AranNews- Nardaran hadisələrinə şahid olmuş, məlum səbəblərdən adı açıqlanmayan şəxs Arannews-la söhbətdə deyib:
Bu hadisələrin kökü biganə ölkələrin müdaxilələrindədir. Azərbaycan hökuməti hicab qadağası, məscidləri dağıtmaqla xalqı təhrik etdi. Din təbliğatçılarını həbs etməklə xalqı qorxutmaq istədilər. Mesaj verdilər ki, kim hakimiyyətə qarşı qalxsa, həbs ediləcək...
Bəzi informasiya şəbəkələrində Hacı Tale Bağırovun adı Əl-Qaidə başçısı Molla Ömər, İŞİD başçısı Əbubəkr Əl-Bağdadinin adı ilə yanaşı çəkildi. Amma hamıya aydındır ki, Molla Ömər və Əl-Bağdadi təkfirçi, vəhabi cərəyanı təmsil edir. Azərbaycan hakimiyyəti bilərəkdən terrorçularla yanaşı şiə ruhanisi Hacı Talenin adını çəkir...
Nardaran hadisələri əvvəlcədən hazırlanmış layihə idi. Onlar həqiqi dindarları radikal damğası ilə meydandan uzaqlaşdırmaq istəyirdilər. Hacı Tale Bağırov Nardaran hadisələrindən qabaq 2 dəfə həbsdə olub. Hakimiyyət bu dəfə də onu səs-küysüz həbsə ala bilərdi. Bir neçə il öncə sələfilərə qarşı əməliyyatda bir polis əməkdaşı öldürüldü, amma bunu gizlədilər. Nardaranda isə iki polis əməkdaşı təhlükəsizlik qüvvələri tərəfindən öldürüldü. Heç bir şiə namaza silahla getmir. Nardaranda hadisə namaz vaxtı baş verib və möminlərin silahı olmayıb. Onlar bilsəydilər hücum olacaq sakitcə namaza məşğul olmaz, ən azı qaçardılar. Biz o iki polisi də şəhid adlandırırıq. Məgər insan öz öldürdüyü adamı şəhid adlandırarmı?!
Hacı Tale qətiyyən razı deyildi ki, iğtişaş yaransın. Nardarana gedəndə də demişdi ki, bizi həbs etsələr, bu vəhdətimizə görədir. Çünki bizim yolumuz vəhdətdir.
Bir müddət əvvəl Sumqayıtda bir sələfidən bir anbar silah tutuldu Ona cəmi 6 ay həbs verdilər. Amma şiə ruhaninin evinə özləri silah atıb, onu uzunmüddətə həbsə alırlar.
Polis və təhlükəsizlik qüvvələri Nardarana gizli şəkildə, zibil maşınlarında daxil olublar. Əvvəlcə dindarları şəhid edib, sonra hacı Tale və başqalarını tutublar. Hacı Tale tutulandan sonra da Nardarandan əl çəkməyiblər. Nardaranın küçələri 14 məsumun adını daşıyır. Nardaran elə bir yerdir ki, Səddam Təbrizi bombalayanda bu qəsəbə həmdərdlik nümayiş etdirib.
Hazırda dindarların ruhiyyəsi yüksəkdir. Təbriz, Türkiyə, Rusiya şiələrinin mənəvi dəstəyi təsirlidir.
Nardaranda İmam Hüseyn bayraqları endirilib, yerinə Azərbaycan bayrağı taxılıb. Hansı ki Nardaranda hər iki bayraq var idi. Azərbaycan bayrağını Nardaranda İmam Hüseynin bayrağının yerinə sancmaq qəhrəmanlıq deyil. Bu bayrağı Şuşada, Qarabağda qaldırmaq lazımdır. Nardaranda hacı Talenin olduğu evdə də Azərbaycan bayrağı vardı. Amma bəziləri yazır ki, guya Nardaranda Azərbaycan bayrağı təhqir olunub.