Tarix : 2016 Jan 01
Kod 47423

Bu yazı Sizi təəccübləndirməsin

Manat ucuzlaşdıqca çörək kiçilib çoban kömbəsinə bənzəyir

kəndli təsərrüfatları sözün tam mənasında çöküb, bir zamanlar bütün xalqı çörəklə təmin edən Azərbaycan kəndlisi indi özü çörək axtarır.
AranNews- Maliyyə və iqtisadi böhran birinci kəndi vurub. Bilirsiniz ki, 2015-ci il kənd təsərrüfatı ili elan olunmuşdu. Bu gün ilin sonuncu günü kənd təssərüfatının iflası göz qabağındadır. Kəndlinin halı ürək parçalayır. Süfrəsi bol çörəkli əkinçi bu gün unu satın alır. Əvvəl 18-19 manata olan bir kisə un indi 28 manat qalxıb. Çörəyin qiymətini qaldıra bilməyən çörəkçilər onun çəkisindən kəsməklə vəziyyətdən çıxmaq istəyirlər. 600-800 qramlıq çörəklər manatın dollar məzənnəsi qalxdıqca kiçilib çoban kömbəsinə bənzəyir. Dünən “dollar qalxır qalxsın, mənim dollarım yoxdur ki, narahat olam” düşüncəsi ilə yaşayan kəndlinin çörək kiçildikcə həyəcanı da artır. Aclığın psixoloji xofu sabaha ümidsizlik, ağır sarsıntılar yaradır. Təknəsi boş evlər suyu sovrulmuş dəyirmanı xatırladır. Fövqəladə tədbirlər görülməsə ölkəni çörəklə təmin etməli olan kəndin aclığı qaçılmazdır.
Nə olub, nə baş verib? Azərbaycan kəndi böhranın birinci həmləsindən niyə bu vəziyyətə düşüb? Min illər boyu ölkənin tək çörək deyil, əsas həyat mənbəyi olan torpaq niyə gəlirsiz sahəyə çevrilib? Bunun birinci səbəbi hakimiyyətin yarıtmazlığı, məsul şəxslərin bacarıqsızlığı, yüksək vəzifə sahiblərinin acgözlüyü ilə bağlıdır. Kənd təsərrüfatı məhsullarının idxalı üzərində möhtəşəm monopoliya qurub, ərzaq idxalından görünməmiş vəsait mənimsəyənlər kəndi böyük fəlakətlə üz üzə qoydular. Kəndliyə zaman-zaman illik 25-26 faizlə kredit verib onu bankların əsarətinə salanlar kəndin fatihəsini də bu faizlərlə oxudular. İndi kənddə kredit borcu olmayan tək-tük ailələrə həsəd aparırlar. Artıq 7-8 ildir ki, kəndli təsərrüfat ehtiyacını ödəmək üçün deyil, əvvəlki kreditləri bağlamaq üçün bankların ağır şərtlərinin altına girirdi. Bu daimi ola bilməzdi, böhran riskin dərəcəsinə hesablanmış mənzərəni bütün çılpaqlığı ilə ortaya qoydu. Bir vaxtlar üstünü unlu görüb adının dəyirmançı çağrılmasından rəncidə olan Azərbaycan kəndlisi indi gözümüzün qabağında yüksək vəzifə sahibləri olan administratorların, nazirlərin, icra başçılarının, deputatların dəyirmanında üyüdülürlər. Niyə acdır Azərbaycan kəndlisi?
Kənd təsərrüfatı ilində ölkəyə meyvə-tərəvəz idxalı ötən illə müqayisədə 130 faiz artıb, indi bankların qarşısında növbəyə düzülüb dollar üçün lalan gedən bir ölkədə 27 milyon Amerika dolları ancaq meyvə-tərəvəz idxalına sərf olunub. Azərbaycan kəndlisinin min bir əziyyətlə kartof yetişdirib dəyər-dəyməzinə satdığı məmləkətdə kənd təsərrüfatı ilində kartof idxalı 2 dəfə artıb. Ölkənin bu qədər taxıl sahələri ola-ola əhalinin taxıla olan ehtiyacları niyə idxal hesabına ödənilməlidir? Hələ 2008-ci ildə qəbul edilmiş 7 illik “Dövlət Ərzaq Təhlükəsizliyi Proqramı”na görə 2015-ci ildə ölkədə taxıl istehsalı 2,8 milyon tona çatdırılmalı idi. Halbuki, bu proqramın qəbul edilməsindən bir il əvvəl, yəni 2007-ci ildə ölkəyə təxminən 700-800 min ton buğda idxal olunurdusa, indi bu rəqəm 2 dəfə artıb. Əgər 7 il sonra da əhalinin taxıla olan tələbatı və 750 min tondan ibarət Ehtiyat Taxıl Fondu yalnız idxal hesabına ödəniləcəkdisə ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı qəbul olunmuş təntənəli proqramın nəticələri nədən ibarətdir? Bircə şeyi aydınlaşdırmaq lazımdır. Azərbaycan dövləti, onun çeşidli idarələri Azərbaycan fermerindən, əkinçisindən niyə taxıl almır? Bu məsələdən söz düşəndə 10-15 ildir ən yüksək səviyyədə əsaslandırmağa çalışırlar ki, ölkədə istehsal olunan taxıl quş dənidir, heyvan yemidir, həmin buğda insan qidası üçün yararsızdır. Əgər bu qədər dənli bitkilər heyvan yemidirsə, onda niyə indi ölkənin əyalətlərində oturaq həyata keçmiş bir baş malı saxlamaq bir nəfər insanı saxlamaqdan daha baha başa gəlir və nəticədə bu ölkənin kənd uşağı da artıq paraşok südü içir? Yaxşı bir il, iki il, üç il belə oldu, bəs on beş ildir hökumət, onun kənd təsərrüfatı nazirliyi, nazirliyin çeşidli institut və idarələri vəziyyətdən çıxış yolu niyə aramır, Azərbaycan taxılını niyə standartlara uyğunlaşdırılmasın təmin etmir? Axı necə ola bilər ki, bir vaxtlar Ukraynadan sonra Sovetlərin ikinci taxılçılıq respublikası olan Azərbaycanda əkilib-biçilən taxıldan bişirilən çörəyin nəyinki özü, hətta ətri insanları altı ağaclıq məsafədən məst etdiyi halda, bu gün o quş dəni, heyvan yemi səviyyəsinə düşsün? Necə olur ki, Arazın o tayında, Muğan düzündə yetişdirilən taxıl bütün İranı çörəklə təmin edir, amma bu tayındakı bizim Muğan düzünün taxılı quş dəni olur? Bəlkə, günah əkinçidə deyil, taxılda deyil, hökumətin biganəliyində, idxaldan böyük pullar mənimsəyən məmur işbazların iştahasında, müvafiq sahəyə rəhbərlik edənlərin, bu işlə məşğul olanlar qeyri-peşəkarlığındadır? İndi hər şeyin hesabı aparılan məmləkətdə kənd təsərrüfatı naziri belə hesabdardır.
Yaranmış vəziyyətin səbəblərini bu sahədə həm elmi, həm əməli təcrübəsi olan bir mütəxəssisdən soruşduqda çox sadə izahını verib dedi ki, əgər ölkənin müvafiq nazirliyində vələmirlə çovdarın fərqini bilən bir mütəxəssis yoxdursa siz ayrı nə gözləyirsiniz? 2014-cü illə müqayisədə dünyada ətin qiyməti 23%, bitki yağı, taxıl 16%, süd məhsulları 15%, şəkər isə 10 faiz aşağı düşüb. Bu ilk növbədə dünyada enerji daşıyıcılarının qiymətinin düşməsi ilə bağlıdır.
Hazırda dünyada elə bir qida məhsulu, kənd təsərrüfatı avadanlığı yoxdur ki, qiyməti enməsin. Bizdə isə əksinə, bahalaşmanın sonu görünmür. Niyə? Çünki idarəçilərin tamahı, əyri yollarla millətin cibinə girmək xisləti ölkəni dünya bazarından, Ümumdünya Ticarət Təşkilatından təcrid olunub. Qiymətlər nazir oliqraxlar tərəfindən müəyyən olunur, hökumətin, dövlətin üst düzeyində təmsil olunanlar tərəfindən monopoliya adlı ölüm kəndiri keçirilib bu millətin boğazına Ona görə də, dünyada ucuzlaşma getdiyi bir halda bizdə qiymətlər günbəgün artır, bazar od tutub yanır. Özünə nəzarət edə bilməyənlər bazara nəzarət edirlər. İnzibati nəzarət, qanunsuz idxal, hüsüsüz monopoliya yerli istehsalın nəfəsini kəsdi.
Yerli istehsalın olmaması, qiymətin üzərinə oturan rüşvət, vəzifəli şəxslərin yaratdığı monopoliyanın nəticəsi kimi Azərbaycan vətəndaşının cibinə kəsilən hesab quduz qiymət siyasətini doğurub. İllər keçir rayonlarda normal bir emal müəssisələri yaradılmadı, kəndlərdə infrastruktur qurulmadı. Əkin-biçin üçün gərəkli olan toxum-texnika Azərbaycan kəndlisinə verilmədi, su hövzələri üzərində icra başçıları mirablıq etməyə başladılar. Kərbəla müsibəti dövründə Fəratdan su götürmək yayın istisində əkinəcəyini xilas etmək üçün Azərbaycan kəndlisinin yaxınlıqdakı çaydan, göldən, kanaldan bir damla su əldə etməsindən daha asan idi. Rayonlarda bütün münbit torpaqlar, dağlardan düzlərə doğru uzanan çay sahillərinin su altı yerləri icra başçılarının, nazirlərin və digər vəzifəli şəxslərin əlinə keçdi.
Keçmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarovun keçi ferması saxladığı bir məmləkətin dövlət sirri, təhlükəsizlik dəyərləri keçi qiymətinə satılar, günah keçisinə döndərilən vətəndaşın qursağı yağ bağlamaz, çobanı təkədən pendir tuta bilməzdi. İl ərzində ət idxalına tətbiq edilən rüşvətin həcmi heyvanların özünü belə heyrətə salmışdı. Gürcüstandan idxal olunan bir baş davara gürcü tərəfi 2 dollar gömrük rüsumu aldığı halda, Azərbaycan tərəfi çarvadarlıqla məşğul olan heyvan alverçilərindən hər baş qoyuna 54 dollar, gürcü tərəfi bir baş mala 6 dollar gömrük rüsumu aldığı halda, Azərbaycanın iri vəzifəli məmurları bir baş iri buynuzlu mal-qaraya diri çəkisindən asılı olaraq 160-200 döllar arası torpaq basdı alırdılar. Bunu bəyəm ölkəni idarə edənlər, can üstündə olan kəndliyə işıqlı gələcək vəd edənlər, çeşidli proqramlarla bu millətin başını qatanlar, ərzaq təhlükəsizliyi haqqında təntənəli bəyanatlar verənlər bilmirdilər. Belə məmləkətdə əlbəttə ki, ət bazarı, onun üzərində oturan restoran və kafelərdə qiymətlər od tutub yanacaq, hesab ödəyəni yandıracaq, şadlıq evlərində bir stolun qiyməti kəllə çarxa çıxacaq, hüzur məclisində millət ölüsünə yox, öz halına ağlayacaq. Yarıtmaz idarəçiliyin, tamahı ağlından iti başçıların, mədəsi beynindən aktiv çalışan vəzifəlilərin idarə etdiyi bir məmləkətin kənd təsərrüfatı ilində bu vəziyyətə düşməsi labüd idi.

  • Yazılıb
  • da (də) 2016 Jan 01
  • Göndərən مدير سايت Aran News