Britaniyanın “The Guardian” qəzeti Azərbaycandakı etirazlarla bağlı geniş məqalə yayımlayıb.
AranNews- Aksiya «The Guardian» Azərbaycanda əhalinin vəziyyətinin kəskin pisləşməsi və sosial tələblərlə küçələrə çıxmasından yazır.
“Azərbaycan çoxsaylı etirazlardan sonra una vergini ləğv edib” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:
Ölkədə iqtisadi vəziyyətin pisləşməsi, o cümlədən son aylarda un və çörəyin qiymətinin bahalaşması ilə əlaqədar çoxsaylı etirazlardan sonra Azərbaycan əsas qida məhsullarına tətbiq olunan vergini azaltmaq məcburiyyətində qalıb.
Bu həftə bir neçə rayonda keçirilən etiraz nümayişlərini dağıtmaq üçün həmin rayonlara qoşun yeridilib, aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə olunub. Onlarla etirazçı, o cümlədən bölgələrdəki müxalifət fəalları həbs edilib.
Manatın dollara nisbətdə kəskin dəyərdən düşüb, ölkə əhalisi inflyasiya və işsizliyin səviyyəsinin artmasından əziyyət çəkir və narazılıqlar da bundan başlanıb. Azərbaycanın ixracının böyük hissəsini neft və neft məhsulları təşkil edir. Dünya bazarında neftin qiymətinin kəskin ucazlaşması ilə ölkənin gəlirləri də azalıb və bu da Azərbaycan iqtisadiyyatına zərbə vurub.
Bu ay həmçinin 63 yaşlı kişi banklara kreditləri ödəməyə imkanı olmadığını deyərək, özünü yandırıb.
Hökumət isə çərşənbə axşamı və çərşənbə günü keçirilən etiraz aksiyalarının qanunsuz olduğunu, vətəndaşların konstitusion hüquqlarının müdafiəsi və ictimai təhlükəsizliyin təmini məqsədilə təhlükəsizlik qüvvələrinin asayişi pozanları həbs etdiyini bildirdi.
Cümə axşamı isə Maliyyə Nazirliyi açıqladı ki, xaricdən gətirilən buğdaya tətbiq olunan Əlavə Dəyər Vergisi ləğv olunub və bununla əlaqədar unun, çörəyin qiyməti bu gündən ucuzlaşır.
Bəyanatda çörəyin hansı qiymətə satılmalı olduğu da göstərilib. Əlavə edilib ki, “unu və çörəyi daha baha qiymətə satanlar məsuliyyətə cəlb olunacaq və ciddi şəkildə cəzalandırılacaq”.
Hakimiyyət bölgələrdə etirazların təşkilinə görə müxalifət partiyaları AXCP və Müsavatı ittiham edib. Lənkəranda AXCP və Müsavatın yerli şöbələrinin sədrləri Nazim Həsənli və Iman Əliyev həbs olunub. Onlar razılaşırılmamış etiraz aksiyasında iştiraka görə 1 ay azadlıqdan məhrum edilib. Amma onların heç biri ittihamı qəbul etməyib. Bildiriblər ki, rayonda keçirilən etiraz aksiyasının onlara heç bir aidiyyəti yoxdur.
AXCP-nin gənc fəalı Turan Ibrahim isə yanvarın 13-də Bakıda yaşadığı evin yaxınlığında həbs olunub. Onun qardaşı Toğrul Ibrahimin sözlərinə görə, Turan işdən qayıdarkən 7 nəfər polis əməkdaşı ona hücum edərək, zorla aparıblar. Turan Ibrahim küçədə söyüş söyməkdə ittiham edilib.
Turan Ibrahimin atası Məmməd Ibrahim AXCP sədrinin müşaviridir və o, sentyabrın sonundan xuliqanlıq ittihamı ittihamı ilə həbsdədir. Lakin Məmməd Ibrahim ittihamı qəbul etmir və siyasi motivlərlə həbs olunduğunu bildirir.
Azərbaycanda ötən il bir neçə jurnalist və insan haqları fəalları vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla məhkum olunub. Bu hadisələr fonunda insan haqlarının pozulmasına görə Ilham Əliyev hökumətinin ünvanına tənqidlər də artıb. Beynəlxalq hüquq müdafiəçiləri bildirir ki, Azərbaycanda fəallara qarşı ittihamlar adətən saxta olur. O adamlar müxalif mövqelərinə, hökumətdə yüksək vəzifələrdə təmsil olunan şəxsləri tənqid etdiklərinə görə cəzalandırılırlar. Azərbaycan hökuməti isə ittihamları rədd edir.