Məmurların xarici ölkələrdəki dəbdəbəli kurortlarda son istirahətləri daha çox diqqət cəlb elədi.
AranNews- Prezidentin yerlərdəki nümayəndələri bayram günləri bahalı kurortlarda dincəliblər; indiki həssas dönəmdə rəsmi məzuniyyəti olmayan və PA-dan icazə almayan məmurların siyahısı tutulur; belələrinə ağır cəzaların veriləcəyi gözlənilir
Azərbaycan məmurlarının vaxtaşırı xarici ölkələrə baş çəkmələri sirr deyil. Orta və iri ranqlı məmur heyəti ildə bir neçə dəfə xarici ölkələrə bahalı turist səfərləri edirlər. Bu səfərlər zamanı onların əcaib paralar xərcləməsi haqda indiyədək yerli və beynəlxalq media çox yazıb.
İllərdir ki, Azərbaycana başgicəlləndirən neft pullarının axını məmurlarımızın xaricdə mal-mülk almalarına, orada özlərinə Azərbaycanda əldə etdikləri vəsaitlər hesabına biznes qurmalarına yol açıb. Məmurlar ölkədə böyük pullar qazanıblar, qüdrətli olublar. Lakin ölkəni güclü, qüdrətli etməyə həvəs göstərməyiblər. Hətta ölkədə istirahət etməyi belə özlərinə ar biliblər.
Artıq neft erası arxada qalıb. Fikirləşmək olar ki, daha məmurlarımız bu cür dəbdəbəli həyatlarına bir az redaktələr edəcəklər. Amma nə fayda... Özlərini 5 il əvvəl olduğu kimi aparırlar. Sanki 2010-cu ildir və ölkəyə dollar axını davam edir...
2015-ci ilin dekabr ayının 21-də baş verən devalvasiya Azərbaycanda ictimai mühitdə gərginlik yaradıb. Belə bir gərgin durumdan istifadə edib ölkəmizi qarışdırmaq istəyən xeyli qüvvələr mövcuddur. Bu qüvvələr xalqın hökumətə yaranmış narazılığını özlərinin iyrənc maraqları naminə qullana, xalqla iqtidarı üz-üzə qoya bilərlər. Bu təhlükə haqda artıq rəsmi şəxslər də müəyyən narahatlıqlar bildirirlər.
İndi təsəvvür edin, bu cür həssas bir məqamda əksər icra başçısı eyş-işrətindən qalmayıb. İqtidarın, xalqın ciddi çətinliklə üzləşdiyi dönəmdə Avropanın və Asiyanın bahalı kurortlarında dincəlməyə gediblər.
Bizə çatan məlumatlara görə, dekabrın sonlarından ölkəni tərk edən məmurların əksəri hələ də xaricdə istirahət edir. Aralarında icra başçılarının da olduğu bu heyət ölkədə vəziyyətin pisləşməsini, gərginliyin artmasına veclərinə almır.
Məmurların xarici ölkələrdəki dəbdəbəli kurortlarda son istirahətləri daha çox diqqət cəlb elədi. Sanki ölkədəki iqtisadi böhran məmur təbəqəsinə aid deyil. Xatırladaq ki, parlamentin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli ölkədə baş verən iqtisadi proseslərlə əlaqədar məmurlara çağırış etmişdi. Əli Hüseynli maraqlı bir təklif səsləndirərək, dövlət məmurlarını ölkədə istirahət etməyə üstünlük verməyə çağırmışdı: “İndi elə məqamdır ki, rəsmi şəxslər nə qədər çox Azərbaycanda olsalar, bir o qədər yaxşıdır. İstirahəti də Azərbaycanda etmək lazımdır. Əgər rəsmi, vəzifəli şəxslərə vizalar verilməsə, ölkəmiz daha çox qazanar. Yəni demək istəyirəm, bu, hamımız üçün yaxşı olar. Azərbaycanda turizmi inkişaf etdirmək lazımdır. Rəsmi şəxslər istirahətlərini ölkəmizin gözəl guşələrinin birində etməlidir. Turizm sahəsi harada yaxşı deyilsə, düzəltsinlər”.
O da məlumdur ki, məmurlar, xüsusən icra başçıları istirahət yeri kimi tez-tez Karlovı Varı kurortlarına gedirlər. Çexiyanın gecə barları, kazinoları, azartlı oyun mərkəzləri zəngin məmurlarımızı maqnittək özünə çəkir.
Bizə Yeni il tətilini Karlovı Varıda və başqa dəbdəbəli kurortlarda keçirən bir neçə icra başçısının adı məlum olub. Bu sırada İmişlinin icra başçısı Vilyam Hacıyevin, Salyanın icra başçısı Tahir Kərimovun, Gəncənin icra başçısı Elmar Vəliyevin, Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun, Masallının icra başçısı Rafil Hüseynovun, Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun, Xətainin icra başçısı Razim Məmmədovun, Kürdəmirin icra başçısı Ceyhun Cəfərovun adları öndə gəlir.
Bir neçə başqa icra başçısının adı bizə məlumdur, sadəcə, dəqiqləşdirmələrimiz başa çatmadığı üçün onları siyahıya salmadıq. Lakin növbəti saylarda ölkəni özbaşına tərk etmiş məmurların da haqqında geniş yazacağıq.
Ölkə iqtisadi fəlakətlə üz-üzə olduğu bir vaxtda, ölkə prezidentinin belə Yeni il tətilini ölkədə keçirdiyinə rəğmən icra başçıları tətili xalqla yox, xaricdə keçirirlər.
Bu məmurlar prezidentin yerlərdəki nümayəndələridir. Ölkə başçısı ayrı-ayrı rayonları bunlara etibar edir. Məmurlar da, maşallah, etimadı bu cür “doğruldurlar”.
Bizə çatan məlumatda o da bildirilir ki, rəsmi məzuniyyəti olmadığı halda ölkəni və postunu tərk etmiş icra başçılarının siyahısı hazırlanır, onlara bu özbaşınalıqlarına görə ağır cəzaların veriləcəyi gözlənilir. /musavat.com