Tarix : 2015 Dec 30
Kod 47399

Azərbaycanda banklarla vətəndaşlar arasında qarşıdurma

Sonuncu devalvasiya ölkənin bütün sektorlarına ciddi zərbə vurmaqda davam edir.
AranNews- Banklarda əhalinin əmanətlərilə bağlı biabırçı vəziyyət yaranıb. Insanlar banka qoyduğu əmanətləri geri almaqda əməlli-başlı çətinliklərlə üzləşib. Təkcə dollarla deyil, manatla qoyulan əmanətləri də banklar geri qaytarmaq istəmir. Eləcə də müxtəlif yerlərdən olan pul köçürmələrində də problemlər yaranıb.
Yaranmış problemi hüquqi baxımdan şərh edən hüquqşünas Ələsgər Məmmədli deyir ki, bankla müştəri arasındakı müqavilə öhdəlikləri Mülki Məcəllə ilə tənzimlənir. Müştərinin depozitə qoyduğu əmanətin vaxtı çatıbsa, yaxud faizinin vaxtıdırsa və müqavilədəki bütün şərtlərə əməl olunubsa, bankın müştəriyə əmanəti verməməsi yolverilməzdir: “Istənilən halda vətəndaşın bununla bağlı bankları məhkəməyə vermək, dəyən mənəvi ziyanın kompensasiyasını tələb etmək hüququ var. Lakin ölkənin məhkəmə sistemində banklarla bağlı ciddi qanun pozuntularına yol verilir. Bu cür məsələlərdə, hətta Konstitusiya Məhkəməsi səviyyəsində banklar müdafiə olunur”.
Azərbaycandakı bankların bu və ya digər formada hakimiyyətdə təmsil olunan oliqarxlara bağlı olduğunu deyən Ələsgər Məmmədlinin sözlərinə görə, məhkəmələr banklara qarşı mübahisələrdə əksər hallarda vətəndaşların xeyrinə qərar çıxarmır: “Ölkə vaxtında Ümumdünya Ticarət Təşkilatına qoşulsaydı, burda çeşidli, rəqabətə qabiliyyətli xarici banklar işləyərdi. Nəticədə yerli bankda problem yaşayan əhali onu xarici bankla əvəzləyə bilərdi. Lakin vətəndaşa seçim imkanı verilməyib və ona görə də bəlli problemlər yaşanır”.
  • Yazılıb
  • da (də) 2015 Dec 30
  • Göndərən مدير سايت Aran News