Tarix : 2008 May 20
Kod 4761

Tanınmamış Abxaziya lideri Moskvaya danışıqlara gəlir

cənab Baqapş Rusiyanın sabiq prezidenti Vladimir Putinin Abxaziya və Cənubi Osetiya ilə münasibətlər haqda verdiyi məlum fərmanının gerçəkləşdirilməsi məsələsini müzakirə edəcək
Georgia Servisi/Aran Agentliyi
Rusiya mətbuatı yazır ki, Serqey Baqapş Tbilisi ilə Suxumi arasında mümkün razılaşma layihəsini Moskvada müzakirə etmək istəyir
Qeyd olunur ki, cənab Baqapş Rusiyanın sabiq prezidenti Vladimir Putinin Abxaziya və Cənubi Osetiya ilə münasibətlər haqda verdiyi məlum fərmanının gerçəkləşdirilməsi məsələsini müzakirə edəcək.
Bu arada Rusiya mətbuatı yazır ki, Serqey Baqapş Tbilisi və Suxumi arasında mümkün razılaşma layihəsini Moskvada müzakirə etmək istəyir. Düzdür, həm abxaz, həm Gürcüstan tərəfi belə razılaşma layihəsinin mövcudluğunu təkzib edirlər.
Serqey Baqapş və ümumən postsovet məkanındakı tanınmamış ərazilərin separatçı liderləri Moskvaya tez-tez baş çəkən qonaqlardandılar. Bu dəfə cənab Baqapşın Moskva səfəri rəsmən Vladimir Putinin Abxaziya və Cənubi Osetiyayla münasibətlər haqda fərmanının reallaşdırılması kimi konkret mövzuya həsr olunub.
Moskvanın dəstəyi
Xatırladaq ki, 1 ay əvvəl imzalanmış bu fərmana əsasən, Moskva ticari-iqtisadi, sosial, elmi-texniki, mədəniyyət və təhsil məsələlərində Abxaziya və Cənubi Osetiyanın faktiki dövlət orqanları ilə əlaqə quracaq.
Abxaziya və Cənubi Osetiyada fiziki şəxslərə verilən və Rusiya tərəfindən tanınan sənədlər siyahısı təsbit olunur. Göstərilir ki, Moskva Abxaziya və Cənubi Osetiya qanunvericiliyinə uyğun qeydə alınmış hüquqi şəxsləri tanıyır.
İndi cənab Baqapşa görə, bütün bu müddəaların kağızdan real həyata keçirilməsi mexanizmləri müzakirə edilməlidir.
Təhlil
Bu arada Rusiyanın aparıcı nəşrlərindən olan "Kommersant" qəzetinə görə, Moskvada Serqey Baqapş Suxumi ilə Tbilisi arasında mümkün razılaşmanı da müzakirə edə bilər.
Qəzet yazır ki, bu razılaşmanın mümkün müddəalarına görə, Gürcüstan Abxaziyada güc işlətməyəcəyi və Yuxarı Kodoridən öz silahlılarını çıxartmaq öhdəliyini götürür.
Bunun müqabilində bölgəyə gürcü qaçqınlarının qayıdışı başlayır.
Düzdür, həm Tbilisi həm də Suxumu bütün bunları təkzib edirlər.
Ümumən bölgədə güc işlətməmək məqamı Rusiyanın Gürcüstan qarşısında qoyduğu əsas tələbdir.
Duma deputatı Konstantin Zatulinə görə, Moskvanın bütün son addımları Gürcüstanı güc işlətməkdən yayındırmağa yönəlib:
"Rusiya öz sülhməramlılarının sayını artırıb, açıq şəkildə bildirib ki, o bölgədəki vətəndaşlarını istənilən yolla müdafiə edəcək. Hazırkı mərhələdə Rusiya üçün abxaz probleminin hərb yolu ilə həll edilməsinə yol verməmək əsas məqsəddir".
Düzdür, bir sıra müşahidəçilər bildirirlər ki, Rusiya sadəcə ona vəziyyətə hərtərəfli təsir etməyə imkan verən status-kvonu saxlamağa çalışır və Gürcüstana təzyiqin də əsas məqsədi məhz budur.
 
  • Yazılıb
  • da (də) 2008 May 20