qarşılıqlı cavabı olaraq bu təşkilat da Livan xalqı tərəfindən həmişə dəstəklənir. Livan hakimiyyəti ilə yanaşı, İsrail və Amerika dairələri bu təşkilatın gələcəkdə hakimiyyətə yiyələnə biləcəyini düşünür və bundan narahat olurlar. Odur ki, Livan xalqının ən çox rəğbət bəslədiyi, onların sevimlisinə çevrildiyi "Hizbullah" təşkilatını tərkisilah edib, işğalçıların qarşısında acizləşdirməyə çalışırlar. Livan hökuməti xarici ağalarının havadarlığı ilə bütün dünyaya bəyan etməyə çalışır ki, guya "Hizbullah" əlindəki silahla ölkədə vətəndaş müharibəsi apardığına görə mütləq tərkisilah olunmalıdır".
Hacı Namiqin fikrincə, "Hizbullah" rəhbərliyi təşkilatın təxribatlara cəlb olunduğunu yaxşı anlayır və bu səbəbdən məqsəd və mövqelərinə uyğun hərəkət edərək, ölkədə demokratik dəyərlərin müdafiəsi, vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində addımlar atırlar: "Livanın baş naziri, xalqının deyil, Amerikanın maraqlarından çıxış edən F.Siniora isə naşı siyasətçi kimi son bir neçə gündə müxtəlif bəyanatlar səsləndirib. O, bir tərəfdən istefa verəcəyini, digər tərəfdən ordunun "Hizbullah"ı məhv edəcəyini söyləyir. Maraqlıdır, əgər Livan hərbi qüvvələri belə bir gücə malikdirsə, nə üçün indiyədək İsrailə qarşı vuruşub qalib gələ bilməyib? Yeri gəlmişkən, Livan ordusu dəfələrlə İsrailə məğlub olduğuna görə ölkədə "Hizbullah" da daxil olmaqla digər müqavimət təşkilatlarına qanuni şəkildə silahlanmağa icazə verilib. Və 1980-ci ildən bugünədək Livan mücahidləri işğalçı orduya ciddi müqavimət göstərib".
Müsahibim hesab edir ki, silahını heç vaxt qanunsuz işlətməyən "Hizbullah" Livan hakimiyyətindən fərqli olaraq həmişə ağıllı, düşünülmüş siyasət həyata keçirməklə bunu bütün dünya ictimaiyyətinə kifayət qədər sübut edib: "Həmin təşkilat Livan dövlətini, xalqını yalnız təcavüzkar İsraildən deyil, eyni vaxtda ölkə daxilində də müdafiə edir, hakimiyyətdən getmək istəməyən, demokratik seçkilərin keçirilməsinə əngəl olan, vətəndaşların seçki hüquqlarını tapdalayan, saxta seçkilər keçirən iqtidara qarşı hüquqi müstəvidə mübarizə aparır. Amma qeyd etdiyimiz kimi, bu mübarizəni hakimiyyət qüvvələri və onların havadarları vətəndaş müharibəsinə çevirib "Hizbullah"ı zərbə altında qoymağa səy göstərirlər".
Sonda Hacı Namiq Babaxan "Hizbullah"ın dövlətin və xalqın maraqlarından çıxış etdiyini, həmçinin demokratik seçkilər naminə mübarizə apardığını dünyanın anlaşıqlı qəbul etdiyini dilə gətirdi: "Lakin təəssüf ki, Birləşmiş Ştatlar, İsrail kimi işğalçı dövlətlər öz maraqlarından çıxış edərək, Livan hakimiyyətini dəstəkləyirlər. Amma "Hizbullah"ın rəhbəri Seyid Həsən Nəsrullah da öz növbəsində bəyan edir ki, İsrail kimi cinayətkar rejim hədələrindən əl çəkməyincə, Livan ordusu işğalçılara cavab vermək gücündə olmayınca, rəhbərlik etdiyi təşkilat heç vaxt silahı yerə qoymayacaq".