Azərbaycan prezidenti, Nazirlər Kabinetinin sonuncu iclasında geniş nitq söylədi və müxtəlif strukturlardakı vəziyyətdən danışdı.
AranNews- Bildiyiniz kimi Azərbaycan prezidenti, məlum müşavirədə Rabitə Nazirlliyinin fəaliyyətini də ciddi tənqid edib və bu sahədəki qanunsuzluqlardan danışıb.
Ardınca isə ölkə başçısı belə deyib: “Yoxlamalar göstərir ki, bu vəsaitdən vicdansızlıqla istifadə olunub. Burada israfçılıqdan söhbət getmir, burada böyük cinayətdən söhbət gedir. Indi prokurorluq ciddi məşğuldur. Bir malın qiyməti bir neçə dəfə şişirdilir – 3 dəfə, 4 dəfə. Bu, cinayətdir, vicdansızlıqdır, dövlətə xəyanətdir və bu əməlləri törədən insanlar indi məsuliyyətə cəlb olunurlar və bu, hamıya dərs olmalıdır, bütün qurumlara da dərs olmalıdır”.
Bəli, ölkə başçısı açıq şəkildə bildirir ki, vicdansızlıq hökm sürür. Bundan əvvəl ölkə başçısı eyni sözləri dərman mafiyası haqqında bildirmişdi. Daha əvvəl harın məmur övladları barəsində demişdi. Nəqliyyat sektorunda, Ədliyyə sistemində, Gömrük sistemində də qanunsuz halların olduğunu və günahkarların cəzalanacağını vəd etmişdi. Vergilər Nazirliyinin əsassız yoxlamlar aparıldığını, sahibkarlardan lazımsız lisenziyalar tələb edildiyini bildirmişdi. Son müşavirədə eyni zamanda monopoliyaların ləğv edilməsinə, işbazların cəzalanmasına da toxundu.
Göründüyü kimi Əliyev dövlətin əsas bel sütunu olan sahələri haqqında ən ağır ittihamları səsləndirib. Yəni, ölkə başçısı etiraf edir ki, MTN-də, Rabitə Nazirliyində, Gömrükdə, Vergilərdə, Səhiyyədə və digər sahələrdə vicdansızlıq baş verir. Qiymət artıran, monopoliya yaradan işbazlardan danışdı ki, bunların kimliyi hər kəsə məlumdur. Bu ölkədə heç bir sahibkar qiymət artımaq, monopoliya tətbiq etmək iqtidarında deyil. Deməli, işbazlar məhz iri məmurlardı.
Əslində, Ilham Əliyevin hər dəfə müşavirələrdə müxtəlif strukturlardakı neqativ hallardan danışması, hökumətin mahiyyətini ifadə edir. Deməli, hökumət komandası bütün sahələri iflic edib və 22 ildir ölkə başçısı bundan xəbərdardı. Hər dəfə ölkə başçısı “dəfələrlə tapşırıq vermişəm” ifadəsini işlətməklə, həm də heç bir tapşırığıa əməl edilmədiyini təsdiqləyir. Indiki ağır mərhələdə isə biabırçı vəziyyət aydın görünür və bunu danmaq da qeyri-mümkündür.
Bir sözlə, ölkə başçısı xalqa çatdırdı ki, analoqsuz inkişaf edən, regionun lider dövləti olan Azərbaycanda bütün sahələr natəmiz, vicdansız adamlarla doludur və bu proses uzun illərdi davam edir. Həm də ölkə başçısı həmişə bu biabırçı mənzərədən xəbərdar olub. Sadəcə olaraq indi etiraf eməkdən başqa çarə yoxdur. Növbəti müşavirədə yenə də natəmiz, vicdansız adamalardan söhbət açılacaq və onların cəzalanacağı vəd ediləcək.