Azərbaycanın adı daha bir neqativ hadisədə hallandı. Sanki, hökumət dünyaya xəstə xislət, zərərli vərdişlər ixrac edir.
AranNews- Pis övlad ailənin adına utanc gətirdiyi kimi, bu hakimiyyət də dövlətin imicinə həmişə xələl gətirir. Fakt budur ki, hökumət komandasında fəxr duyulası, cəmiyyətin rəğbət bəslədiyi, insanların hörmətlə qarşıladığı məmur yoxdur. Əksinə, bütün vəzifəlilər mənfi obrazları ilə gündəmə gəlir. Insanlar hökumət komandasına ikrahla yanaşırlar. Çünki, vətəndaş başa düşür ki, vəzifəli şəxslər dövlətə və millətə deyil, öz şəxsinə xidmət edir. Insanlar dərk edir ki, milyarderə çevrilmiş məmurlar bunu oğurluq hesabına edib.
Dəhşətli burasıdır ki, ölkə daxilində biabırçı əməllərlə məşğul olanlar, ölkə daxilində də “şakər”lərindən əl çəkə bilmirlər. Gah eşidirsən ki, hansısa vəzifəli təyyarədə 5-6 kilo quzu qovurması aparırmış, gah xəbər yayılır ki, Mərkəzi Bank Avstriyada korrupsiya əməliyyatları həyata keçirib, gah eşidirik ki, Peterburqdakı konsulumuz əxlaqsız işlərlə məşğuldu və s.
Ən mühümü də budur ki, artıq Azərbaycan məmurları ilə dostluq etmək, hökumət adamları ilə hər hansı əməkdaşlıq qınaq obyektinə çevrilir. Məsələn, Avropa Şurasında müxtəlif ölkələrin təmsilçiləri Azərbaycan nümayəndə heyəti ilə kofe içməyə, yanaşı oturmağa risk etmirlər. Çünki, hökumətimiz o zonalarda da “kürü diplomatiyası” ilə məşğul olub.
Bütün bunları ona görə xatırlatdıq ki, bugünlərdə daha bir biabırçı xəbərlə üzləşdik. Belə ki, Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalovla bağlı bu ölkədə skandal qalxıb. Daha dəqiqi, səfirin həyat yoldaşı Nəzirə Zeynalova ilə bağlı Latviyanın Antikorrupsiya Bürosunda araşdırma başlayıb.
Məlumata görə, diplomatın xanımı sürücülük vəsiqəsi almaq üçün qanunsuz yollara baş vurub. O, Azərbaycan ənənəsindən çıxış edərək, sürücülük vəsiqəsini xüsusi kurs və təcrübə keçmədən, müəyyən məbləğ müqabilində dərhal almaq istəyib. Bu məqsədlə yerli yol hərəkəti təhlükəsizliyi direksiyasının müfəttişlərinə 500 avro təklif edib. Müfəttişlər isə Antikorrupsiya Bürosuna zəng ediblər və Nəzirə Zeynalova saxlanılıb. Qeyd edək ki, Elman Zeynalov xarici siyasət idarəsində 1993-cü ildən çalışır. Əvvəllər Azərbaycanın Ukraynadakı səfirliyində və XIN-in mərkəzi aparatında işləyib. 2005-ci ildə Bolqarıstanda səfir təyin olunub. Sonra isə iş yerini Latviyaya dəyişib.
Nəticə budur ki, azərbaycanlı diplomatın xanımına cinayət işi açılıb və o, rüşvətdə ittiham olunur. Bəli, Azərbaycanın adı daha bir neqativ hadisədə hallandı. Sanki, hökumət dünyaya xəstə xislət, zərərli vərdişlər ixrac edir. Əslində baş verənlər Azərbaycandakı mövcud sistemin mahiyyətindən doğur. Uzun illər insanların təfəkkürünə rüşvətin, korrupsiyanın, qanunsuz əməllərin nomal olduğunu yeridirlər. Ona görə də ölkə vətəndaşı əmindir ki, istənilən ölkədə rüşvət təklif etməklə problemi həll etmək olar. Bu hakimiyyət Azərbaycanın təbliğatını belə aparır. Bütün dünya Azərbaycanı siyasi məhbusların olduğu, seçkilərin saxtalaşdırıldığı, korrupsiyanın tüğyan etdiyi ölkə kimi tanıyır. Məhz buna görədir ki, Azərbaycan qeyri-azad ölkələr siyahısına salınıb.
Sistem öz mahiyyətinə uyğun kadrlar yetişdirir. Bu sistemdə təmiz, vətənpərvər, ləyaqətli insana yer yoxdur.
Qısası, YAP hökumətinin kadrları dayanmadan dövlətin imicini ləkələməklə məşğuldu. Başqa vaxt ləyaqətli adamları dövlətin imicini ləkələməkdə, Azərbaycanın inkişafına kölgə salmaqda ittiham edirlər. Indi isə öz kadrları Azərbaycanın adını ləkələyir və aidiyyəti qurumlar açıqlama verməyə də ehtiyac duymurlar. Bəli, bu hökumətin bütün fəaliyyəti dövlətin imicini korlmağa yönəlib. Ölkə daxilində məmurları vətəndaşı təhqir edir, ölkə xaricində diplomatları dövləti gözdən salır.