Xarici qonaqların mühafizəçilərinin Azərbaycana xidməti silahın və onun döyüş sursatının gətirilməsi və aparılması, Xüsusi Dövlət Mühafizə Xidmətinin verdiyi icazə ilə həyata keçirilir.
AranNews- İlham Əliyev 2005-ci il 12 sentyabr tarixli fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
“Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nın üçüncü hissəsinin “Xüsusi icazə verən icra hakimiyyəti orqanı” sütununa “Daxili İşlər Nazirliyi” sözlərindən sonra “Azərbaycana səfərləri zamanı xarici dövlət və hökumət başçılarını, onların ailə üzvlərini, beynəlxalq təşkilatların rəhbərlərini, habelə xarici dövlətlərin və beynəlxalq təşkilatların vəzifəli şəxslərini müşayiət edən həmin dövlətlərin və təşkilatların mühafizə xidmətlərinin əməkdaşları tərəfindən öz xidməti vəzifələrini icra etmək məqsədi ilə xidməti silahın və onun döyüş sursatının Azərbaycana gətirilməsinə və aparılmasına münasibətdə Azərbaycanın Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri əlavə edilib.
Dövlət başçısının imzaladığı digər fərman isə “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahı əldə etməsi, saxlaması və təyinatı üzrə istifadə etməsi Qaydaları”na edilən dəyişikliklərlə bağlıdır. Fərmana əsasən, “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində xidməti və mülki silahı əldə etməsi, saxlaması və təyinatı üzrə istifadə etməsi Qaydaları”na aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilib: Azərbaycana səfərləri zamanı xarici dövlət və hökumət başçılarını, onların ailə üzvlərini, beynəlxalq təşkilatların rəhbərlərini, habelə xarici dövlətlərin və beynəlxalq təşkilatların vəzifəli şəxslərini müşayiət edən həmin dövlətlərin və təşkilatların mühafizə xidmətlərinin əməkdaşları tərəfindən öz xidməti vəzifələrini icra etmək məqsədi ilə xidməti silahın və onun döyüş sursatının Azərbaycana gətirilməsi və aparılması Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi müraciətinə əsasən Azərbaycanın Xüsusi Dövlət Mühafizə Xidmətinin verdiyi xüsusi icazə ilə həyata keçirilir. Xüsusi Dövlət Mühafizə Xidməti həmin xüsusi icazələr barədə Daxili İşlər Nazirliyinə məlumat verir.