ABŞ, İki tərəfli qarşılıqlı razılaşmalar əsasında, Fətullah Güləni Türkiyəyə qaytaracaq.
AranNews- bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Çavuşoğlu Ədliyyə Nazirliyinin bu istiqamətdə başlatdığı işlərin başa çatmasını gözlədiklərini qeyd edib. Türkiyənin baş diplomatı nazirlik olaraq bu məsələni yaxından izlədiklərini bildirib.
“Bizim Amerika ilə bu barədə razılaşmamız və əməkdaşlığımız var. Onlardan bir tələb olanda biz yerinə yetiririk, onlar da bizim tələblərimizi yerinə yetirirlər. Razılaşmalarımız və Qırmızı Bülletenin rəsmi tələbi ilə Amerikanın ekstradisiyanı həyata keçirməyini gözləyirik. Bizim tələbimiz Gülənin Amerika torpaqlarından çıxarılması yox, Türkiyəyə qaytarılmasıdır. Çünki hazırda Türkiyədə Fətullah Gülən barədə qaldırılmış məhkəmə iddiaları və verilmiş qərarlar var. Hüquqa uyğun verilmiş bu qərarlarla tələbimizi irəli sürürük. Yəni, bizim tələbimiz Türkiyəyə ekstradisiyası, istintaqın burda olması, burda mühakimə olunması və prosesin tam formada işləməsidir.” – deyə Çavuşoğlu bildirib.
Bir müddət əvvəl Türkiyədə hazırlıq kurslarının bağlanması istiqamətində qanun layihəsi hazırlıqları başlayarkən Fətullah Gülən qrupu ilə Ərdoğanın rəhbərlik etdiyi AKP hökuməti arasında gərginlik yaşanmışdı. 2013-cü il dekarın 17-də Fətullah Gülənə bağlı bəzi polislər baş nazir və daxili işlər nazirlərinə xəbər vermədən ölkədə rüşvət və korrupsiya əməliyyatı keçirirlər. Hakimiyətə yaxın mətbuorqanların yazdıqlarına görə bu əməliyyatlar zamanı əsas məqsəd dövlət çevrilişi olsa da buna müvəffəq olunmayıb.
Bundan sonra Türkiyə Daxili İşlər Nazirliyi axtarışda olan terrorçuların siyahılarının dərc olunduğu sayta “FETÖ” (Fetullahçı Terror Örgütü) və “PDY” (Paralel Dövlət Yapılanması) təşkilatlarının lideri kimi Fətullah Güləni də daxil etmişdi.