İlham Əliyevin IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsi sübut etdi ki, insan hüquqlarının pozulduğunua görə Azərbaycan rəsmilərinə sanksiya qoyulması üçün Konqresə təqdim olunan layihə iddiadan başqa bir şey deyil.
AranNews- Redaksiyamızın verdiyi xəbərə görə “Report” saytı yazıb: Obamanın İlham Əliyevi Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etməsi sübut etdi ki, insan hüquqlarının pozulduğunua görə Azərbaycan rəsmilərinə sanksiya qoyulması üçün Konqresə təqdim olunan “Azərbaycan Demokratiya aktı” layihəsi iddiadan başqa bir şey deyil.
“Rusiya, İran və Ermənistanda atom stansiyaları olduğundan, Azərbaycanın da narahatlığı başadüşüləndir. ABŞ prezidenti Barak Obama martın 31-i və aprelin 1-də keçiriləcək sammitə Azərbaycan Prezidenti İlham Əliyevi dəvət edib. Ağ Evin indiki sahibinin göndərdiyi dəvətdə deyilir: "Azərbaycan qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirir".
“Report” yazır: Seulda keçirilən zirvə toplantısındakı çıxışında İlham Əliyev Azərbaycanın nüvə təhlükəsizliyi məsələlərinə münasibətini belə açıqlamışdı: "Azərbaycan qlobal nüvə təhlükəsizliyinə mühüm əhəmiyyət verir və Beynəlxalq Nüvə Terrorçuluğu Aktlarının Aradan Qaldırılması Konvensiyası və Nüvə Materiallarının Fiziki Qorunması kimi mühüm beynəlxalq sazişlərə qoşulub. Azərbaycan nüvə təhlükəsizliyini təmin edən norma və standartların formalaşdırılması işində Beynəlxalq Atom Enerjisi Agentliyinin oynadığı rolu vacib hesab edir. Ölkəmiz nüvə təhlükəsizliyinin müxtəlif aspektləri ilə bağlı Agentliklə uğurlu əməkdaşlıq qurmuşdur. Biz mövcud uğurlu əməkdaşlığı 2008-ci ildə təsis etdiyimiz Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi vasitəsilə daha da genişləndirmək əzmindəyik”.
İ. Əliyev təkid edib: “Nüvə silahının yayılma təhlükəsini və coğrafi mövqeyimizi nəzərə alaraq, Azərbaycan ərazisindən nüvə qaçaqmalçılığı üçün tranzit marşrutu kimi istifadə edilməsi hallarının qarşısının alınmasına xüsusi əhəmiyyət verir. Azərbaycan beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək yüksək standartlara əsaslanan möhkəm qanunverici baza vasitəsilə ixraca nəzarət üçün güclü sistem yaratmışdır. Bu sistem nüvə qaçaqmalçılığının qarşısının alınmasında özünü etibarlı mexanizm kimi doğruldur”.
Sayt nüvə silahlarına nəzarət məsələsində Azərbaycanın ABŞ üçün əhəmiyyətli olmasına da toxunaraq deyib: Bu dəvət isə ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit tərəfindən Konqresə təqdim olunan anti-Azərbaycan xarakterli “Azərbaycan Demokratiya aktı” layihəsi adlı sənədin tam şəkildə iflası da sayıla bilər.
Report təkid edib: Həm də bu dəvət sübut etdi ki, iki dövlət bir-birinin müttəfiqidir. Başqa sözlə, rəsmi Vaşinqtonla rəsmi Bakı arasında münasibət heç də yayılan xəbərlər səviyyəsində kəskin deyil, əksinə, daha yaxındır. Yəni vəziyyəti kəskinləşdirmək istəyənlərin avantürası baş tutmadı.