Arannews- Siyasi məhbuslarla bağlı yaradılmış İşçi Qrup siyasi məhbusların vahid siyahısını hazırlayıbİşçi Qrupunun hazırladığı siyahını təqdim edirik:
“Siyasi məhbusların vahid siyahısını hazırlayan İşçi Qrup bəyan edir ki, sonuncu dəfə-2015-ci ilin may ayından siyasi məhbus siyahısı yenilənəndən sonra 80 nəfərlik siyahıda adları olan şəxslərdən 3 nəfəri azadlığa çıxıb. Buna görə də onların adları siyahıdan çıxarılıb. Amma siyasi məhbusların vahid siyahısı ikinci dəfə (2015-ci ilin may ayında) hazırlanıb ictimaiyyətə təqdim ediləndən sonra da siyasi motivli həbslər davam edib.
İşçi Qrupu yeni həbs edilənlərin siyasi məhbus olub-olmaması ətrafında müzakirələr və araşdırmalar aparıb, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 3 oktyabr 2012-ci il tarixli 1900 saylı Qətnaməsində təsbit edilmiş kriteriyalara görə siyasi məhbus hesab edilən 16 nəfərin adını qeyd olunan siyahıya əlavə edib və daha bir neçə nəfərin həbsinin motivləri ilə bağlı araşdırmalar davam etdirilir. Beləliklə, yenilənmiş siyasi məhbusların vahid siyahısına 93 nəfər siyasi məhbusun adı daxildir.
Qeyd edək ki, siyahıya adları salınan bəzi şəxslərin ailə üzvləri onların işinin siyasiləşməsinin, adlarının siyahıya salınmasının əleyhinə olsalar da, İşçi Qrupu apardığı müşahidə və araşdırmalara əsasən həmin şəxslərin həbsini siyasi motivli sayıb və onların da adlarını siyahıya əlavə edib.
Siyahıya əlavə edilən şəxslər bunlardır:
Zahidov Rüfət Fərasət oğlu – jurnalist Qənimət Zahidin qardaşı oğlu.
Zahidov Rövşən Ağazahid oğlu – jurnalist Qənimət Zahidin qohumu.
Həsənov Tofiq Xasay oğlu – satirik şair.
Ağabəyov Nazim Mais oğlu – Meydan TV-nin rəhbəri Emin Millinin qaynı.
İmanov Raci Vəzir oğlu – yazar Günel Mövludun qardaşı.
İmanov Vəkil Vəzir oğlu – yazar Günel Mövludun qardaşı.
Həsənli Günel Cəmil qızı – Milli Şuranın sədri Cəmil Həsənlinin qızı.
Qərhəmanlı Fuad – Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini.
İbrahim Məmməd Əziz oğlu – AXCP sədrinin müşaviri.
Bağırzadə Zeynalabdin Bağır oğlu – AXCP-nin Naxçıvan fəalı.
Mahmudov Nazim Əzim oğlu – AXCP-nin Naxçıvan fəalı.
Məmmədov İsmayıl İsax oğlu – Nurçu.
Səbzəliyev Rəvan Hakim oğlu – Nurçu.
Hacıyev Eldəniz Balamət oğlu – Nurçu.
Həsənov Şahin Muxtar oğlu – Nurçu.
Məmmədov Zəkəriyya İsax oğlu – Nurçu.
Qeyd edək ki, hüquq müdafiəçisi Leyla Yunus, onun həyat yoldaşı politoloq Arif Yunus azadlığa çıxdıqları üçün onların adları siyahıdan çıxarılıb.
Müsəlman Hərəkatı Birliyinin rəhbəri, ilahiyyatçı Tale Bağırzadə bu ilin iyul ayının 30-da azadlığa çıxsa da, noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat zamanı yenidən həbs edilib. Onunla yanaşı 30-dan çox şəxsin həbs edildiyi, həbs edilən zaman onlara, xüsusilə də Taleh Bağırzadəyə işgəncələr verildiyi bildirilir.
Bu işlə bağlı rəsmi qurumlar tərəfindən obyektiv məlumat verilmədiyi, vəkilinin Taleh Bağırzadə ilə görüşməsinə şərait yaradılmadığı üçün baş verənlərlə bağlı İşçi Qrupu ətraflı məlumat toplaya bilməyib. İşçi Qrupu Tale Bağırzadənin işini ciddi nəzarətdə saxlayır və bu işlə bağlı müşahidələrini, araşdırmalarını davam etdirir.
Xatırladaq ki, qeyd olunan vahid siyahı hüquq müdafiəçiləri – hazırda həbsdə olan vicdan məhbusu Rəsul Cəfərovun və bu günlərdə azadlığa buraxılmış Leyla Yunusun hazırladığı siyasi məhbuslar siyahılarının birləşdirilməsi nəticəsində yaranıb.
Siyasi məhbuslar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 3 oktyabr 2012-ci il tarixli 1900 saylı Qətnaməsində təsbit edilmiş kriteriyalar əsasında müəyyən edilib.
Xeyli sayda yerli və beynəlxalq təşkilatlar bu siyahını Azərbaycanda siyahı məhbusların vahid siyahısı kimi qəbul edib”.
Siyasi Məhbusların Vahid Siyahısını hazırlayan İşçi Qrup